DTX-nın illik hesabatında Rusiyanın 2017-ci ildə həyata keçirdiyi, Suxumi və Sxinvalinin sözdə suverenliyinin ləğv olunmasına yönəlmiş bütün tədbirləri sadalayıb " />

DTX: əsas təhlükə – Rusiya işğalı

DTX-nın illik hesabatında Rusiyanın 2017-ci ildə həyata keçirdiyi, Suxumi və Sxinvalinin sözdə suverenliyinin ləğv olunmasına yönəlmiş bütün tədbirləri sadalayıb

Tbilisidə keçirilən Cənubi Osetiya ilə inzibati sərhəddə tikanlı məftil səddinin quraşdırılmasına etiraz aksiyası. İyul, 2015-ci il. REUTERS /David Mdzinarişvili

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin təqdim etdiyi illik hesabatda deyilir ki, Gürcüstanın suverenliyi üçün əsas təhdid ölkə ərazilərinin işğal altında qalması və Rusiya silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə yerləşdirilməsidir.

Hesabatda qeyd olunur ki, Rusiya Abxaziya və Sxinvali regionunun qeyri-formal ilhaqını və bu regionların məqsədyönlü şəkildə təcridini davam etdirir, orada öz hərbi mövcudluğunu dərinləşdirir, qanunsuz olaraq insanları saxlamaqla insan haqlarını pozur və etnik əlamətinə görə yerli əhalinin ləyaqətini alçaldır, bunun da qurbanı gürcü əhali olur. DTX-nın hesabatında deyilir ki, bütün bunlar Dövlət Təhlükəsizlik Xidməti qarşısında duran əsas təhrikdir.

•  2017-ci ildə Rusiya və Abxaziya daxili işlər nazirlikləri birgə “İnformasiya-koordinasiya mərkəzi” yaradıblar;

•   2017-ci il noyabrın 1-də Suxumidə RF Federal Gömrük Xidmətinə tabe olan ixtisaslaşmış gömrük məntəqəsi təşkil olunub;

• Cənubi Osetiya silahlı qüvvələrinin ayrı-ayrı hərbi hissələri RF Müdafiə Nazirliyinə təhkim edilib;

• 2017-ci il aprelin 9-da “referendum” keçirilib və onun nəticələrinə əsasən Sxinvali regionunun adı dəyişdirilərək “Cənubi Osetiya Respublikası – Alaniya Dövləti” [Rusiya Federasiyasının Şimali Osetiya – Alaniya subyektinə uyğun olaraq] adlandırılıb ki, bu da “sonda regionu Gürcüstan dövlətinin ərazisindən tam qoparmaq məqsədilə Rusiya ilə inteqrasiya proseslərini gücləndirir”, – DTX-nın hesabatında deyilir.

• İşğal olunmuş ərazilərin güclü şəkildə Rusiya büdcəsindən maliyyə asılılığı. “2017-ci ildə Rusiyanın Abxaziyanın qondarma dövlət büdcəsinə yardımı təxminən 48 faiz təşkil edib (88 milyon ABŞ dolları), Sxinvali “büdcəsinə” yardım isə təxminən 90 faiz (121 milyon ABŞ dolları) olub”, – hesabatda deyilir.

Gürcüstan Təhlükəsizlik Xidməti hesab edir ki, Rusiyanın bu konkret addımları Suxumi və Sxinvalinin dırnaqarası suverenliyinin mərhələli şəkildə institusional səviyyədə ləğvinə və onlarla imzalanmış “müttəfiq sazişlərinin” praktiki olaraq işə salınmasına yönəlib:

“Tamamən aydındır ki, Moskvanın strateji hədəfi bu ərazilərin de-fakto qurumlarının (sözdə “sərhəd mühafizəsi”, “gömrük xidməti”, “hüquq-mühafizə strukturları”, “hərbi strukturlar” və sairə) xidməti funksiyaları üzərində tam və effetiv nəzarətdən ibarətdir”, – Gürccüstan DTX-nın hesabatında bildirilir.

Hesabatda o da qeyd olunur ki, Suxumi və Sxinvalidə qanunsuz maliyyə əməliyyatları həyata keçirmək üçün münbit şərait var, Rusiya da bundan səmərəli istifadə edir. Gürcüstan DTX-nın hazırladığı sənədə əsasən, Moskva Sxinvalidə açılan Rusiya bankları vasitəsilə Ukraynanın işğal olunmuş əraziləri – Luqanst və Donetsklə qanunsuz maliyyə əməliyyatları aparır.

Gürcüstan DTX öz hesabatını artıq parlamentə təqdim edib.


More on JAMnews