Qaynar nöqtələrdə işləyə bilmək üçün rusiyalı jurnalistin keçməli olduqları barədə şahidin hekayəti" />

Döyülmələr və təhqirlər: Rusiyada hərbi jurnalistləri necə hazırlayırlar

Qaynar nöqtələrdə işləyə bilmək üçün rusiyalı jurnalistin keçməli olduqları barədə şahidin hekayəti

Rusiyada xüsusi diplomu olmayan jurnalistlərin münaqişə zonalarında işləməsini qadağan edən qanun qüvvəyə minib. «Mediazona» bu iş üçün jurnalistlərin hazırlanması kurslarında olmuş jurnalist Svyat Pavlovun danışdıqlarını dərc edib.

“Bastion” adlı kurslar Krımda yerləşir.

«İlk iki gün tamamilə mühazirələr üçün ayrılmışdı. Əsas fikir ondan ibarət idi ki, jurnalist heç kimdir, o, heç nə bacarmır və heç nə bilmir və o, hər şeyi hərbçilərlə razılaşdırmalıdır».

• Rəy: iki vətən. Rusiya ilə Ukrayna arasında fərq nədədir

• Fövqəlinsan necə yaradılırdı – Abxaziyadakı meymun yetişdirmə müəssisəsinin əfsanələri və həyatı

Sonra praktiki təlimlər başladı.

«Mühazirənin düz ortasında dəniz piyadaları daxil olur, özlərini terrorçu kimi aparır və hamını üzü döşəməyə uzadaraq döyməyə başlayırlar. Mən pəncərədən tullanıb hərbi hissənin ərazisi ilə qaçmağa başladım. Məni tutub, sürüyərək geri apardılar».

Pavlov xatırlayır ki, bütün bu vaxt ərzində şərti terrorçular girovların başı üzərindən boş patronlarla atəş açırdılar.

«Bu, çox xoşagəlməzdir – yanında atəş səsləri eşidilir, başına torba keçirilib, nəfəsin kəsilir və eyni zamanda, səni təpikləyirlər».

Sonra ələ keçirilmiş və başlarına kətan torba geydirilmiş jurnalistləri poliqona apardılar.

«Elə bu vaxt əsl işgəncələr başladı: bizi avtobusa mindirdilər, bizi təpikləyirdilər və bu torbaların içərisində nəfəsimiz kəsilirdi. Hələ vaxtaşırı onlarla bizi boğurdular da. Qışqırırdılar, təhdid edirdilər ki, axırınız çatıb, biz sizi öldürəcəyik…».

Svyat Pavlov deyir ki, poliqonda ələ keçirilmişləri başlarında torba daşların üzəri ilə sürünməyə məcbur edirdilər – «dizi üstə, dirsəkləri üstə, çöməlmiş vəziyyətdə, istənilən halda və bu zaman daim təpikləyir, qoyun qanı ilə sulayırdılar».

Girovluqda olmuşlara tibbi yardım göstərmədilər:

«Orada bir qızın qulağını cırmışdılar, çünki onun qulağında sırğa var idi – onun sırğasını qoparmışdılar və vəssalam, qulağı cırılmışdı. İsteriya tutması keçirən digər qızı təcili yardımla apardılar. Hansısa oğlanın qabırğalarını əzmişdilər, mənim isə bütün sifətim və bədənim əzilmişdi.

Xəsarət alanlar çox idi. Həmkarım tibbi hissəyə getdi, kömək istədi, lakin ona orada dedilər: «Səni peşəkarlar döyüb, səndə hər şey yaxşı olmalıdır»».

Jurnalist “təlimin” davamını gözləməmək və “Bastion” kurslarını tərk etmək qərarına gəlib.

Moskvada Svyat Pavlov həkimlərə müraciət edib və onlar jurnalistdə döş qəfəsinin, əllərin, ayaqların və sifətin çoxsaylı yara və zədələrini, başın yumşaq toxumalarının əzilməsini və beyin silkələnməsini qeydə alıblar.

Bundan sonra o, istintaq orqanlarına müraciət edərək, araşdırma aparılmasını tələb edib.


More on JAMnews