Çernobıl biznes kimi
HBO kanalı özünün 33 il əvvəlki faciəyə həsr olunmuş “Çernobıl” mini-serialının beşinci – sonuncu seriyasını nümayiş etdirib. Qərbdə film həddən artıq yaxşı qarşılandı, Rusiyada isə münasibət bir qədər mötədil olsa da, bütün tarix boyunca ən yüksək reytinqlər əldə edildi.
Çernobıl üzərindən daha kim bisneslə məşğul olur – The Republic nəşrinin materialında.
Stabil maraq
Çernobıl stansiyasında baş verənlərə maraq heç vaxt itməyib.
Çernobıla yollanan turistlərin sayı hər il artır. Əgər iki il əvvəl bura bütün dünyadan 50 minə yaxın adam gəlmişdisə, 2018-ci ildə onların sayı 75 minə bərabər idi. Bu il, proqnozlara görə, Çernobıla 100 min turist gələcək. Bunu Sloveniyanın “CHERNOBYLwel.come” turizm firmasının meneceri Mixal Krayçir deyir.
Biznesin başlanğıcı
Çernobıl 2010-cu illərin əvvəllərində bütün dünyada məşhur olan turizm istiqamətinə çevrilməyə başladı. O zaman (2011-ci ildən) Ukrayna hakimiyyəti turistlər üçün uzaqlaşma zonasına girişi açdı və iri ingilis dilli media bu yer haqqında macəraları və “tutqun” turizmi sevənlər üçün ən maraqlı yer kimi yazmağa başladı.
Artıq 2017-ci ildə, Çernobıl turizmi assosiasiyasının (Ukrayna) sədri Sergey Mirnının rəyinə görə, Çernobıl zonası Ukrayna büdcəsinə təxminən 200 min dollar gətirmişdi. Turun qiyməti elə də baha deyil: bir günlük ekskursiya 50-100 dollara, iki günlük ekskursiya isə xidmətlərdən (məsələn, qidalanma) asılı olaraq 200-300 dollara başa gəlir. Qrup şəklində ekskursiyalardan əlavə, operatorlar fərdi səfərlər və uzaqlaşma zonası üzərindən təyyarə ilə uçuş təklif edirlər.
Kino ticarətin hərəkətverici qüvvəsi kimi
HBO-da serialın nümayişi əsl turist axınına səbəb olub, ekskursiya təşkilatçıları Çernobıla marağın kəskin şəkildə yüksəlməsindən danışırlar. İki Ukrayna şirkətinin nümayəndələrinin sözlərinə görə, yaxın üç ay üçün turların bronlaşdırılması sayı 30-40 faiz artıb. Bir gün ərzində iki minə yaxın ekskursiya həvəskarı gələ bilər.
Turistlərin əksəriyyəti əcnəbilərdir. Əvvəllər Mirnı müsahibəsində bildirirdi ki, xarici ölkələrdən gələnlər turist axınının təxminən üçdə iki hissəsini təşkil edirlər (yerdə qalanlar Ukrayna vətəndaşlarıdır). Hazırda isə Uzaqlaşma zonasının idarə olunması üzrə dövlət agentliyi səfər edənlərin 80 faizinin əcnəbilərdən ibarət olduğunu bildirir. 2014-cü ilə kimi turistlərin yarıdan çoxu Rusiyadan gəlirdi, indi isə bu ölkədən gələnlərə tək-tük rast gəlinir – Mirnı deyir ki, ölkələr arasında münasibətlərin korlanması öz sözünü deyir.
Krayçir bildirir ki, Çernobıl turistinin orta yaşı 25-lə 40 arasındadır (bunlardan üçdə biri qadınlardır), onun macəralardan xoşu gəlir və qeyri-adi təəssüratlar arzulayır.
Baxmalı nə var
Əsas görməli yerlər Pripyat ruhlar şəhəri, qitələrarası raketlərin erkən aşkarlanması məqsədilə tikilmiş “Duqa” radiolokasiya stansiyası və atom elektrik stansiyasının özüdür.
Turistlərə həmçinin stansiyanın inzibati binasını, yerli muzeyi, “qızıl dəhliz”i (stansiyanın bütün enerji bloklarından keçən dəhliz), birinci reaktorun idarəetmə pultunu gəzməyə və qəzanın baş verdiyi dördüncü enerji blokunun sarkofaqının divarlarına dış tərəfdən yaxınlaşmağa icazə verilir. Turistlərin olmasına icazə verilən yerlərdə radiasiyanın səviyyəsi qısa müddətli səfərlər çərçivəsində sağlamlıq üçün zərərsizdir.
Təəssüratlar
Turizm saytlarındakı çoxsaylı rəylərə əsaslanaraq demək oalr ki, bütün bunlar doğrudan da böyük təəssüratlar oyadır. “Çox effektli yerdir, getməyə dəyər, 10-dan 10”; “Heç bir şeyə bənzəməyən sürrealistik təcrübə”; “Bunun necə inanılmaz olduğunu təsvir belə edə bilmirəm. Burada baş verənlərin tarixini bilməyinizdən, yaxud bilməməyinizdən asılı olmayaraq, – bu yerlərin təəssüratı uzun müddət qalacaq” – minlərlə insan Çernobıla səyahəti belə təsvir edir.
Lakin zonaya səyahət edənlərin heç də hamısı belə riqqətə gəlmir: bəzilərinə elə gəlir ki, tur təşkilatçıları çox bariz şəkildə turistlərin gözləntilərini və qorxularını istismar edirlər. “Mən tarixçiyəm, mənimçün maraqlıdır, – səyahətçilərdən biri “TripAdvisor”dakı rəyində yazır. – lakin ekskursiyanın beşinci saatında artıq geriyə – Kiyevə qayıtmaq istəyirdim. Dayanacaqların və keçidlərin sayı çoxdur, marşrut bəllidir və dağıntılar altında bacarıqla yerləşdirilmiş kuklalar – bu, əndazəni aşırdı”.