Gürcüstanın çar sülaləsinin üzvləri bir-birini saxtakar adlandırır və məhkəməyə üz tuturlar" />

Çariça çara qarşı. Tbilisi məhkəməsində hökmdar çəkişməsi

Gürcüstanın çar sülaləsinin üzvləri bir-birini saxtakar adlandırır və məhkəməyə üz tuturlar

Tbilisi şəhər məhkəməsi qeyri-adi işə baxmalı olacaq. Üç nəfərdən ibarət hakimlər heyəti Baqrationi gürcü çar soyadının məhz hansı qolunun Gürcüstanın çar evi adını istifadə etmək hüququna malik olduğunu aydınlaşdırmalıdır.  

Baqrationilərin ik müxtəlif qolunun çoxillik qarşıdurması məhkəməyə gedib çıxıb.

Yaşasın çar! Gürcüstanda monarxiyanın bərpa olunması məsələsi müzakirə olunur

İkinci İliya xələfini açıqlayıb. Şio Muciri Gürcüstanın gələcək patriarxıdır?

İddianın təşəbbüskarı Anna və Nuqzar Baqration-Qruzinskilər olub. Bu iddiada onlar uzaq qohumları və ailənin keçmiş üzvü David Baqration-Muxranelinin (David Baqrationi Anna Baqrationinin keçmiş əridir) əməllərindən şikayət ediblər.

Səbəb “haqqı olmadan Gürcüstanın  çar ailəsinin adından istifadə etməsidir”. Baqration-Qruzinskilər bildirirlər ki, David Baqration-Muxraneli çar evinin adından müxtəlif yerlərdə, o cümlədən Avropada görüşlər keçirir, orden paylayır.

Hər iki qolun nümayəndələri bir-birini saxtakar adlandırır.

David Muxraneli hətta Nuqzar Qruzinskiyə təklif edib ki, DNT analizi versin və bu yolla Baqration sülaləsinə aid olub-olmadığı ortaya çıxsın. O isə bundan imtina edib.

Məhkəmə prosesi haqda məlumatı Facebook-da Anna və Nuqzar Baqration-Qruzinskilərin maraqlarını müdafiə edən “Doğru yol” adlı hüquq şirkəti yayıb.

“İşin yüksək səviyyəli olmasını nəzərə alaraq üç hakimdən ibarət kollegiya tərəfindən baxılacaq”, – elanda deyilir.

Gürcüstan tarixində bu cür presedentsiz məhkəmə prosesinə şahid qismində ölkənin aparıcı tarixçiləri dəvət olunub – məhkəmə akademiklər Roin Matreveli və Giorgi Otxmezurini dindirəcək və onların ifadələrindən asılı olaraq Gürcüstanın çar evinin adından danışmağa kimin daha çox layiq olduğu ilə bağlı qərar verəcək.

Baqrationilər

Baqrationi nəsli kökü vahid Gürcüstanın çar sülaləsi qismində 978-ci ilə, Üçüncü Baqratın taxta oturduğu zamana gedib çıxır və 1810-cu ildə, Rusiya imperatoru Birinci Aleksandrın Gürcüstanın Rusiya İmperiyasına birləşdirilməsi haqda manifestinə qədər davam edib.

19-cu əsrdə Gürcüstanın çar ailəsinin üzvlərini zorla Rusiyaya köçürüblər ki, onların vətəndə qalması ilə mümkün olan iğtişaşların qarşısı alınsın. Daha sonra gürcü çar ailəsi üzvlərinin əksəriyyəti İspaniyaya və Avropanın digər ölkələrinə köçüblər.

Bu gün Baqrationi soyadının üç qolu var – Qruzinski, Muxraneli və İmereli. Qruzinski və Muxranelilər arasında qarşıdurma yaşanır və onlar bir-birinin sülaləyə aidiyyatını inkar edir.

Muxraneli qolunun başçısı İspaniyada doğulub, böyüyən David Baqrationidir. Davidin atası Giorgi və ya Xorxe İspaniyanın kral ailəsinə yaxınlığı ilə tanınıb, avto-yarışçı olub. 2004-cü ildə o ailəsini İspaniyadan Gürcüstana gətirib.

Qruzinskilər qolunun başında isə Nuqzar Baqration-Qruzinski dayanır. Onun qızı Anna 2009-cu ildə David Baqration-Muxraneli ilə evlənib. Bu gün Anna öz keçmiş əri ilə münasibətlərini məhkəmədə aydınlaşdırır.

David Baqration-Muxraneli və Anna Baqration-Qruzinskinin Sameba Kafedral Kilsəsində keçirilən nikah mərasimi. 8 fevral 2009-cu il. REUTERS/David Mdzinarişvili

Bu nikahın əsas təşəbbüskarı kilsə olub. Katolikos Patriarx İkinci İliyanın fikrincə, bu, çar sülaləsinin iki budağını barışdırmalı və birləşdirməli idi, yeni doğulacaq körpə isə çar taxtının mübahisəsiz varisi olacaqdı.

Anna Baqration-Qruzinski ilə David Baqration-Muxranelinin möhtəşəm toy mərasimini məhz kilsə təşkil etmişdi.

Onların kəbini Müqəddəs Üçlük Kafedral kilsəsində kəsilib. Kilsə baş verənləri tarixi hadisə adlandırıb.

2011-ci ildə Anna və Davidin oğlu Giorgi dünyaya gəlib. Körpəni şəxsən İkinci İliya xaç suyuna salıb. Kilsə onu taxtın gələcək varisi elan edib. 2013-cü ildə Anna və David rəsmən boşanıb.

Baqrationiləri kim dolandırır?

Gürcüstan büdcəsində Baqrationi sülaləsinin nümayəndələrinin dolanışığı ilə bağlı xərclər nəzərdə tutulmayıb. Onlar tarixi anlam daşıyan mülkiyyətə sahib deyillər. (Ümumiyyətlə, Gürcüstanda monarxların tarixi sarayları qorunub saxlanmayıb).

Müxtəlif informasiyalara əsasən, Gürcüstan patriarxının tapşırığı ilə bir neçə gürcüstanlı biznesmen çar ailəsinin nümayəndələrinə maddi cəhətdən yardım edir. Onların sırasında mühafizəkar və rusiyayönlü mövqeyi olan ultra-millətçi biznesmen Levan Vasadze də var.

Baqrationilər vaxtaşırı olaraq müxtəlif təmtəraqlı tədbirlərdə çar libasında görünürlər.

Trevil sarayında mərasim. İtaliya. 8 aprel 2017-ci il. Ön planda Anna Baqration-Qruzinskaya. Foto: Facebook

Facebook-da «Царский дом Грузии – The Royal House of Georgia» adlı səhifə açılıb. Burada Baqrationilərın həyatı ilə bağlı müxtəlif informasiyalar dərc olunur.

Gürcüstanda monarxiyanın bərpası realdırmı?

Gürcüstanda monarxiyanın bərpası ilə bağlı söhbətlər ilk dəfə Sovet İttifaqı dağılandan sonra, 1990-cı illərdə dolaşmağa başlayıb. Nəticədə bu mövzu dəfələrlə müzakirə mərkəzinə gəlib, baxmayaraq ki, heç vaxt bu məsələyə ciddi yanaşılmayıb.

Bu ideyanın əsas tərəfdarı kimi Gürcüstanın Katolikos Patriarxı İkinci İliya çıxış edib. Patriarx hesab edir ki, monarxiya institutu artıq uzun illərdir ki, siyasi cəhətdən kəskin qütbləşən ölkəyə stabillik və dinclik gətirə bilər.

Gürcüstanın bir neçə siyasi partiyası da bu məsələdə müxtəlif səbəblərlə kilsəni dəstəkləyir. Onların arasında hətta hakim “Gürcü arzusu” partiyası da var.

İki il əvvəl monarxiyanın bərpası məsələsi patriarxın bir bazar möizəsindən sonra aktuallaşıb. O zaman İkinci İliya qeyd edib ki, monarxiyanı bərpa etmək yaxşı olardı.

Onun bu bəyanatı iqtidar partiyası sıralarında və hökumət üzvləri arasında da dəstəklənir. Məsələn, parlamentin sədri İrakli Kobaxidze bəyan edib ki, “konstitusiyalı monarxiya siyasi həyata sülh gətirir”.

Hazırkı Gürcüstan prezidenti Salome Zurabişvili də dəfələrlə monarxiyaya münasibətdə rəğbətini ifadə edib. O hesab edir ki, monarxiyanın bərpası Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin qurulmasına da şərait yaradacaq.

Müxalifət bu təşəbbüsə qarşı çıxır. Müxalifət nümayəndələri hesab edirlər ki, monarxiyanın bərpası məsələsi ilə hakimiyyət cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq istəyir.

Bundan başqa müxalifət monarxiyanı çar evinin saxlanması üçün çox vəsait tələb edən “bahalı əyləncə” adlandırır və varlı olmayan Gürcüstan üçün ən azı “sərfəli” olmadığını bildirirlər.

Çar və Facebook

Monarxiya mövzusu Facebookda sevinc və yüksək əhval-ruhiyyə doğurur.

Facebook istifadəçiləri bir-birinin kökünü – kimin daha əsilzadə, kimin  “rəiyyət” olduğunu aydınlaşdırmağa başlayıblar.

Əlbəttə ki, Anna və David Baqrationilər arasındakı məhkəmə prosesi fəal müzakirələrə səbəb olur.

“İndi hakim deyəcək kim daha çox çardır”

“Vahid Gürcüstan dağılandan sonra Baqrationilər özlərini o qədər də yaxşı göstərmədilər, hamısı bir-biri ilə mübarizə aparır: ana varislə, qardaş qardaşla, ata övladları ilə və s. Görünür ki, onlar bu “parlaq” ənənəni davam etdirmək qərarına gəliblər. Fərq ondadır ki, onların o zamankı mübarizəsi insan qurbanlarına səbəb olurdu, indi isə tragikomediya oynanılır, ya da sadəcə komediya”.

“Bunlar ki, ölkəni üç çarlığa bölən Baqrationilərdir”.

“Yaxşı olmazmı ki, Baqrationilər ölkənin başına keçsinlər? Hər kəs İvanişvili və Saakaşvilidən daha yaxşıdır!” – Facebook-da yazırlar.


More on JAMnews