Cənubi Osetiyada seçki çeşidi: indiki prezident, parlament spikeri və ya süfrəmizə qonaq olun " />

Cənubi Osetiya: köhnə qayda ilə son seçkilər?

Cənubi Osetiyada seçki çeşidi: indiki prezident, parlament spikeri və ya süfrəmizə qonaq olun

9 aprel 2017-ci il tarixində Cənubi Osetiya vətəndaşları hələlik neçə prezidentlərinin olacağı barədə qərar qəbul edirdilər – beş, yoxsa hələlik dörd olacaq. 1992-ci ildə müstəqillik elan olunan andan Torez Kulumbeqov, Lyudviq Çibirov, Eduard Kakoytı və indiki prezident, ikinci müddətə qalmaq qərarını verən Leonid Tibilov bir-birini əvəz ediblər.

Bu qərarın lehinə və ya əleyhinə səs verməklə bağlı qərarı Cənubi Osetiyanın özündə, Moskvada, Abxaziya və Şimali Osetiyada əlli mindən çox seçici verməliydi. Leonid Tibilova alternativ olaraq Cənubi Osetiya parlamentinin sədri Anatoli Bibilov və yerli DTK-nın əməkdaşı Alan Qaqloyev öz namizədliklərini irəli sürdülər.

Vladikavkaz

Üzdən belə görünür ki, Cənubi Osetiyadakı prezident seçkiləri Şimali Osetiyada böyük biganəliklə qarşılandı. Respublikanın əsas mətbu orqanı olan “Şimali Osetiya” qəzeti bu hadisədən iki gün əvvəl öz oxucularına müxtəlif mühüm hadisələr barədə məlumat verirdi, əsas xəbər başlıqları bunlarıydı:

“Yük maşınlarının sürücüləri ilə dialoq”

“Bir marşrut taksisindən iki baxış”

“İdman aviasiyasına ehtiyacımız varmı?”

“MSK-nın ədalətli seçkilərlə bağlı planları haqqında” (sizin düşündüyünüz kim deyil, 2017-ci ilin payızında qarşıdan gələn öz seçkilərindən bəhs edilir)

Cənubi Osetiyada prezident seçkilərinin keçirilməsi barədə ancaq “Gündən günə” rubrikasından xəbər tutmaq olardı, burada xırda şriftlə yazılmışdı ki, həmin seçkiləri Rusiyadan, Donetsk və Luqansk xalq respublikalarından, Dnepr yanı və Dağlıq Qarabağdan müşahidəçilər izləyəcək.

Şimali Osetiyanın televiziya və saytları da Cənubi Osetiyada qarşıdan gələn seçkilər barədə materialların bolluğu ilə seçilmirdilər.

Bu hadisənin şəhər sakinlərini biganə qoyduğunu Vladikavkazın küçələrində də görmək olardı. Reklam plakatlarının və hətta hasarlara yapışdırılmış vərəqələrin sayı demək olar ki, sıfıra yaxınlaşırdı. Uğurla da bu göstəriciyə çatdı.

Vladikavkazın küçələrində, bazarlarda və nəqliyyatda söhbətlərdən belə anlamaq olardı ki, yerli sakinləri çox şey narahat edir, Cənubi Osetiyadakı seçkilərdən başqa. Misal üçün:

– Məktəblərdə buraxılış imtahanları yaxınlaşır və deməli onları universitet və institutlara qəbul imtahanları narahat edir. Bu isə xərc deməkdir, özü də böyük xərc.

– Rüşvət vermək üçün pulu hardan alasan, tam da aydın deyil, axı Şimali Osetiyada iş tapmaq onsuz da çətiniydi, son zamanlar isə bir az da çətinləşib (Moskvanın siyasəti nəticəsində əsas biznes olan araq istehsalı məhv olub)

– Bütün Şimali Qafqazın, o cümlədən də Şimali Osetiyanın təchizatının asılı olduğu ağır yüklü yük maşınlarının sürücüləri tətilə çıxdılar. Deməli çox güman ki, tezliklə mağazalar boşalacaq.

– İş yerləri və respublika büdcəsinə gəlir verən yeganə iri istehsalat müəssisəsi olan “Elektrosink” zavodu eyni zamanda həm də ölümcül təhdid mənbəyinə çevrildi: respublikada onkoloji xəstəliklərin sayı kəskin şəkildə artdı.

Buna görə də Vladikavkaz sakinlərinin dünyanın, o cümlədən də onlar üçün yad olmayan Cənubi Osetiyanın problemlərinə münasibəti çox güman ki, gənc adamlar tərəfindən divarda yazılan yazıda əks olunur – «Fuck the world”.

Görünür, Cənubi Osetiya prezidentliyi postuna namizədlərin  qərargahları bütün bunları nəzərə aldılar və başqa yolla getdilər. Seçkiqabağı təşviqatı onlar köhnə üsulla – poçt qutuları vasitəsiylə həyata keçirirdilər. Ancaq autsayder Alan Qaqloyevin seçkiqabağı kampaniyası istisna təşkil etdi. Onun Vladikavkazdakı qərargahı innovasiya yolu ilə getdi: orada əyləşən gənclər istənilən təsadüfi qonağa onların süfrəsi arxasında əyləşməyi təklif edirdilər.

JAMnews redaksiyası seçkiqabağı yarışın liderləri Leonid Tibilov və Anatolu Bibilovun yaydığı kitabçaları əldə edib:

Oxşar cəhətlər

  • Çox yaxşı, bahalı kağız
  • Rəngli çap

Fərqli cəhətlər

  • Format (А4 Anatoli Bibilovda, А2 Leonid Tibilovda)
  • Kağızın qalınlığı (indiki prezident Tibilovda daha qalındır)

Məzmun

Leonid Tibilov:

Cənubi Osetiyanın indiki prezidenti seçkiqabağı “Stabillik və inkişaf” sloqanını təklif edir. Onun təşviqat materiallarının mətnlərini diqqətlə oxusan, əsas fikir bu cür səslənir: “Mənim vaxtımda daha az oğurlamağa başlayıblar!” Onun arqumentləri o qədər də konkret xarakter daşımır: “… böyük iş görülür”, “… konsepsiya qəbul olunub”, “… alma bağı salınıb”. İş dəqiq rəqəmlərə çatanda, məsələ aydınlaşmır.

Misal üçün, “Təxminən 17 feldşer-akuşer məntəqəsi açılıb” ifadəsi nə deməkdir. 16 yoxsa 18?

Anatoli Bibilov:

Parlament sədri daha kəskin mövqe təklif edir: “Daha az oğurlamaq da olar!”.

Rəqəmlər hissəsində konkretlilik daha çoxdur. Rusiya Hesablama palatasının büdcə vəsaitinin xərclənməsi üzrə arayış ətraflı verilir (2008-ci ildən 2013-cü ilə qədər Cənubi Osetiyaya 45 milyarddan artıq rubl qoyulub): misal üçün, Şimali Osetiyada 225 mənzilin tikintisi 168 milyon rubla ($2.2 milyon), Sxinvalda 200 mənzil isə 500 milyon rubla ($7.5 milyona) başa gəlib.

Bundan başqa, Cənubi Osetiya prezidenti tərəfindən paylanan bir neçə yüz ədəd mükafat tapançası (belə görünür, bu, dünyada ən böyük mükafat odlu silah fondudur) və sonradan üzə çıxan Rusiyadakı kriminal davalar.

 

Əsas məsələ

Əsas olanı hamının anladığı kimi, heç də alma bağları, akuşer məntəqələri, kriminal silah və hətta oğurlanan milyonlar deyil. Namizədlərin ən güclü arqumenti onların əlini sıxan məşhur adamlardır.

Bu müsabiqədə indiki prezident Leonid Tibilov yeganə qalibdir. Onun aktivində dörd prezident Putin (yəni seçkiqabağı kitabçasında prezident Putinin dörd fotosu əks olunub), baş nazir Medvedev, Rus pravoslav kilsəsinin patriarxı Kirill və dirijor Valeri Qerqiyev var  (hamısı da bir nüsxədə, heç kimin xətrinə dəyməmək üçün).

Namizəd Tibilov buna ancaq Rusiya Federasiyası Sovetinin sədri Matviyenkonun fotosu və onunla görüş haqqında xəbərlə cavab verə bildi.

Qalan şeylər Leonid Tibilovla Anatoli Bibilovda eynidir – uşaqlar, idmançılar, veteranlar, bədii özfəaliyyət artistləri.

Oktyabr qəsəbəsi

“Putin kimin əlini sıxır, o da rəhbər olur”. Bu siyasi müşahidəylə 9 aprel 2017-ci il tarixində Cənubi Osetiyalı seçici Stanislav çıxış edib. Bu, Şimali Osetiyanın Priqorod rayonunun  Oktyabr qəsəbəsində baş verib, burada respublikada təşkil olunan üç seçki məntəqəsindən biri yerləşmişdi.

Demək lazımdır ki, məntəqələr pis təşkil olunmuşdu. Seçicilərin sənədlərinin yoxlanması elə formada həyata keçirilirdi ki, gündüz saat on ikidə artıq məntəqənin girişində üç yüzə yaxın adam toplaşmışdı (yağışlı və küləkli soyuq hava çox sayda insanın gəlməsinə mane olmadı). Bu kütləyə nəzarət etmək üçün təkcə polisə deyil, həm də xüsusi təyinatlı polis dəstəsinə ehtiyac yarandı. Məntəqənin qarşısında həbs olunanların, yəni görünür, xüsusi fəallıq göstərən seçicilərin daşınması üçün furqon gözləyirdi.

Stanislav son ana qədər qərar verə bilmirdi ki, kimə səs versin – Bibilova yoxsa Tibilova (Qaqloyevin namizədliyini heç nəzərdən keçirmirdi də, deyirdi ki, bu qələbə ancaq yerli kriminalı sevindirə bilər). Öz seçimini o, bilavasitə seçki qutusu qarşısında dəqiqləşdirməyi düşünürdü.

Daha çox prezident Tibilova səs verməyi düşünür. Amma ona görə yox ki, ondan xoşu gəlir, sadəcə keçmiş prezident Eduard Kakoytı Tibilovun rəqibi Bibilovun tərəfinə keçib. Onun dövründə isə Stanislava Rusiya vətəndaşlığı olduğu üçün Cənubi Osetiya vətəndaşlığı verilmədi. “Ona deyirəm: axı sənin özün də Rusiya vətəndaşısan! O da mənə deyir: mən başqa!”, – Stanislav niyə Tibilova üstünlük verməsinin səbəbindən danışdı. Hekayəsini də gözlənilməz bir sonluqla bitirdi: “İndi də qoy Putin hər şeyi həll etsin”.

Kim həll edir

Ola bilsin, Putin bu seçkilərdə doğrudan da hər şeyi həll edəcək. Amma belə bir aydın hiss var ki, o, bunu sonuncu dəfə edir. Konkret bu Putin yox, istənilən həm Cənubi, həm də Şimali Osetiyaya münasibətdə xarici qüvvə.

25 il bir nəslin ömrüdür. Bizim misalımızda, son sovet nəsli. Onun yerinə başqa, tamamiylə fərqli həyat təcrübəsi və dəyərləri olan insanlar gəlir. Onlar da dövlət suvereniteti və elektoral proses kimi anlayışlarla başqa cür rəftar edəcəklər.

Gözlənilmədən Vladikavkazda iki tamamiylə fərqli insan bu fikirdə həmrəy oldular   – məşhur publisist Leonid Koçiyev və gənc IT mütəxəssisi, əslən Cənubi Osetiyadan olan Soslan Tabuyev. Hər ikisi hesab edir ki, 2017-ci ilin aprel ayında biz Cənubi Osetiyada son inersiyalı, post-sovet seçkilərini müşahidə edirik. Yeni nəsil həm yeni liderlər, həm də yeni ideyalar tələb edəcək.

P.S. Çox istərdik ki, Cənubi Osetiyada növbəti seçkilərin əsas xəbəri qorxudan qurtulma olsun. Stanislav və 2017-ci il dekabrın 9-da Priqorod rayonunda seçki məntəqəsində toplaşan bütün digər seçicilər kamera qarşısında öz soyadlarını deməkdən qorxmasınlar. Heç olmasa başlanğıc üçün.

Zarina Xaçirova Sxinvalda anadan olub, Cənubi Osetiya vətəndaşlığı var. O, bu gün, aprelin 9-da növbəti dörd il üçün Cənubi Osetiyanın yeni prezidentini seçmək üçün seçki məntəqələrində gözləyən təxminən 40 min seçicidən biriydi. Amma Zarina Sxinvalda deyil, Vladikavkazda yaşayır. Kitab mağazasında işləyir və yerli gənc eksperimental teatrın səhnəsində oynayır. O, Şimali Osetiyada teatr fakültəsində təhsil alıb, çünki Cənubi Osetiyada belə bir ali məktəb yoxdur. Sonra da burada qalıb

 The opinions expressed in the article convey the author’s terminology and views and do not necessarily reflect the position of the editorial staff

More on JAMnews