Məhbuslar fasiləsiz aclıq elan edib" />

Cənubi Osetiya: “Həkimlərimiz işdən azad edildiyi üçün həbsxanalarda tibbi yoxlanışdan keçmirik”

Məhbuslar fasiləsiz aclıq elan edib

 

Sxinval həbsxanasının dustaqları saxlanma şəraitlərinin yaxşılaşdırılması tələbi ilə fasiləsiz aclıq aksiyasına başlayıb

Tələblər sırasında aşağıdakılar var:

  • Həbsxanada deyil, koloniyada cəza çəkmək imkanının verilməsi;
  • 1 saylı islah müəssisəsində olan bütün məhbuslara parlamentin cəza müddətinin güzəştli hesablanması haqda qərarının tətbiq edilməsi. Qərara əsasən cəzanın bir ili il yarım olaraq hesablanmalıdır;
  • Cəzaçəkmə yerlərinin rejimlər üzrə bölünməsi (ümumi və ciddi);
  • Gəzinti zonasının ərazisinin genişləndirilməsi;
  • Görüş icazəsinin ayda iki dəfəyə qədər artırılması;
  • Kameralara pəncərələrin qoyulması;
  • Tibbi xidmətin və dərmanlarla təchizatın yaxşılaşdırılması.

Aclıq elan etmiş bir qrup dustağın imzaladığı Instagram sosial şəbəkəsində yerləşdirilmiş mətndə deyilir:

“Həbsxanada elementar rahatlıqlar yoxdur, bura dustaqların uzunmüddətli saxlanması üçün uyğun deyil – bununla belə bəzi dustaqlar burada 10 ildən artıqdır ki, saxlanılırlar. Gəzinti üçün yer yoxdur… Tibbi yoxlanışdan keçmirik, çünki həkimlərimizi işdən azad ediblər. Deputatlarla bir sıra görüşlərimiz baş tutub, onlar əvvəlcə 2015-ci ilin sonuna qədər, daha sonra isə 2016-cı ilin sonuna qədər məhbusların cəza müddətinin güzəştli hesablanması haqda qanun qəbul edəcəklərinə söz verdilər, amma əməl etmədilər”.

Doğmaları güman edirlər ki, dustaqları etirazın bu axırıncı formasına əl atmağa məcbur edən onların gözlədikləri, parlamentin prezident seçkiləri ilə bağlı (seçki 2017-ci il aprelin 9-da baş tutub) təsdiqlədiyi amnistiyanın demək olar ki, həyata keçirilməməsi olub: amnistiya şərtlərinə ümumən 50 dustaqdan cəmi ikisi uyğun gəlib, onlar da hələ azadlığa buraxılmayıb. Bununla belə ümumilikdə 20 dustaq amnistiyaya düşəcəyini güman edirdi.

Bir müddət əvvəl DİN əməkdaşları kameralarda reyd keçiriblər və bu da dustaqların və onların doğmalarının qəzəbinə səbəb olub, çünki onların bildirdiyinə görə, axtarış zamanı sadəcə qadağan olunmuş şeylər müsadirə olunmayıb, dustaqların kameraları talan edilib, mebellər, qab-qacaq və digər şəxsi əşyalar sındırılıb.

O zaman Cənubi Osetiya prezidenti Anatoli Bibilov islah müəssisəsi rəisinin və Cəzaların İcrası İdarəsi rəisinin fəaliyyətsizliyini kəskin tənqid edib, bildirmişdi ki, Cəzaların İcrası İradəsi əməkdaşları görməməzlikdən gəlməsələr, üzə çıxarılmış pozuntular baş verməzdi.

Hakimiyyətin dustaqların tələbinə reaksiyası

Ədliyyə naziri Zalina Laliyeva həbsxanada dustaqlara baş çəkib və söz verib ki, saxlanma şəraiti yaxşılaşdırılacaq.

Bununla belə o bildirib ki, həbsxananın saxlanma şəraiti “o qədər də pis deyil”.

“dustaqlar gündə üç dəfə yeməklə təmin edilir, duş otaqları, gəzinti zonaları var. İntizam yetərincə yumşaqdır”, – nazir deyib.

Yuxarıda qeyd olunan axtarış zamanı həbsxanada dustaqlardan mobil telefonlar, iti, kəsici alətlər, bolt, mismar və çətənə toxumları müsadirə olunub. Bütün dünyada hüquq müdafiəçiləri bu kimi faktları həbsxanalarda korrupsiyanın sübutu hesab etdiyi halda Zalina Laliyeva bunları dustaqlar üçün “yumşaq intizam” şəraitinin yaradıldığının sübutu adlandırıb.

O bildirib ki, Ədliyyə Nazirliyi hətta RF ərazisində cəza çəkən Cənubi Osetiya vətəndaşlarından Sxinval həbsxanasına köçürülmələri ricası ilə iyirmidən çox məktub alıb.

Nazirin sözlərinə görə, artıq bir ilə yaxındır ki, həbsxana xəstəxanasında həkim olmasa da, ehtiyac yarandığı təqdirdə dustaqları respublika xəstəxanasına müayinəyə və ya müalicəyə göndərirlər.

“Həkim müdaxiləsinin lazım olduğu heç bir hal həbsxana rəhbərliyinin diqqətindən kənarda qalmayıb”, – nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dustaqlar ildə bir dəfə tibbi müayinədən və dispanserləşdirmədən keçirilir. İslah müəssisəsinin nəzdində də daimi tibb bacısı var.

“Xalq Partiyasının” deputatı Amiran Dyakonov hesab edir ki, problemin həlli üçün bütün siyasi qüvvələri birləşdirmək və məsələni açıq müzakirə etmək vacibdir.

Sxinvalda həbsxana 1992-ci ildə yerli ayıltma məntəqəsinin adaptasiya olunmuş binasında yaradılıb. Bu gün orada 50 dustaq cəza çəkir, onlardan 23 nəfəri fasiləsiz aclıq aksiyasına başlayıb.

Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır


More on JAMnews