Mitinq hakimiyyətlə razılaşdırılıb və insidentsiz keçib " />

Bakıda mitinqdə Qarabağ uğrunda müharibə tələbi

Mitinq hakimiyyətlə razılaşdırılıb və insidentsiz keçib

Bakıda mitinq keçirilib və aksiya iştirakçıları ölkə hakimiyyətindən “Qarabağı güc yolu ilə azad etməyi” tələb ediblər. Aksiya Qarabağ Azadlıq Hərəkatı tərəfindən hakimiyyətlə razılaşdırılaraq təşkil olunub.

Mitinq adətən yerli müxalifətin öz aksiyalarını keçirdiyi stadionda baş tutub. İştirakçılar “Qarabağda anti-terror əməliyyatına başlayaq!”, “Qarabağa Azadlıq!”, “Məcburi köçkünlər doğma yerlərə qayıtsın!”, “Beynəlxalq təşkilatların ikili standartlarına yox!” və sair şüarlar səsləndiriblər. Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağının sözlərinə görə, mitinqin məqsədi “Qarabağın azad edilməsi məsələsində ictimai fəallığı artırmaqdır”.

“Biz cəmiyyətin bütöv iradəsini nümayiş etdirməli və ərazilərin azad edilməsi ilə bağlı hakimiyyətdən radikaal addımların atılmasını tələb etməliyik”, – Nağı bildirib.

Keçmiş daxili işlər naziri İskəndər Həmidov bəyan edib ki, işğal olunmuş əraziləri yalnız hərbi yolla azad etmək mümkündür.

İqtidar partiyasının deputatı Siyavuş Novruzov bu mitinqin keçirilməsi ideyasını dəstəkləməyib: “Prezident, parlament, hökumət, digər dövlət strukturları münaqişənin həlli üçün səy göstərdiyi bir zamanda Qarabağ məsələsinə həsr olunmuş mitinqin keçirilməsi tamamən yersizdir. Bir qrup insan Azərbaycan üçün taleyüklü məsələni öz siyasi maraqlarını və iddialarını reallaşdırmaq, bunun üzərindən populyarlıq qazanmaq üçün istifadə edir”.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyada 2 minə qədər insan iştirak edib. Mitinq dinc şəraitdə, ictimai asayiş pozulmadan keçib.


More on JAMnews