Polis polkovnikinin “hostellərin azərbaycanlıların mentalitetinə uyğun olmaması” haqda sözləri sosial şəbəkələrdə böyük rezonans doğurub" />

Bakıda bağlanan hostel ətrafında qalmaqal

Polis polkovnikinin “hostellərin azərbaycanlıların mentalitetinə uyğun olmaması” haqda sözləri sosial şəbəkələrdə böyük rezonans doğurub

Bakı polisi gözlənilmədən şəxsi hosteli bağlamaq qərarı alıb, orada yaşayan əcnəbi turistlər küçəyə atılmış vəziyyətdə qalıb. Sosial şəbəkələrdə bu qərarın özündən daha çox Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun “hostellərin azərbaycanlıların mentalitetinə uyğun gəlmədiyi” haqda açıqlaması qalmaqala səbəb olub.

Polis dəstəsi qonşu sakinin şikayəti əsasında aprelin 8-də gecə saatlarında “Freedom” hostelinə gəlib və orada yaşayanlardan dərhal otaqları tərk etmələrini tələb edib. Hostelin sahibi Caməddin Murtuzayev gecənin ortasında qonaqları küçəyə atmamaq üçün çətinliklə polis zabitlərini onlara səhərə qədər vaxt verməyə razı sala bilib. Səgəri gün Murtuzayev amerikalı, çinli, avstriyalı və iki ukraynalıdan ibarət qonaqları öz hesabına Bakının müxtəlif mehmanxanalarına yerləşdirib. Bu hosteldə otaq bron eləmiş daha altı turist üçün tələsik yer tapmalı olub.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov 1news.az agentliyi üçün vəziyyəti şərh edən zaman deyib:

Çoxmənzilli binalarda hostellərin yaradılması adətən bu binanın sakinlərinin narazılığına səbəb olur. Konkret bu halda dördmərtəbəli evin iki mənzilini hostel eləyiblər. Amma bu binanın girişi ümumidir, bizim vətəndaşlarımız da, əcnəbilər də ondan istifadə edir. Üstəlik turistlər çox vaxt evə gec gəlirlər, musiqi dinləyirlər, səs-küy salırlar, bununla da qonşuları narahat edirlər. Konkret bu halda qonşular şikayət ediblər ki, hostelin mövcudluğu onların rahatlığını pozur. Polis işi məhkəməyə göndərib, hostelin olub-olmamasına məhkəmə qərar verəcək”.

Və belə bir ifadə əlavə edib: “Hostellər bizim mentalitetimizə uyğun deyil”.

Azərbaycanın Turizm Assosiasiyasının rəhbəri Nihad Bağırov hostelin bağlanmasını yolverilməz hesab edir: “Bu, turizmin inkişafına böyük ziyan vurur. Sahibkar qanunları pozmayıb, onun bütün sənədləri qaydasındadır, o, ölkənin qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərir. Mən müvafiq instansiyalara, Mədəniyyət Nazirliyinin rəhbərliyinə müraciət etmişəm və hostelin fəaliyyətinin bərpa edilməsi üçün əlimdən gələni edirəm. Amma mənim təsir gücüm sərhədsiz deyil. Görünür ki, ölkə rəhbərliyi məsələyə müdaxilə edib, həllinə kömək göstərməlidir”.

ReAl müxalif hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli hakimiyyətin bu davranışını kəskin tənqid edib. “Xalqın mentalitetinə uyğun olmaması bəhanəsilə hostelin bağlanması növbəti dəfə sübut edir ki, həyata keçirilən iqtisadi islahatlar heç bir səmərə vermir. Normal hüquq-mühafizə sistemimiz, ədalətli məhkəməmiz olmayınca iqtisadi islahatların nəticələri haqda danışmaq mənasızdır. Ölkəmizdə idarəetmə qanunlara yox, yuxarıların müəyyən etdiyi “oyun qaydalarına” əsaslanır”.

Sosial şəbəkədəki tipik şərhlərdən bir neçəsi:

  • “Belə çıxır ki, rüşvət, korrupsiya, büdcəni talamaq, sifarişli məhkəmə hökmləri – bütün bunlar mentalitetimizə uyğundur, amma əcnəbi turistlərin hostellərdə yaşaması yox?”
  • “Gəlin, bütün ölkəni bağlayaq. Turizm də mentalitetimizə uyğun deyil. Ümumiyyətlə, Mentalitetə Nəzarət İdarəsi yaratmaq lazımdır”.
  • “Hər şey düzdür. Pakistan, İran və Şimali Koreya kimi atom ölkələri hostelsiz də keçinirlər, biz niyə çürümüş Qərbin səviyyəsinə enməliyik?”
  • “Hər şey çox sadədir. Hostellər yüksək vəzifəli məmurlara məxsus olan bahalı mehmanxanaların “çörəyini” əlindən ala bilər”.
     

    Freedom hosteli çoxlarını bir neçə səbəblə cəlb edirdi: rahat yerdə yerləşməsi, uyğun qiymət, peşəkar rəhbərlik, yaxşı servis. Hosteldə birnəfərlik yer cəmi 15-20 dollara başa gəlir və Avropadan, Çindən, Ukraynadan, Rusiyadan, ABŞ-dan olan turistlər öz dost-tanışlarına Bakıda qalmaq üçün rahat yer olaraq buranı tövsiyə edirdilər. Son zamanlara qədər hosteldə yerlərin bronu qabaqcadan və uzunmüddətli həyata keçirilirdi.

 


More on JAMnews