Qanunda ünsiyyətin bu növü nəzərdə tutulmayıb. Amma qadağan da edilməyib " />

Əfqan Muxtarlı tələb edir ki, həbsxanadan ailəsinə Skype vasitəsilə zəng vurmasına icazə verilsin

Qanunda ünsiyyətin bu növü nəzərdə tutulmayıb. Amma qadağan da edilməyib

Məhkum jurnalist Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsi rəhbərinin onun ailəsi ilə Skype vasitəsilə danışması haqda yazılı xahişini ədliyyə nazirinə göndərmədiyindən şikayətlənir. Bu haqda jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib. Azərbaycan qanunvericiliyində məhkumların video-zənglərdən istifadə edə bilməsi haqda heç nə yazılmayıb, amma bunla bağlı qadağa da yoxdur.

Tarixçə

Jurnalist Əfqan Muxtarlı Azərbaycan hakimiyyətinə qarşı ifşaedici məqalələri və kəskin tənqidi ilə tanınır. 2014-cü ildə o, Gürcüstana köçüb. 2017-ci ildə oğurlanaraq Bakıya qaytarılıb. Burada onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham edərək altı il müddətinə azadlıqdan məhrum ediblər. Muxtarlının özü oğurlanmasının günahını onu Azərbaycan tərəfinə “təhvil verən” Gürcüstanın güc strukturları və Gürcüstan hökumətində görür. Amnesty International hüquq müdafiə təşkilatı Muxtarlını “vicdan məhbusu” olaraq tanıyıb. Onun adı həmçinin Siyasi Məhkumların Müdafiəsi Mərkəzinin tərtib etdiyi siyasi məhbuslar siyahısına daxil edilib.

• Əfqan Muxtarlı oğurlanması və həbsi barədə

• Tbilisi artıq azərbaycanlı siyasi mühacirlər üçün sığınacaq deyil 

• Azərbaycanlı “vicdan məhbusları” məhbəs həyatı haqda danışır

İndi nə baş verir?

Jurnalist məhkum ediləndən sonra onun həyat yoldaşı Leyla Mustafayeva övladı ilə birlikdə Avropaya mühacirət edib.

“Bizim beş yaşlı qızımız atası ilə yalnız telefonda danışmaqdan yorulub və onu görmək istəyir. Onun ciddi psixoloji problemləri var”, – “Kavkazskiy uzel” Mustafayevaya istinadən yazır.

Onu həyat yoldaşının səhhəti də narahat edir, bir müddət karserdə saxlanılandan sonra onun sağlamlığında problemlər yaranıb. Bunu ictimai müdafiəçi Samir Əsədli də təsdiqləyir.

“Son həfələrdə Əfqan kürəyində möhkəm ağrıdan və bəlğəmli öskürəkdən şikayətlənir. Əvvəlki xəstəlikləri – şəkərli diabet və təzyiq onu narahat edir. Baxmayaraq ki, ailəsi mənə vəkalət verib, Əfqanla görüşlərimə icazə vermirlər. Jurnalist mənə yalnız zəng vura bilir”, – Əsədli bildirib.

Qanunvericilik köhnəlib?

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən qanunvericilikdə məhkumların Skype-dan istifadə etməsinə icazə verilməsi ilə bağlı qeydin olmadığına istinad edirlər.

Nazirə ünvanlanmış məktuba gəlincə, şöbədən bildiriblər ki, əllərində belə bir məlumat yoxdur.

“Cəzaların icrası haqda məcəllə qəbul ediləndə Skype hələ yox idi. Qanunlar yaxşı yöndə dəyişməlidir. Bir çox dünya ölkələrində məhkumlara doğmaları ilə internet vasitəsilə ünsiyyət saxlamağa icazə verilir. Üstəlik internet rabitə hətta məhkəmələrdə ifadə vermək üçün də istifadə olunur”, – hüquq sahəsində ekspert Yalçın İmanov deyir.

O, əlavə edir ki, cəza müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlıqları haqda qanunun 17-ci maddəsinə əsasən məhkumlar məhdudiyyətsiz məktub və teleqram göndərmək hüququna malikdir. Odur ki, Muxtarlının məktub göndərməsinə maneə törədilməsi açıq-aşkar qanun pozuntusudur.


More on JAMnews