26 aprel saat 13:30-a olan məlumata görə, hələlik partlayışın səbəbləri və ölənlərin dəqiq sayı məlum deyil. Hadisə aprelin 25-i təxminən 21.50-də baş verib. İlkin məlumata görə, iki nəfərin öldüyü, yeddi nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Avtobus sürücüsü yaralanmayıb və hazırda ifadə verir. Ermənistan Cinayət Məcəlləsinin 279-cu maddəsinin 3-cü hissəsi ilə (təhlükəsizlik tələblərinə cavab verməyən malların istehsalı və ya satışı, işlərin yerinə yetirilməsi və ya xidmət göstərilməsi iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb. İş icraat üçün Ermənistan İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlərin istintaq idarəsinə verilib.
Erməni mediası Ermənistanın polis rəisinə istinadən bildirir ki, avtobus dizel yanacağı ilə işləyirdi. Bu o deməkdir ki, partlayış Ermənistanda bir çox nəqliyyat vasitələrinin təchiz olunduğu qaz ballonunun partlaması nəticəsində baş verməyib. Polis mümkün teror aktı haqqında şayilələri nə təkzib, nə də təsdiq edir. Hadisənin baş verdiyi Alabyan küçəsində, Estonakan küçəsi ilə Arzumanyan küşəsi arasındakı hissədə hərəkət hələlik tamamilə dayandırılıb.