Yerə atılmış siqaret kötüyünə görə 80 lari. Tbilisidə zibilə görə cərimə tətbiqinə başlandı
Paylaşmaq
Paylaşmaq
Bu gündən etibarən küçəyə zibil atmaq cəzasız məşğuliyyət olmayacaq. Aprelin 3-dən Tbilisinin mərkəzi rayonlarında qara gödəkcəli insanlar növbə çəkməyə başlayacaq, onlar küçələrin zibillənməsinə görə şirkətləri də, fərdi şəxsləri də cərimələyəcəklər.
İlkin mərhələdə “Tbilservis Qrupu”nun müfəttişlər mərkəzi ərazilərə və populyar turistik məkanlara nəzarət etməyə başlayacaqlar. əvəlcə onların sayı 20 nəfər olacaq. İlk iki həftədə onlar cərimə etməyəcəklər, sadəcə profilaktik söhbətlər və gözlənilən sanksiyalar haqda xəbərdarlıqla kifayətlənəcəklər.
Bu arada cərimələr ciddidir və hər növ zibilə aid edilir – məsələn, yerə atılmış siqaret kötüyü, polietilen paket, yemək qırıntıları, heyvan nəcisi.
2 kq-a qədər çəkidə zibilə (siqaret kötüyü də daxil olmaqla) görə 80 lari cərimə nəzərdə tutulub. Əgər zibil binanın pəncərəsindən atılıbsa, o zaman 100 lari.
Çəkisi 2 kq-dan artıq olduqda cərimə 150 lari olacaq. Eyni həcmdə zibilin binadan atılmasına görə 500 lari.
Yeni nizamlamalara əsasən, ərazinin it və ya digər ev heyvanlarının nəcisi ilə zibillənməsi 50 lari cərimə ilə cəzalandırılır. Əgər heyvanın sahibi çirklənmiş ərazini təmizləsə, o, cərimədən azad ediləcək.
Avtomobil təkərlərinin tullanmasına görə ayrı-ayrı sanksiyalar nəzərdə tutulub. Küçəyə 1-dən 5 ədədə qədər təkərin tullanmasına görə 150 lari cərimə ödəmək lazım olacaq. Beş təkərdən artıq olduqda isə 500 lari. Bu nizamlama velosiped təkərlərinə aid edilmir.
Ətraf mühitin zərərli tullantılarla çirkləndirilməsinə görə fiziki şəxslər üçün 400 lari, hüquqi şəxslər üçünsə 1000 lari cərimə nəzərdə tutulur.
Cərimələr aprelin 17-dən yazılmağa başlanacaq.
İlk mərhələdə müfəttişlər şəhərin mərkəzi hissəsini, turistik zonaları, parkları, bağçaları, ictimai toplaşma məkanlarını nəzarətdə saxlayacaqlar. Onlar piyada gəzəcəklər. Amma bu, sürücüləri məsuliyyətdən azad etməyəcək. Məsələn, əgər müfəttiş sürücünün avtomobilin pəncərəsindən siqaret kötüyü atdığına şahid olsa, müvafiq məlumatı patrul polisinə ötürəcək və patrul polisi özü sürücünü cərimələyəcək.
Müfəttişlər video və fotokameralarla təchiz olunacaqlar, buna görə də qanun pozucularının özlərini təmizə çıxarması çətin olacaq.