Ermənistan XİN-i baş nazirin əleyhinə çıxıb? Xarici işlər naziri istefa verib
Ermənistanda qalmaqal baş verib. Baş nazir ölkə XİN-in təkzib etdiyi bəyanatla çıxış edib. Nəticədə xarici işlər naziri Zoqrab Mnasakanyan istefa verib.
Baş nazir Nikol Paşinyan artıq bir neçə gündür Qarabağda müharibənin qarşısının alınması ilə bağlı danışıqlardan söhbət açarkən deyir ki, “7 rayonu, o cümlədən Şuşanı Azərbaycana verməyə razılaşsaydıq, müharibədən qaça bilərdik”.
Noyabrın 16-sı parlamentdə çıxış edən baş nazir yenidən bəyan edib ki, o, 2018-ci ildə vəzifə başına keçəndə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıq prosesi dönməz şəkildə ərazilərin verilməsinə aparırdı. O növbəti dəfə söyləyib ki, söhbət təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı rayonlardan deyil, həm də Şuşa şəhərindən gedir.
Parlamentdən birbaşa yayıma paralel olaraq, Ermənistan mediası XİN-in mətbuat katibi Anna Naqdalyanın sözləri ilə bu bəyanatın təkzibini dərc edib. Naqdalyan bəyan edib ki, “Dağlıq Qarabağ üzrə sülh prosesinin heç bir mərhələsində Şuşa şəhərindən imtina barədə məsələ qaldırılmayıb”.
Naqdalyanın bəyanatı barədə Nikol Paşinyana birbaşa Milli Məclisin zalında xəbər veriblər.
O zaman baş nazir deyib ki, Azərbaycan tərəfi minimum ora öz qaçqınlarının qayıtmasını tələb edib.
“Naziri isə (xarici işlər) işdən çıxarmaq qərarına gəldim”, – Paşinyan əlavə edib.
Bu bəyanatdan bir neçə dəqiqə sonra Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın istefa verdiyi məlum olub.
Nazirliyin mətbuat katibi Facebook-dakı səhifəsində Mnasakanyanın bəyanatını dərc edib, orada deyilir:
“İstefamı qəbul etməyinizi xahiş edirəm. Göstərdiyiniz etiamada və birgə işə görə minnətdaram”.
Zoqrab Mnasakanyan xarici işlər naziri vəzifəsini 2018-ci ilin mayından icra edib. Onu 2018-ci il “məxməri” inqilabdan sonra baş nazir Paşinyan özü bu vəzifəyə təyin edib.
