Vladimir Putin Suriyadan qoşunları çıxarır
Dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib və Rusiya qoşunlarının bu ölkədən çıxarılmasına başlandığını bəyan edib. Bu haqda CNN Rusiya informasiya agentliyinə istinadən xəbər verib.
Bundan beş gün əvvəl Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib ki, “Suriya terrorçulardan tam azad edilib”. Putin Rusiyanın Xmeymim aviabazasından qoşunların çıxarılmasına başlamağı əmr edib. Putinin sözlərinə görə, qoşunların tam çıxarılması nəzərdə tutulmur, amma söhbət “kontingentin əhəmiyyətli hissəsinin vətənə qayıtmasından” gedir.
O bildirib ki, “İslam dövləti” üzərində qələbə çalınıb, amma hər ehtimala qarşı Rusiya hərbçilərinin bir qismi Suriyada qalmalıdır. “Əgər terrorçular yenə də başlarını qaldırsa, o zaman biz onlara hələ görmədikləri ağırlıqda zərbə endirəcəyik”, – Putin deyib.
Ötən həftə Vladimir Putin bəyan edib ki, 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində yenidən – dördüncü səfər namizədliyini irəli sürəcək. Suriyadan qoşunların çıxarılması haqda bəyanat bir çox KİV-də Putinin reytinqinin qaldırılmasına hesablanmış seçkiqabağı addımı, eyni zamanda Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar ərəfəsində ABŞ və Aİ ilə münasibətlərdə güzəştə getməsi kimi dəyərləndirilib.
İŞİD ilə mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bəyan edib ki, regionda terrorun “tam süqutuna” qədər Suriyadakı fəaliyyətini davam etdirir. Daha 59 ölkənin birləşdiyi bu koalisiya Suriya ərazisində Əsəd hakimiyyəti ilə razılaşdırmadaan anti-terror əməliyyatları həyata keçirir..
2016-cı ilin martında Vladimir Putin dünənkinə bənzər bəyanatla çıxış etmişdi. O zaman o, Rusiya hərbi qruplaşmasının “əsas hissəsinin” çıxarılması göstərişini vermişdi. Bu bəyanatın ardınca real addımlar atılmadı, Rusiya hərbçiləri Suriyada qaldı.
Rusiyanın Suriyadakı hərbi əməliyyatı 2015-ci ilin sentyabrında başlayıb. Reuters agentliyinin məlumatına görə, əməliyyatlar zamanı Suriyada 80-ə yaxın Rusiya hərbçisi həlak olub. Rusiya hakimiyyəti 45 nəfərin həlak olduğunu bildirir.