Azərbaycanda valyuta almaq üçün artıq səbəbini və vəsaitin mənbəyini izah etmək lazımdır
Azərbaycanda Amerika dollarının alınması qaydaları sərtləşdirilib. İndi 500 dollardan artıq valyuta almaq üçün səbəb, təyinat və mübadilə edilən vəsaitin mənbəyi izah edilməlidir. Eyni qaydalar digər valyutalara da aiddir. Vətəndaşlar bunu hakimiyyətin onların hər addımını nəzarətdə saxlamaq cəhdi kimi qəbul edib. Bəzi iqtisadçılar isə hesab edir ki, tətbiq olunan yeni qayda qara bazarın çiçəklənməsinə səbəb olacaq.
- Tanınmış azərbaycanlı jurnalist atasının ölümündə səhiyyəni günahlandırıb
- Ermənistanda koronavirusun iqtisadi fəsadlarının qarşısını almaq üçün kimə və hansı yardım göstəriləcək?
- Maska, baryerlər, bahalaşma. Gürcüstanda pandemiyadan sonra turizm necə olacaq?
2020-ci ilin əvvəlində neftin qiyməti ucuzlaşmağa başlayanda Azərbaycada devalvasiya ehtimalından qorxan insanlar dollar almağa başladılar. Amma hökumət hələlik dolların məzənnəsini olduğu səviyyədə saxlaya bilir: 1 dollar 1,7 manatdır. Odur ki, təşviş bir müddət sonra keçib getdi.
Valyuta nəyimizə lazımdır?
Mərkəzi Bankın elan etdiyi yeni qaydalara əsasən, 500 dollardan çox valyuta aldıqda, blank doldurmaq, ad, soyad, telefon nömrəsi, mübadilə edilən pulların mənbəyi və mübadilə məqsədini göstərmək lazımdır.
Mübadilə edilən məbləğ 20 min manatdan [12 min dollara yaxın] çox olduqda bu şəxslər Maliyyə Monitorinqi Xidmətinin nəzarəti altına düşürlər – Fed.az saytı məlumat verib. Bu halda əlavə sənədlər təqdim etmək lazımdır. Məsələn, əgər mübadilə edilən pulu həmin şəxs ev satışı nəticəsində əldə edibsə, satış haqda notarial qaydada təsdiqlənmiş sənədi təqdim etməlidir.
Sahibinin mənbəyini izah edə bilmədiyi vəsaitin 14 faizi qədər vergi ödəmək lazımdır.
Qəzəb, bədbin proqnozlar və razılıq
İqtisadçı Natiq Cəfərli bu sərtləşməni “absurd” adlandırıb. Onun fikrincə, Mərkəzi Bank süni yolla valyuta tələbatını azaltmaq, valyuta alışını nəzarətdə saxlamaq və bu yolla manatın məzənnəsini stabil saxlamaq istəyir.
“Bu absurd qaydalar nəyə gətirəcək: 1) Ölkədə yenidən qara bazar yaranacaq, zənglə, watsapp-la dollar satılacaq, 2) Ölkədə bir rəsmi, bir də qara bazar məzənnəsi olacaq – hətta özbəklər belə bundan imtina etdilər, bizimkilər indi bu səhv yolla gedir, 3) Ölkədə valyuta alınmasının çətinləşməsi xaricdən gələn malların qıtlığına, bahalaşmasına səbəb olacaq – qara bazar məzənnəsi də malın qiymətinin üzərinə gələcək, 4) Ölkədən valyuta çıxışı azalan kimi daxildə iqtisadi aktivlik də azalır – bu isə daha çox işsizlik, daha çox sosial gərginlik deməkdir, 5) MB və hökumət sevinir ki, son hərraclarda dollar az satılır, daha anlamırlar ki, bu dolayısı ilə iqtisadiyyatın durğunluq nöqtəsinə gəlməsinin, insanların alıcılıq qabiliyyətinin itirməsinin göstəricisidir”, – Cəfərli bildirir.
Yeni qaydaları artıq öz üzərində sınamış valyuta alıcıları naxoş təəssüratları ilə bölüşüblər:
“Blank doldurmaq lazım olduğunu deyəndə çox əsəbiləşdim. Məncə, bu, şəxsi həyata müdaxilədir. Mən 500 avro alırdım. Yazdım ki, kredit kartıma qoymaq istəyirəm. Əslində isə şkafa, qutunun içinə qoydum. Çünki mənə pulumu belə yığmaq daha rahatdır. Onların nəyinə lazımdır ümumiyyətlə? Elə təəssürat vardı, sanki cibimə girirlər. Sanki pulqabıma baxır, alt paltarlarımı eşələyirlər”, – Bakı sakini Təranə qəzəbini ifadə edir.
Mühasib və auditor Arzu Vəliyeva isə hesab edir ki, yeni qayda mənasız deyil.
“Bu, çirkli pulların yuyulmasının, terrorun maliyyələşdirilməsinin, yaxud sadəcə deklarasiya edilməyən gəlirlərin qarşısını almaq üçün adi vergi nəzarətidir. Anlayıram ki, sadə vətəndaşlar üçün bu prosedur xoş deyil, həm də uzunçuluqdur, amma dövlət üçün ümumilikdə bunun faydası var. Və nə deyiriksə, deyək, bu, valyuta əməliyyatlarının doğru, sivil yoludur”.