Ukraynadakı müharibə səbəbindən Abxaziya vasitəsilə yükdaşımaların həcmi üç dəfə artıb. Tbilisi nə düşünür?
Abxaziya vasitəsilə yükdaşımaların həcmi
Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Abxaziya vasitəsilə tranzit ticarəti xeyli artıb. Rusiyadan yüklər Abxaziya limanlarına dəmir yolu ilə çatdırılır və Türkiyəyə daşınır. Bu yoldan əks istiqamətdə – Türkiyədən Rusiyaya yükdaşımalar üçün də istifadə olunur.
Təkcə son beş ayda Abxaziya dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin bütün göstəricilərindən çoxdur.
- “Biz hər şeyi bacarırıq”: Abxaziyada əmək miqrantlarının vəziyyəti
- Yeddi ölkə Rusiyanı Abxaziya və Cənubi Osetiyanı tanımasını geri çəkməyə çağırıb
“Əsas tranzit yükü kömürdür. Bununla belə, çeşid hər dəfə genişlənir. Məsələn, bu yaxınlarda biz ilk dəfə hidrogen peroksidi daşıdıq. İndi biz Tatarıstandan Türkiyəyə göndərilən fanerlərin daşınması üçün çoxlu sifarişləri yerinə yetiririk”, – Abxaziya dəmir yolunun nümayəndəsi deyir.
Abxaziya dəmir yolu stansiyasına yüklərin daşınması üçün sifarişlər artır, lakin texniki problemlər bütün həcmin istifadəsinə mane olur. Xüsusilə, Abxaziya dəmir yolu böyük tutumlu konteynerləri qəbul etmək və emal etmək üçün uyğunlaşdırılmayıb. İndi rəhbərlik bu problemi həll etməyə çalışır və yəqin ki, iyunun sonunadək Abxaziya ərazisindən iri tonajlı yüklərin tranziti mümkün olacaq.
Artıq ikinci gündür ki, JAMnews Gürcüstan Xarici İşlər Nazirliyindən Abxaziya ərazisindən yükdaşımaların artması ilə bağlı bir neçə suala cavab almağa çalışsa da, nəticəsi olmayıb.
Dəniz nəqliyyatı agentliyi bunun onların səlahiyyətlərinə aid olmadığını əsas gətirərək suala cavab verməyib.
İqtisadiyyat Nazirliyindən JAMnews-a bildiriblər ki, onların belə bir məlumatı yoxdur. Türkiyənin Gürcüstandakı səfirliyi də belə bir məlumata malik olmadıqlarını bildirir.
Ankara Rusiyanın Ukraynaya təcavüzünü pisləsə də, Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayan yeganə NATO üzvüdür. Bundan əvvəl prezident Ərdoğan Rusiyanın qondarma LXR və DXR-in müstəqilliyini tanımasını qəbuledilməz adlandırıb.
Sanksiyaları rədd edən Rəcəb Tayyib Ərdoğan bunu təbii qaza olan ehtiyacla izah edib və tələb olunan resursların az qala yarısının Rusiyadan gəldiyini bildirib. O, Rusiyanın yardımı ilə AKKUYU Atom Elektrik Stansiyasının tikintisini də xatırladıb.
“Birincisi, mən xalqımı qışın soyuğunda qoyub gedə bilmərəm. Bundan başqa, mən sənayemizi dayandıra bilmərəm”, – deyə Ərdoğan bildirib.
Rusiya ilə Türkiyənin sıx iqtisadi əlaqələri var. Türkiyə Rusiya üçün beşinci, Rusiya isə Türkiyə üçün onuncu ən böyük ixrac bazarıdır.
Türkiyə Statistika Xidmətinin məlumatına görə, bu ilin fevral ayında Rusiya vətəndaşlarının ölkədə mənzil alması ilə bağlı məlumatlar 96 faiz artıb. “Forbes”in məlumatına görə, mart ayında Rusiya vətəndaşları Türkiyədə 64 şirkət qurublar ki, bu da fevraldakından iki dəfə çoxdur. Bundan əlavə, investisiya nəticəsində vətəndaşlıq əldə etmək imkanı Rusiya oliqarxları üçün asan həll yoludur.
Eyni zamanda, Türkiyənin Ukrayna ilə də sıx əlaqələri var. İqtisadi əlaqələrlə yanaşı, Ankara Kiyevi silahla təmin edir. Bunlar ukraynalıların Rusiya ordusuna qarşı uğurla istifadə etdikləri Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarıdır. Bundan başqa, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Ankara Bosfor və Çanaqqala boğazlarını döyüş gəmiləri üçün bağlayıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Türkiyə iki ölkə arasında əsas vasitəçi olmağa çalışır və onlar arasında danışıqlar İstanbulda aparılıb. Ərdoğan bir müddət əvvəl Türkiyənin hər iki ölkəni dost hesab etdiyini bildirib. Eyni zamanda, Ankara Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.