Ukrayna məhkəməsi azərbaycanlı jurnalisti azad edib
Ukrayna məhkəməsi oktyabrın 14-də Kiyevin “Borispol” aeroportunda sərhədçilər tərəfindən saxlanılan azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynovu azad edib. Bu haqda Hromadske-yə Hüseynovun vəkili Dmitri Mazurok məlumat verib.
Vəkilin sözlərinə görə, Hüseynovu deputat Nikolay Knyajnitski və Ukraynanın Helsinki İnsan Haqları İttifaqı nəzdində Vəkil Mərkəzini direktoru Boris Zaxarovun zəmanəti ilə buraxıblar.
Müdafiəçi əlavə edib ki, jurnalist artıq Azərbaycanın Ukraynadakı səfiri ilə görüşüb və hazırda səfirlikdədir.
Eyni zamanda vəkil bildirib ki, jurnalistin ekstradisiyası tələbi ləğv edilməyib, prokurorluğa bu məsələnin həlli üçün 60 günlük müddət verilib.
Xatırladaq ki, Fikrət Hüseynov oktyabrın 14-də “Borispol” aeroportunda sərhədçilər tərəfindən saxlanılmışdı. Onun haqqında dələduzluq, sənəd saxtakarlığı və qanunsuz miqrasiya ittihamları ilə İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.
Hüseynovun çalışdığı Azərbaycanın müxalif “Turan TV” kanalının baş redaktoru Qənimət Zahidov Hromadske-yə bildirib ki, Azərbaycan hakimiyyəti jurnalisti müxalif baxışları və siyasi fəallığına görə təqib edir.