“Bu sənəddən heç nə qalmayıb”. Bakıdan şərh
Üçtərəfli bəyanat
İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmasından düz üç il keçir. Azərbaycanlı siyasi icmalçı Hacı Namazov deyir ki, bu sənəddən artıq heç nə qalmayıb: “Üçüncü ildönümü bu gün qeyd olunan üçtərəfli bəyanat bütün məntiqə zidd olaraq doğuldu və elə beləcə yox oldu”.
- “Zurabişvilinin petisiyası”: Nə deyir və kimlər imzalaya bilər
- İlham Əliyev: “Bizə yeni müharibə lazım deyil”
- Ermənistana ilk dəfə 2 milyondan çox turist gəlib
Siyasi icmalçı Hacı Namazov JAMnews üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı hazırkı vəziyyəti şərh edib.
“Bütün məntiqə zidd olaraq”
“Bütün məntiqə zidd olaraq”
“Bu gün 3-cü ildönümü qeyd olunan üçtərəfli bəyanat bütün məntiqə zidd olaraq doğuldu və elə beləcə yox oldu. Açıq desək, bu sənəddən artıq heç nə qalmayıb.
Son vaxtlar Azərbaycanda bir çoxu bu sualı verir və mən bu sualı sosial şəbəkələrdə bir neçə dəfə müxtəlif insanlardan eşitmişəm – Azərbaycan ordusunun antiterror əməliyyatının uğuru niyə Azərbaycanda ikinci Qarabağ müharibəsindəki qələbə qədər cəmiyyətin eyforiyasına səbəb olmadı?
Sual olduqca məntiqlidir, çünki sentyabrın 19-20-də keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan cəmi 23 saat ərzində Ermənistan ordusunun əvvəllər işğal etdiyi bütün ərazilərin demək olar ki, 25 faizini azad edib.
Çoxları bu fenomeni onunla izah edir ki, əməliyyatın çox qısa sürməsi və bütün qalan ərazinin demək olar ki, eyni vaxtda azad edilməsi səbəbindən 44 günlük müharibəki effekt baş verəməyib. Yəni ildırım sürəti ilə həyata keçirilən əməliyyat insanlara baş verənlərin tam miqyasını dərk etmək imkanı verməyib”.
Rusiya və onun regiondakı nüfuzu amili
“Ancaq mənə elə gəlir ki, burada başqa məsələ var. Məhz Rusiya və onun regiondakı nüfuzu amili.
Heç kimə sirr deyil ki, 2020-ci ilə qədər Rusiya münaqişənin hər iki tərəfini məharətlə manipulyasiya edib və orduların təmas xəttində silahlı toqquşmaların Kremlin müdaxiləsi ilə dayandırıldığı hallar çox olub.
2020-ci ilin payızında Azərbaycan ictimaiyyəti Qarabağda və işğal olunmuş digər ərazilərdə hərbi kampaniyanın müddəti ilə bağlı əmin deyildi. İnsanlar işğaldan azad edilmiş hər bir kəndə, şəhərə sevinir və düşünürdülər ki, Moskva bu irəliləyişi dayandırmaq üçün düyməni nə vaxt basacaq. Məsələ uzandıqca bu gözləntilər yox oldu. Şuşa artıq işğaldan azad ediləndən sonra Xankəndi artıq bir addımlıq məsafəsində idi.
Hamımız xatırlayırıq ki, o vaxt keçmiş DQMV-nin paytaxtında praktiki olaraq heç kim qalmamışdı. Şəhər demək olar ki, boş idi, bu barədə Arayik Harutyunyan özü bildirmişdi. Xankəndidə onlarla separatçı qalmışdı. Bütün Azərbaycan müharibənin məntiqi sonunu, yəni Xankəndinin azad olunmasını gözlədiyi bir vaxtda hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat ortaya çıxdı.
Bu, cəmiyyət üçün çox gözlənilməz oldu”.
“Bəyanat tezliklə əhəmiyyətini itirdi”
“Üç ildən sonra əminliklə deyə bilərik ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat rəsmi Bakının mahir diplomatik və hərbi addımları sayəsində birdən-birə əhəmiyyətini itirib.
Bu sənədin demək olar ki, bütün bəndləri indi öz aktuallığını itirib. Biz görürük ki, Rusiya sülhməramlıları bir-birinin ardınca postlarını bağlayır, onların hərbi texnikası rotasiya və təmir bəhanəsi ilə qatarlarda Azərbaycan ərazisindən keçərək Rusiyaya aparılır.
Yeri gəlmişkən, bu da vacib bir məqamdır. Axı Rusiya sülhməramlıları Qarabağa Ermənistan tərəfdən daxil olub. Geriyə isə əks istiqamətdən getməli oldular.
Artıq Qarabağda nə təmas xətti var, nə də Xankəndini Ermənistanla bilavasitə birləşdirən Laçın dəhlizi. Yəni bəyanatın mövzusu qalmayıb”.
“İran layihəni özünə götürdü, Ermənistan isə əliboş qaldı”
“Əlbəttə, vəziyyətin belə qəfil dəyişməsi Moskvanın planlarının bir hissəsi deyildi. Odur ki, indi suda boğulan adam saman çöpündən yapışan kimi bölgədə kommunikasiyaların açılması maddəsindən yapışmağa çalışır. Yəni Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yola Rusiya FTX-nin nəzarət etməli olduğu şərtin yerinə yetirilməsini tələb edir.
Üçtərəfli bəyanatın digər maddələrindən əsər-əlamət qalmadığı halda belə bir tələbin məntiqsizliyini bir kənara qoyub, bir məqama da diqqət çəkəcəyəm. Azərbaycanın qərbini Naxçıvanla birləşdirən yol özlüyündə yoxdur. Belə bir yol mövcud deyil. Bu üç il ərzində Ermənistan onun tikintisinə heç başlamadı da. Baxmayaraq ki, Yerevan kommunikasiyaları açmaq və logistikadan pul qazanmaq istəyi barədə bəyanatlar verməyi xoşlayır.
Azərbaycan isə Zəngəzur dəhlizi ilə bağlı artıq israrından vaz keçib. Bakı Yerevanı razılığa gəlmədiyi üçün cəzalandırmaq və onu məsələdən kənarda qoymaq qərarına gəlib. Daha doğrusu, bütün regional layihələrdən. Hazırda İran ərazisindən keçən yolun tikintisi üzrə aktiv iş aparılır.
Daha bir vacib detala diqqətinizi çəkmək istərdim. İran ilk gündən Zəngəzur dəhlizinin tikintisinin əleyhinədir. Tehran müxtəlif bəhanələrlə bu layihəyə qarşı çıxırdı və bu, Yerevanın xoşuna gəlirdi. Bəs sonda nə oldu? İran layihəni özünə götürdü, Ermənistan isə əliboş qaldı. Siyasət olduqca sərt nəsnədir.
Rusiyanın sülhməramlı kontingentinə gəlincə, düşünürəm ki, onlar özləri üçün ən yaxşı halda 2025-ci ilin noyabrında, üçtərəfli bəyannamənin müddəti bitəndə regionu tərk edəcəklər. Bəlkə daha tez. Zaman göstərəcək”.