Türkmənistandan gələn toz dumanı Bakını bürüyüb
Avqustun 23-də səhər saatlarından Azərbaycan paytaxtını qeyri-adi sarımtıl rəngə çalan toz dumanı bürüyüb. Bakı sakinlərinin bildirdiyinə görə, şəhərdə və şəhər kənarında görmə məsafəsi bəlli olacaq dərəcədə azalıb, bəzi yerlərdə tütün tüstüsünün qoxusuna bənzər qoxu hiss olunub.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaydığı press-relizdə bu təbiət hadisəsinin səbəbini izah edib. Məlum olub ki, Abşeron yarımadasını bürüyən toz Xəzər dənizi üzərindən qonşu Türkmənistandan gəlib.
Nazirlikdən onu da bildiriblər ki, “Bakıda və Abşeron yarımadasında zəif cənub-şərq küləyi, yüksək rütubət və yüksək hava temperaturu avqustun 26-a qədər havadakı tozun artmasına səbəb olacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “operativ iş rejiminə” keçdiyini bəyan edib.
Nəfəs yollarında problem olan insanlara evdən çıxmamaq tövsiyə olunub.