Türkiyə: qadınların qətli və onlara qarşı zorakılıq artır
Türkiyə: qadınların qətli
26yaşlı Dilək Yardım iki qız anası idi. Böyüyünün 4 yaşı tamam olmamışdı, kiçiyi isə iki yaşındaydı. Niyə keçmiş zamanda? Çünki Diləyin boşanmaq üzrə olduğu əri, qızların doğma atası onları öldürüb, ardınca da intihar edib.
Vəhşət yanvarın 3-də İstanbulun Maltəpə rayonunda 29 yaşlı Əli Yardımın kirayə tutduğu evdə baş verib.
2017-ci ildə öldürülənlər – 238 qadın, 4 qız uşağı
Yaydan bəri Əli ilə Diləyin boşanma prosesi davam edirdi. Boşanma iddiasını Dilək qaldırmışdı, çünki evləndikləri gündən əri tərəfindən döyülürdü, hətta bir dəfə bıçaqla da yaralanmışdı. Bütün bunları nəzərə alaraq, aidiyyatlı dövlət qurumları Diləyi qoruma altına alıb, Əli haqqında uzaqlaşdırma qərarı çıxarılıb.
Dilək eyni qorumanı qızları üçün də tələb etsə də, təmin olunmayıb. Hətta məhkəmənin ilkin qərarı ilə Əliyə polis nəzarətində həftədə bir dəfə qızlarını anadan alaraq, öz evində vaxt keçirmək icazəsi də verilib.
Dilək bunun təhlükəli olduğuna heç kimi, nə dövlət qurumlarını, nə də qohum-əqrəbanı inandıra bilməyib. Hamı israrla, atanın da uşaqlarını görmək hüququnun olduğunu deyib.
Belə görüşlərin birində qızları evinə aparandan sonra Əli Diləyə zəng vuraraq “qızlarını öldürdüm, indi xoşbəxtsənmi?” deyib.
Dilək dərhal polisə xəbər verib, özü də Əlinin qaldığı evə yollansa da, ora çatanda iş-işdən keçibmiş. Əli tüfənglə əvvəlcə qızları öldürüb, sonra da intihar edib.
Diləyin başına gələnlər Türkiyə üçün eyni zamanda adi və qeyri-adi hadisədir. Boşanmaq istəyən qadınların ərləri tərəfindən zorakılığa məruz qalması bu ölkə üçün adi haldır. Hadisəni qeyri-adi edən isə Diləkdən ayrılmaq istəməyən həyat yoldaşının onu cəzalandırmaq üçün onun özünü yox, öz doğma övladlarını öldürməsidir.
Qadınlara qarşı çox vaxt ölümlə nəticələnən zorakılıq Türkiyənin ən böyük problemlərindən biridir. Ancaq 2017-ci ildə 238 qadın və 4 qız uşağı qətlə yetirilib. Bu hallar getdikcə artır və daha şiddətli vəziyyət alır.
Qadın hüquqları ilə məşğul olan bir sıra ictimai təşkilatlar www.kadincinayetleri.org (tərcümədə “qadın qətlləri”) saytını yaradaraq ölkədə qadınların öldürülməsi ilə bağlı statistikanı, cinayətlərin törədilmə xəritəsini, qatillərin kimliyini, qətllərin səbəblərini araşdırıb.
CNN Türk-ün kadincinayetleri.org saytına istinadən yaydığı statistikaya əsasən, 2010-2017-ci illər arasında ölkədə 1915 qadın öldürülüb. Qətl edilən qadınlardan 62 faizinin (1193-nün) qatili həyat yoldaşı və ya sevgilisi olub. 213 qadın atası, oğlu və ya qardaşı, 114 qadın isə digər kişi qohumu tərəfindən qətl edilib.
Səbəblərə gəlincə, ən azı 395 qətlin səbəbi qadının ayrılmaq və ya boşanmaq istəyidir. Səbəblər (və ya bəhanələr) sırasında aldadılma şübhəsi, qısqanclıq öndə gəlsə də, “qadınıın yeməyə tomat pastası vurması”, “kişinin kişiliyinə lağ etməsi”, “qadının kişidən şikayət etməsi” və ya “qadının telefon şifrəsini söyləməməsi” də var.
Öldürülən 1915 qadından 373 nəfəri 19-25, 751 nəfəri 26-40, 369 nəfəri 41-55 yaşlarında olub.
2018-ci ilin ilk ayında aydınlanan qadın qətllərindən biri də ötən ilin martında Van vilayətində baş verib. 18 yaşlı G.A.-nın üzərində 32 bıçaq yarası olan meyiti boş ərazidə tapılmışdı. Ailə üzvləri istintaqa qızın keçmiş sevgilisi tərəfindən təhdid edildiyini bildirdikləri üçün həmin şəxs həbs olunmuş, üç ay sürən araşdırma nəticəsində onun günahsız olduğu ortaya çıxmışdı.
Yanvarın 15-də isə Van hüquq-mühafizəçiləri bu qətllə bağlı G.A.-nın son sevgilisi və onun üç dostunu həbs edib. Bu səfər qatil cinayəti etiraf edib.
O, bildirib ki, sevgilisi G.A. ilə həmin boş ərazidə gəzdikləri zaman zarafatla ona şillə vurub, qız da cavabında onun ölmüş anasını söydüyü üçün özündən çıxıb və cibindəki bıçaqla sevgilisinə zərbələr endirib. Daha sonra üç dostunu çağırıb ki, qızın ölüb-ölmədiyini yoxlasınlar, keçindiyindən əmin olanda isə oranı tərk ediblər.
2017Türkiyə Psixiatriya Dərnəyinin ötən il 25 noyabr Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə yaydığı bəyanat yayıb:
“Zorakılıq qaçılmaz deyil, əngəllənə bilər və əngəllənməsi xüsusilə qız uşaqlarının həyatı üçün çox önəmlidir”, – bəyanatda deyilir.
Dərnəyin rəyincə, bundan ötrü bütün cəmiyyət və dövlət olaraq səfərbər olmaq gərəkdir.
Onlar həmçinin hesab edirlər ki, media və reklamçılıq sekssizmi təbliğ edir, dindən isə qadınlara qarşı zorakılığa haqq qazandırmaq üçün sui-istifadə olunur.
“Dövlətlər qadına qarşı zorakılığa qarşı beynəlxalq konvensiyaların tələblərini yerinə yetirmir. Buna görə də profilaktik strategiyaların uzun müddətli və qalıcı təsiri olması üçün onlar mükəmməl olmalıdır. Bir çox sektor, tərəf və təbəqənin əlini daşın altına qoyması lazımdır. Cəmiyyətdə cinslər arasında bərabərliyi təmin etmək üçün kampaniyaların, məktəblərdə müəllim və şagirdlərə istiqamətlənmiş əhatəli təlimlərin, qadınları iqtisadi gücləndirmə və gəlir dəstəyi kimi tədbirlərin zorakılığın qarşısını aldığına dair gün keçdikcə daha çox sübut ortaya çıxır”, – dərnəyin bəyanatında deyilir.
“Qadın cinayətləri zamanı “ağır söyüş söydü, çox qəzəbləndim, öldürdüm” kimi bəhanələrin cəzanı azaltması yolverilməzdir! Zorlanan qadının və ya daha betər yetkinlik yaşına çatmayan qız uşağının təcavüzçü ilə evləndirilməsi və bu durumda da həmin təcavüzçünün cəzasının yüngülləşdirilməsi heç bir ağıla, məntiqə sığmır!”, – Türkiyənin məşhur psixiatrı Arif Verimli bildirir.
Türkiyə Psixiatriya Dərnəyi həmçinin bir sıra qanun dəyişiklikləri də təklif edir. Bu təklifllər arasında ilk sıralarda aşağıdakılar gəlir:
• Qadın qətl edildiyi zaman “haqsız təhrik” bəhanəsinin “yüngülləşdirici hal” kimi dəyərləndirilməsinin ləğvi,
• Təcavüzçü və uşaq istismarçılarına qurbanla evləndiyi zaman cəza endirimi tətbiqinin ləğvi,
• Müftilərdən rəsmi nikah kəsmək səlahiyyətinin alınması və s.