Türkiyə NATO-nu tərk edəcəkmi?
Rusiya və Türkiyə liderləri fəal şəkildə iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəsini qaytarır. Bu yaxınlarda Sankt-Peterburqda keçən mühüm görüş zamanı Ərdoğan keçmiş illərdəki hədəfini yenidən təkrarladı: “Elə etməliyik ki, Türkiyə ilə Rusiya arasındakı iqtisadi və ticarət əməkdaşlığının həcmi 100 milyard dollara çatsın.
Bu çox güman ki, o deməkdir ki, iki iddialı layihə olan “Türk axını (qaz borusunun Qara dənizin dibi ilə Anapadan Türkiyəyə tikintisi) və Türkiyədə Akkuyu nüvə elektrik mərkəzinin tikintisi reallaşdırılacaq.
Türkiyə və Rusiyanı çoxlu sayda ortaq maraqlar birləşdirir. Buna görə də ikitərəfli iqtisadi və ticarət münasibətlərinin, turizm və çarter reyslərinin bərpa olunacağı təbii bir haldır.
Amma iki dövlətin yaxınlaşması üçün daha vacib bir səbəb də var: Rusiyanın da ABŞ və Avropa ilə münasibətləri soyuyur.
Rusiya məsələsində bu Ukrayna hadisələrinə görə baş verir. Türkiyə isə Ankaranın terrorçu hesab etdiyi və bu yaxınlarda baş verən hərbi çevriliş cəhdində ittiham etdiyi Fətullah Güləni deportasiya etməkdən imtina etdiyinə görə ABŞ-a acıqlıdır. Bundan başqa da Türkiyə Qərbin bu cəhdi daha qətiyyətlə pisləməyini gözləyirdi. Həm də Avropa İttifaqı artıq 53 ildir ki, Türkiyənin öz tərkibinə keçməklə bağlı sorğusunu qəbul etmir.
Bütün bu səbəblərə görə də Türkiyə və Rusiya strateji tərəfdaşa çevrilirlər.
Türkiyə çox güman ki, NATO üzvlüyündən çıxmayacaq, ancaq Rusiya ilə ən sıx əlaqəsi olan NATO ölkəsinə çevriləcək.
Bütövlükdə Ankara NATO çərçivəsində əməkdaşlıqdan narazıdır.
İlk növbədə, Türkiyə NATO ölkələri ilə birgə hərbi istehsalı gücləndirə bilmir. Çünki, NATO ölkələri müasir hərbi texnologiyaları Türkiyəyə vermirlər.
Ona görə də Türkiyə NATO xaricindəki dövlətlərlə hərbi əməkdaşlıq strategiyasını reallaşdırmağa çalışır. İlk növbədə də Rusiya ilə.
Ərdoğan avqustun 9-da Sankt-Peterburqda Putinlə keçirilən görüşdə belə bir cümlə işlətdi: “FETÖ (Fətullahçı Terror Təşkilatı) Türkiyə ilə Rusiyanın arasını pozmaq istəyirdi. Bununla Ərdoğan əslində Qərbin Türkiyə-Rusiya əməkdaşlığında maraqlı olmadığına işarə vurdu. Çünki, Türkiyədə belə bir inam var ki, Fətullah Gülənin arxasında Qərbin maraqlı dairələri dayanır.
Rusiya-Türkiyə yaxınlaşmasına baxmayaraq, iki ölkə arasında problemli mövzu qalır: Suriya.
Moskva Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Ankara isə Suriyada Əsədin prezidentliyi dövründə sülhün mümkün olmayacağına inanır.
Buna baxmayaraq, Ankara əvvəlki illərdə olduğu kimi Suriya mövzusuna görə Kremllə dərin fikir ayrılığı yaşamaq istəmir. Təsadüfi deyil ki, Rəcəb Təyyib Ərdoğan keçmiş aylarda olduğu kimi Rusiyanı Suriyaya müdaxilə etməkdə, Əsədə dəstək verməkdə ittiham etmir.
Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agentliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Halbuki, əvvəlki aylarda Ərdoğan “Rusiyanın Suriyada nə işi var sualını səsləndirirdi.
Ərdoğanın ritorikası dəyişir. Suriya məsələsində türkiyəli və rusiyalı hərbçilər və diplomatlar təmasları genişləndirəcəklər, ortaq komissiya quracaqları gündəmdədir.
Bu komissiyaların əsas vəzifəsi Suriyada DAİŞ terror qruplaşmasını neytrallaşdırmaqdır. Bu məsələdə Ankara Kremlin mövqeyi ilə razıdır.
Ərdoğan Putinlə elə həmin görüş zamanı yeni təklifini də səsləndirdi: “Türkiyə-Rusiya-Azərbaycan formatı yaradılsın.
Türkiyə regional əməkdaşlıqda üçtərəfli formatlara üstünlük verir. Məsələn buna oxşar başqa formatlar var:
• Türkiyə-Azərbaycan-İran,
• Türkiyə-Azərbaycan-Gürcüstan,
• Türkiyə-Azərbaycan-Türkmənistan.
Ərdoğan təklif etdiyi formata İranın da iştirakını mümkün sayır.
Ərdoğanın bu yaxınlarda Tehrana səfər edəcəyi istisna deyil. Amma onun yaxın müddətdə nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə səfəri mümkündür.
Bütün bunlar o deməkdir ki, Türkiyə üzünü yaxın ətrafına çevirir.
Dərc edilib: 13.08.2016