Turistlərin yolunun üstündə olmayan Bakıdan 10 gözəl mənzərə
İçəri Şəhərin səliqə-sahmanlı küçələri ilə gəzişməklə Bakının ab-havasını hiss etmək mümkün deyil.
Bakılıların sevdiyi və ya ən azı həyatının mühüm bir hissəsi kimi dəyər verdiyi çoxlu sayda başqa yerlər də var. Onların şəklini reklam bukleti üçün quş uçuşu hündürlüyündən çəkməyəcəklər. Və bu, ədalətsizlikdir. Çünki bu yerlərin hər birinin də öz gözəlliyi var.
• Demək olar ki, hər şeyin satıldığı Bakının “Təzə bazarı”ndan 28 foto
• Bakıda Ramazan bayramı 12 fotoda
Yeri gəlmişkəm, bu, ancaq redaksiyanın fikri deyil, biz həm də bakılılarla məsləhətləşdik ki, həmin yerlərdən hər birinin onlar üçün əhəmiyyəti və gözəlliyinin nədən ibarət olduğunu bilək.
Neftçilər
“Vosmoyun bazarı” kimi tanınan bu yerdə həqiqətən də nəhəng bir bazar yerləşir. Təmir, interyer, vanna otağı və mətbəx üçün hər şey, bundan başqa da paltar, meyvə və tərəvəz satılır. Bu bazar haqqında roman və saqalar yazmaq olar, bura həm də portret çəkən rəssam üçün əla bir yerdir. Yeri gəlmişkən, ən ucuz qiymətlər də buradadır.
Yaxınlıqda, körpünün altında heç də “elit” olmayan fahişələrə rast gəlmək olar. Xidmətlərinin qiyməti bazarda iki rulon divar kağızının qiyməti qədərdir. Ya da vanna otağı üçün pərdənin.
• Azərbaycansayağı seks-turizm: ərəb yayı
Həzi Aslanov
Dənizə yaxın yerləşir. Nisbətən təzə rayon olduğu üçün çox sayda yeni tikililər gözə dəyir. Yuxarı mərtəbələrdə fotoqrafların diqqətindən kənarda qalan valehedici “urbanistik” qürub açılır. Fotoqraflar isə ancaq çimərlikdə günün batmasını çəkməyi üstün tutur.
Əhmədli
“Ora şəhərdir ki?” – şəhərin mərkəzində yaşayanlar deyir. Əslində bura şəhərin cənub-şərq hissəsidir. Bakılı ev almaq üçün pulunun olmadığından şikayətlənəndə, deyir “hardasa Əhmədliyə getməli olacam”. Əhmədli sakinləri isə deyir ki, ən münbit torpaq, ən təmiz hava, ən dadlı və ucuz kabab onların rayonundadır.
“Nizami” metrosu
Ən tanınmış yeri “beşmərtəbə”dir. Bu, Bakıda 1930-cu illərdə tikilən ilk beşmərtəbəli binadır. O vaxtlar yeganə beşmərtəbəli olan bu bina indi də əsas oriyentir olaraq qalıb.
Burada Azad qadın heykəli də var. Sinəsini qabağa vermiş, azadlığına qovuşmuş azərbaycanlı qadın simvolik olaraq İran bankının binasının qarşısında çadranı başından çıxarır, düzdür, Sovet ittifaqı dağılandan və küçələrdə könüllü olaraq başlarını bağlayan qadınlar peyda olunandan sonra onun bu qəhrəmanlığı öz ideoloji əhəmiyyətini itirdi.
“İnqilab” küçəsi
Sadalananlar arasında ən qeyri-müəyyən bir yer. Birincisi, bu küçə artıq çoxdandır ki, “İnqilab” deyil, amma insanlar onu yeni “əsl” adı ilə çağırmaq barədə düşünmürlər belə. Və “İnqilab” deyəndə biz ya “Tələbə qəbulu üzrə Dövlət Komissiyasının yanını” ya da uzun sırada düzülən sanitariya texnikası mağazalarını nəzərdə tuturuq.
Dövlət Komissiyasına, yəni TQDK-ya gəlincə, artıq o da mövcud deyil. Yəni köhnə binanı söküblər, oriyentir isə qalıb və bir Allah bilir ki, bu yerin adı hələ nə qədər “TQDK” olaraq qalacaq. Yəni görüş təyin edərkən və ya yol göstərərkən, xəritədə artıq mövcud olmayan küçədə yerləşən mövcud olmayan bir obyekti göstəririk. Amma bu, kimi narahat edir ki? Əsası, bir-birini tapmaqdır.
Elmlər Akademiyası
Bakılı xanımlardan birinin dediyi kimi, “Pandora qutusu ikidən sonra açılır”. Bir neçə institut və Bakı Dövlət Universiteti Elmləri “tələbə rayonuna” çevirib, ən çox türk fastfood-u olan obyektlər də burada yerləşir. Ən ucuz dönər də burada satılır. İkidən sonra buranın həqiqətən də səs-küylü küçələrində adam əlindən tərpənmək olmur.
Mərdəkan
Faktiki olaraq, bura bağ evlərinin yerləşdiyi qəsəbədir, xüsusən də dənizə yaxın hissəsi. Bakıda yaşayırsızsa, siz də maşının və ya avtobusun pəncərəsindən nəhayət gözünüzə dəniz dəyəndə sevinmisiz – hardasa uzaqda, qumun və oxşar kərpic evlərin arxasında.
Mərdəkanda alçaq kərpic hasarların arxasında üzüm, əncir ağacları var, dənizə tərəf gedəndə isə maşından düşüb tələsik təndir çörəyi də almaq olar. Və təbii ki, dənizinin dayaz hissəsi uzandıqca uzanan qumlu çimərliklər.
“28 may” metrosu
Bura vacib nəqliyyat qovşağı və eyni zamanda da böyük alver yeridir. Kitab mağazaları, böyük ticarət mərkəzi, dəmir yolu vağzalı (yeri gəlmişkən, yenicə təmir olunmuş vağzal çox gözəl görünür), KFC, Neft Akademiyası – burada nə yoxdur ki!
Bilirsiz, sorğumuzda iştirak edən insanlar “28 may”da onlar üçün daha maraqlı olan nəyi göstəriblər? Danışan işıqforu. Onu bu yaxınlarda, ticarət mərkəzinin çıxışında, əvvəllər yalnız piyada zolağının olduğu yerdə quraşdırıblar. Niyəsə məhz burada piyadalar yol hərəkəti qaydalarına riayət etmək istəmirdi və polis gün ərzində vətəndaşları cəzalandırmaqla əməlli-başlı tər tökdü ki, nəhayət piyadalar işıqfora məhəl qoymağa başlasın. İşıqfor da dilə gəldi. Qırmız işıq yanan vaxt işıqfor “Gözləyin, gözləyin”, – deyib durur.
“Razin” rayonu
Buranın rəsmi adı artıq çoxdandır ki, Bakıxanov gedir, amma heç kim onu bu adla çağırmır. Stepan Razinin kim olduğunu və bu adın Bakıya necə gəlib çıxdığını da az adam bilir, amma ad yerə o qədər yapışdı ki, insanların “beşmərtəbəni” unutması buranı başqa adla çağırmağından daha inandırıcı görünür.
Razində maraqlı yer faciəvi taleyi olan meşə zolağıdır. Əvvəllər burada vəhşi təbiət adası varıydı, burada idmanla məşğul olmaq, piknik təşkil etmək olardı, indi isə hər yerini zibil, bəzi yerlərini su basıb, yeni binalar tikilib. Bununla belə, gəzməyə yer də qalıb. Amma indi buranı öz məskəninə çevirən yiyəsiz itlərdən qorxmursuzsa.
Əlbətə, bu siyahını artırmaq da olardı, axı şəhər böyükdür. Amma təəssüf ki, heç də bütün tanışlarımız yuxarı mərtəbələrdə yaşamır, buna görə də aşağı düşmək lazımdır.