Bakılılar fahişələrin şəhərin mərkəzi küçəsindəki fəaliyyətindən hiddətlənir" />

Azərbaycansayağı seks-turizm: ərəb yayı

Bakılılar fahişələrin şəhərin mərkəzi küçəsindəki fəaliyyətindən hiddətlənir

“Nə olsun dil bilmirəm, əl qolla başa salırıq da”, – Pərvanə deyir. Təbii ki şərti addır. Parapetdə fontanının qarşısındakı skamyada oturur. Axşam çağıdır. Artıq neçə vaxtdır ki, axşam saatlarında gəlmələr bu məkanda yerli sakinlərdən çoxdur ki az deyil.

Pərvanə ərəblərlə görüşür. Deyir hərdən iranlılar da olur, bəzən özümüzünkülər də. Amma söylədiyinə görə, ən çox pul verən ərəblərdir.

“Mani-yəni pul-sözünü hamı başa düşür. Telefonumun kalkulyatorunu açıram, rəqəmi yazıram. Başını yelləyib yox deyəndə pozub yeni qiymət yazıram, “podruqam”la getsək, qiymət iki dəfə artır” – deyir Pərvanə.

Onun sözlərinə görə qiymət 100 , ən yaxşı halda, bəxti gətirsə 150 manatdır. Ölkədə orta əmək haqqı isə təxminən 300 dollardır Beləliklə, həftədə 5 gün işləyib və yalnız bir müştəriyə xidmət edən Pərvanə ayda 1260 dollar qazana bilər. Bu, təhsil və ya xüsusi bacarıq tələb etməyən iş üçün ağlasığmaz bir məbləğdir. Müqayisə üçün xadimələr ən yaxşı halda gündə 12 dollar maaş alırlar.

Turizmin inkişafı

Viza rejimi 2016-cı ildə Körfəz ölkələri və bəzi digər ərəb ölkələri üçün sadələşdirilmişdi. Nəticədə, iqtisadçı ekspert Toğrul Maşallının sözlərinə görə rəsmi məlumatlara əsasən bu ölkələrdən gündə orta hesabla 500 turist gəlir. “İlk iki yerdə İraq və BƏƏ-dir. Küveyt ilə birbaşa reys açılandan sonra bu ölkədən gələn turistlərin sayı 8 dəfə artıb”.

Bu turistləri Azərbaycanda nə cəlb edir?

Ekspertlər ərəblərin Azərbaycana kütləvi axınının bir neçə səbəblə izah edirlər. Misal üçün “Azərbaycan Türkiyəyə alternativdir”.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırovun AzVision.az saytına açıqlamasına görə, aprel ayından etibarən ərəblərin Azərbaycana axını başlayıb: “Türkiyədə baş verən hadisələrin də buna öz təsiri var. Bundan əlavə Azərbaycan İran və ərəb ölkələrindən gələn turistlər üçün əlverişli məkandır. Türkiyədəki terror aktlarından, qanlı olaylardan sonra bu ölkəyə getmək istəməyən ərəblər Azərbaycana üz tuturlar”.

Bağırov vurğulayıb ki, ölkəmizə gələn ərəblər ən bahalı otellərdə qalırlar. “Bu gün otellərin çoxu ərəblərlə doludur, hələ sentyabrda pik həddə çatacaq. Ərəblər əsasən 4, 5 ulduzlu otellərdə qalır. Yalnız İraqdan gələn turistlər 3 ulduzlu otellərə üstünlük verirlər”

Ərəblərin Azərbaycana üz tutmasının digər səbəbi isə manatın devalvasiyaya uğramasıdır.

Turizm üzrə ekspert Nuray Kərimovanın JamNews-a dediyinə görə, Bakı onlar üçün bir Avropa şəhəridir. “İndi Avropanın bahalı şəhərlərinə gedib avro xərcləməkdənsə, Azərbaycana gələn bütün kateqoriyadan olan ərəblər üçün Bakı restoranları və barları çox ucuzdur. Məsələnin digər və ən mühüm tərəfi isə Bakının çox təhlükəsiz şəhər olmasıdır”.

Pərvanə isə başqa cür düşünür. Onun sözlərinə görə, ərəbləri Bakıya cəlb edən əsas məqamlardan biri ölkələrində mümkün olmayan əyləncədir. “Bahalı butiklər, əyləncə mərkəzləri və mollar onların öz ölkələrində doludur, ərəblər Bakıya alış-veriş üçün gəlmirlər. Heç kimə sirr deyil ki, onların xaricə gedərkən görmək istədikləri işlər öz ölkələrində qadağan olunub. Öz ölkələrində sərbəst hərəkət etmək və ya əylənmək qadağandır, əyləncələr çox məhduddur. Ona görə də Azərbaycan onlar üçün cəlbedicidir. Xüsusən də barlar. Barlarda həm rahat şəkildə spirtli içki içirlər, həm də qızlarla tanış olurlar”, – Pərvanə deyir.

“Torqovı” küçəsi

Bakının el arasında “Torqovı” kimi tanınan Nizami küçədə əslində əyləncə yeri azdır. Çünki Azərbaycanda kazinoların fəaliyyəti 1990-cı illərin sonlarından etibarən qadağandır, seks xidməti də qeyri-leqal fəaliyyət sahələri sırasında olduğu üçün bir çox şəhərlərdə mövcud olan “Qırmızı fənərlər” küçəsi Bakıda yoxdur. “Torqovı”da sadəcə kafelər və butik mağazalar var. Turistlərin çoxusu şəhərin bu hissəsində sadəcə gündüz saatlarında ailələri ilə gəzişirlər. Axşamlar qaş qaralandan sonra ailə gəzintiləri təkbaşına və ya kişi kampaniyasında “ova” çevrilir. Hərçənd Pərvanə deyir ki, əsl “ovçu” olan ərəb turistlər deyil, məhz onlardı.

“Bilirik ki, axşamlar toplaşırlar Parapetə, Torqovıya, biz də çıxırıq. Baxırıq, seçirik, çalışırıq həm yaraşıqlısını, həm pullusunu gözümüzə kəsdirək. Bəyənmədiyimlə qətiyyən getmrəm”, – Pərvanə deyir.

Onu da əlavə eləyir ki, əvvəllər o, barda işləyirmiş. Amma indi tək, daha doğrusu, rəfiqəsiylə birgə çalışır. “Barlar sərf etmir. Çünki xərci çoxdur. Ən yaxşısı kirayə ev tutmaqdır. Otellərə getmək isə qorxuludur. Ərəblər pulumuzu verməyə də bilərlər”.

Bir dəfə Pərvanə rəfiqəsi ilə birlikdə onlara zəhməthaqqı vermək istəməyən bir turisti döyüb. Nəzəri cəhətdən düşünsək, oteldə olsaydılar o adam kimisə köməyə çağıra bilərdi.

Bu evlərin gündəlik kirayəsi 60-70 manatı ($35-40) keçir.

Adının çəkilməsini istəməyən riyeltorlardan birinin dediyinə görə, Bülbül prospektində, “Nizami” kinoteatrı həndəvərində iki otaqlı mənzilin gündəlik kirayəsi az qala 100 manata çatır.

“Ev sahibi də bilir ki, bu mənzil kimə verilir və həmin adam da bu mənzili niyə kirayələyir. Burada bir məqam da var. Ərəblər çox ehtiyatlıdırlar. Onlar şəhər mərkəzindən kənara, tutaq ki, “Neftçliər” və ya “20 yanvar” istiqamətinə getməzlər. Ona görə də onlara seks xidmət təklif edən qadınlarla ancaq şəhərin mərkəzində görüşməyə razılaşırlar”.

Daha varlı və daha ehtiyatlı turistlər isə tədarüklərini ölkəyə gəlməzdən öncə görürlər. Müxtəlif eskort saytlar vasitəsilə Bakıda yaşayan və xüsusilə də ərəb kişilərlə görüşmək istədiyini elan edən xanımlara əlaqə yaradırlar. Adını çəkmək istəmədiyimiz belə saytlardan biri intim xidmətlərin yarım saat üçün 100 dollar, bir saat üçün 200 dollar, 4 saat üçün 600 dollar, 24 saat üçün isə 1000 dollar təklif edir. Ödəniş nağd şəkildədir. Bura taksi xərci daxil deyil.

“Çox biabırçı vəziyyətdir”

Ərəb turistlərin Azərbaycana axını və buraya əsasən seks xidmətləri üçün gəlmələri yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində də bu məsələ uzun zamandır ki, qızğın müzakirə mövzusudur. Hətta seks işçilərinin turistlərlə bazarlığının şahidi olan bəzi sosial şəbəkə istifadəçiləri gördükləri mənzərənin şəklini çəkərək paylaşırlar.

“Hər axşam şəhərin mərkəzində Azərbaycan “qızları” abırsızcasına ərəblərə yaxınlaşıb özlərini təklif edirlər. Hər axşam dəfələrlə bu mənzərənin şahidi oluram. Tam mərkəz küçədə bir-birilərinin dilini bilməsələr də, əl-qolla qiymət davası gedir. Çox biabırçı vəziyyətdir”. Bunu Emin Əmiraslanov adlı sosial şəbəkə üzvü qeyd edir.

Şəhər sakinlərinin gözü qarşısında yaşananlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Sakinlər seks işçilərinin ictimai yerdə heç nədən çəkinməyərək açıq-aşkar fəaliyyət göstərməsində polisləri günahlandırır.

“Guya ölkədə fahişəlik qanunla qadağandır. Amma axşamla şəhərin mərkəzinə ailə-uşaqla çıxmaq mümkün deyil, hər tərəf ərəb kişilər və onlarla alver edən fahişələrlə doludur. Hər şey də polisin gözü qarşısında baş verir. Nişanlı oğlan qızı əl-ələ görən kimi başlarının üstünü kəsdirən polis, məgər şəhərin ortasındakı bu biabırçılığı görmür? Onlar öz haqlarını alırlar ki, hər şeyə də göz yumurlar”, -başqa bir sosial şəbəkə istifadəçisi yazır.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif JAMnews-a verdiyi açıqlamasında bildirib ki, polis hər zaman belə hallarla mübarizə aparır “Polislərimiz ictimai asayişin qorunmasında hansısa bir mənfi halın baş verməsini gözləmirlər. Hər zaman ayıq-sayıqdırlar. Siz dediyiniz mənfi hala qarşı həmişə mübarizə aparırıq. O istiqamətdə həmişə işlər gedir. Amma bir məsələ də var ki, biz heç bir sübut olmadan heç kimin əlindən tutub deyə bilmərik ki, “Torqovı”da gəzmə və ya dayanma. Turistlərlə ünsiyyətə girməsinə də qadağa qoya bilmərik. Polis belə məsələdə ancaq fakt və sübutlarla hərəkətə keçə bilər”.

Azərbaycanda fahişəliyə görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir. Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsinin 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində qeyd olunur ki, bu cinayətlə saxlanılanları 400 saat inzibati cəza və 2500 manatdan 3500 manata qədər cərimə gözləyir.

Pərvanə isə deyir ki, çox yox indən belə ikicə mövsüm də ərəb turistlərdən “pul tutub”, sonra həyatını tamam dəyişəcək: “Çox yox, ikicə sezon bu yay qazandığım kimi qazansam, gedəcəm ölkədən. Məni heç kimin tanımadığı sakit bir şəhərdə özümə balaca dükan, ya da kafe açacam. Ərəblərin sayəsində canımı qurtaracam bu həyatdan”.

 


More on JAMnews