ABŞ prezidenti Donald Tramp Yaxın Şərqin və Afrikanın bir sıra ölkələrinin vətəndaşlarının Birləşmiş Ştatlara gəlişini məhdudlaşdıracaq fərmanları artıq bu gün imzalayacaq. Bu haqda informasiya mənbələrinə istinadla Reuters xəbər verir. Agentliyin məlumatına görə, Tramp qaçqınların qəbulunu müvəqqəti olaraq dayandırmaq və İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının (o cümlədən bəzi viza sahiblərinin də) ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir.
Agentlik bildirir ki, məhdudiyyətlər bir neçə ay ərzində tətbiq olunacaq.
Məlumatı həmçinin CNN telekanalının mənbələri də təsdiqləyib. Bu məlumatlara görə, fərmanların imzalanması immiqrasiya sahəsindəki qanunvericiliyin yenidən baxılmasına dair “çox günlər sürəcək” kampaniyanın sadəcə başlanğıcıdır.
Seçkiöncəsi kampaniya zamanı Tramp dəfələrlə müsəlmanlar və qeyri-leqal immiqrasiya ilə bağlı sərt bəyanatlar səsləndirmişdi və söz vermişdi ki, seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ, Avropa və tərəfdaşları üçün terror təhlükəsi kəsb edən regionlardan immiqrasiyanı tam dayandıracaq.
Eyni zamanda Reuters-lə söhbətində Koliforniya Universitetinin miqrasiya məsələləri üzrə ekspert Xiroşi Motomuranın bildirdiyi kimi sözügedən qadağanın tətbiqi hüquqi problemlərlə bağlı ola bilər. Onun gözlərinə görə, sadalanmış ölkələrin hamısında əhalinin böyük əksəriyyəti müsəlmanlardan ibarətdir və müəyyən din nümayəndələrini diskriminasiya edən bu fərmanlar konstitusiyaya zidd dəyərləndirilə bilər.