“Toplum TV işi” - 5 nəfər həbs edilib, ikisi polis nəzarətində, daha ikisi saxlanılıb
“Toplum TV işi” – həbslər davam edir
Azərbaycanda “Toplum TV işi” ilə bağlı həbslər və saxlanılmalar davam edir. Müstəqil onlayn televiziyanın ikinci həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının idarə heyətinin üzvü Ruslan İzzətli saxlanılıb. Məhkəmənin qərarı ilə telekanalın 5 əməkdaşı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İki nəfər polis nəzarəti altında sərbəst buraxılıb.
- Azərbaycan polisi bu ilki “8 Marş”ı dağıtmayıb
- “Rəqəmlərlə oynayan hökumət”. Bakıdan iqtisadçı şərhi
- Təzminat məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsi kimi. Bakıdan baxış
Növbəti saxlamalar
Martın 8-də saat 11.00 radələrində Toplum TV-nin həmtəsisçisi, media hüquqları sahəsində tanınmış ekspert Ələsgər Məmmədli şübhəli şəxs qismində saxlanılıb. O, müayinə üçün getdiyi Bakıdakı klinikalardan birinin avtodayanacağında qara maskalı xüsusi qrup tərəfindən saxlanılıb.
“Qaçaqmalçılıqda ittiham edilir. Səhhətində ciddi problemlər -boğazında, düz bağırsağında və prostatında əməliyyət zərurəti tələb edən şişlər var. Bu gün biopsiya üçün həkimə gedərkən saxlanılıb”, – vəkil Aqil Layıc bildirib.
Həmin gün martın 6-da saxlanılanların taleyi ilə maraqlanmaq üçün digər həmkarları ilə birlikdə Bakının Xətai rayon Polis İdarəsinin önünə gələn III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətli də saxlanılıb.
O, martın 6-da Toplum TV redaksiyasına polis basqını zamanı da saxlanılmış, lakin gecə yarısına yaxın sərbəst buraxılmışdı.
Növbəti axtarışlar
Daha sonra Ələsgər Məmmədli və Ruslan İzzətlinin mənzillərində axtarış aparılıb.
Ələsgər Məmmədlinin evində axtarış nəticəsində 60 min avro pul “tapılıb”. Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən mənzilə qoyulduğunu deyirlər.
Axtarış zamanı Ruslan İzzətlinin evindən də pul “tapılıb”. Onun həyat yoldaşı, Toplum TV-nin aparıcısı olan Günel Manaflı bildirib ki, evdə axtarış aparılarkən, ayrı otaqda təcrid olunub və prosesi görməyib. O da “tapılan” pulun onların mənzilinə əməliyyatçılar tərəfindən yerləşdirildiyi fikrindədir.
Məmmədli və İzzətli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətməkdə şübhəli bilinirlər.
Toplum TV işi üzrə 5 nəfər həbs edilib
Martın 6-da saxlanılan Toplum TV əməkdaşlarının işi üzrə də martın 8-də bir sıra məhkəmə prosesləri keçirilib. Bakının Xətai Rayon Məhkəməsi “Toplum TV işi” üzrə saxlanılan 5 nəfər – Akif Qurbanov, İlkin Əmrahov, Ramil Babayev, Müşfiq Cabbar və Əli Zeynal barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılaraq polis nəzarətinə verilib.
Vəkillər bildirdiyinə görə, onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib. Bu maddəyə əsasən, onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Həbs olunanların vəkilləri apelyasiya şikayəti vermək niyyətindədirlər.
Vəkillərin sözlərinə görə, “Toplum TV işi” üzrə saxlanılan şəxslər fiziki və psixoloji təzyiqə məruz qalıblar”.
Beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar
Beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeyro Azərbaycanda müstəqil internet media orqanı Toplum TV-nin əməkdaşlarının saxlanılmasından ciddi narahatlığını bildirib.
“Azərbaycanda media işçilərinə qarşı təkrar repressiyalar dərin narahatlıq doğurur. Jurnalistlər repressiya qorxusu olmadan öz işlərini görməlidirlər”, – Ribeyronun ATƏT-in saytındakı bəyanatında deyilir.
Bu hadisələr “Abzas Media”, “Kanal 13” və “Kanal 11” onlayn media orqanlarının jurnalistlərinin son həbslərindən sonra baş verir.
“Mən hakimiyyəti həbsdə olan bütün media işçilərini azad etməyə çağırıram. Bütün ATƏT-ə üzv dövlətlər təhlükəsiz iş mühitini və jurnalistlərin müdafiəsini təşviq etmək öhdəliyi götürüblər”, – Ribeyro vurğulayıb.
Avropa İttifaqı da Toplum TV internet nəşrinə və III Respublika Platformasına hücumu tənqid edib.
“Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının (Toplum TV və III Respublika Platforması) yeni həbsləri ilə bağlı vəziyyəti izləyirik.
Aİ Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığını, o cümlədən müstəqil jurnalistika üçün azad və maneəsiz məkanı təmin etməyə çağırır”, – Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Moldova və Mərkəzi Asiya üzrə koordinatoru Robin Vaqner Azərbaycanda Toplum TV jurnalistlərinin həbsinə münasibət bildirib.
“Ötən aylarda digər jurnalist və fəalların həbsindən sonra Azərbaycanda ToplumTV jurnalist və fəallarının həbsindən çox narahatıq. Müstəqil media və vətəndaş cəmiyyəti qorunmalıdır”, – Vaqner X platforması hesabında yazıb.
Fransa Xarici İşlər Nazirliyi martın 8-də bəyanat yayaraq, hakimiyyətin mediaya və ictimai fəallara qarşı repressiyalarını pisləyib.
“Fransa Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbslər dalğasından dərin narahatdır.
Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara – xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq”, – bəyanatda deyilir.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Parisin bu ittihamlarını “əsassız” adlandırıb və onları “daxili işlərə müdaxilə” kimi qiymətləndirib.