Tofiq Zülfüqarov: “İranın Azərbaycana qarşı iddiaları üçün ciddi əsas yoxdur”
Tofiq Zülfüqarov İranla münasibətlər haqda
Ötən həftəsonu Azərbaycan və İran xarici işlər nazirləri iki dəfə telefonla danışıblar. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, İranın siyasi elitası ölkələr arasında artan gərginliyin nə Tehrana, nə də Bakıya sərfəli olmadığını bilir. “İranın Azərbaycana qarşı iddiaları üçün ciddi əsasları yoxdur”, – deyə o bildirib.
- Şəraitdən şikayət edən uşaq evi sakini ətrafında hadisələr ciddiləşir
- Tbilisidə etiraz aksiyaları nəticəsində həbs olunan Lazar Qriqoriadisin hüquqları pozulub – müstəqil vəkillər
- Aİ Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəkmi? Bakıdan görünüş
Azərbaycan və İran birgə layihələrin həyata keçirilməsini davam etdirmək barədə razılığa gəliblər. Bu, həftəsonu qonşu ölkələrin xarici işlər nazirləri arasında baş tutani ki telefon danışığının nəticəsi bundan ibarətdir.
Bu arada Bakı ilə Tehran arasında münasibətlərdə gərginliyin səngidiyini demək hələ tezdir. Hər iki ölkənin mediasında bir-birinə qarşı nifrət ritorikası davam edir. Bu gün səhər Azərbaycanın hüquq-mühafizə orqanları İranda radikal dini qruplarla əlaqədə təqsirləndirilən daha 4 vətəndaşın saxlanıldığını açıqlayıb.
“Gərginliyin artması nə Tehrana, nə də Bakıya sərfəli deyil”
Azərbaycan və İran münasibətlərindəki vəziyyəti Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov şərh edib.
Onun sözlərinə görə, iki qonşu ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlar müsbət amildir:
“Qeyd etmək istəyirəm ki, İranda xarici əlaqələrlə bağlı vəziyyəti mən sona kimi anlamıram. Hər bir ölkədə dövlətin xarici siyasəti ilə bağlı fikir bildirmək səlahiyyətinə sahib insanlar, müxtəlif yüksək vəzifə sahibləri olur. İranda isə xarici siyasətlə bağlı gah hansısa hərbçinin, gah da hansısa vilayətin dini rəhbərinin fikirləri səslənir, bunlar Azərbaycanda əks-sədaya səbəb olur.
Belə nəticəyə gəlmək olar ki, İran xarici siyasətində ölkə daxilində müxtəlif siyasi qrupların müxtəlif maraqları var.
Lakin görünür, İranın siyasi elitası anlayır ki, bu gərginliyin heç kimə xeyri olmayacaq – nə Tehrana, nə də Bakıya”.
“İddialar üçün ciddi əsaslar yoxdur”
Zülfüqarov vurğulayıb ki, İranın Azərbaycanı nədə ittiham etməsi hələ də ona aydın deyil.
“Əgər “sionist rejim” adlandırdıqları İsraillə mübarizə aparılırsa, İranın bu dövlətlə üzbəüz duran ordusu var. Elə həmin Suriyada. Sionistləri Azərbaycanda axtarmaq məntiqdən və reallıqdan uzaqdır.
İran parlamenti bəyanatında Azərbaycanı günahlandırır ki, ölkəmizin İsraildə səfirliyi açılıb. Birincisi, hamıya məlumdur ki, Azərbaycan MDB ölkələri arasında İsraildə səfirliyini açmış sonuncu ölkədir.
İkincisi, Tel-Əvivdə səfirliyin açılışında iştirakdan sonra Azərbaycanın xarici işlər naziri Fələstində olub, bu dövlətin rəhbərləri ilə görüşüb və Fələstin dövlətinə Azərbaycanın dəstəyini ifadə edib. Fələstində Azərbaycanın nümayəndliyi açılacaq.
Maraqlıdır ki, Fələstin tərəfi Azərbaycanın İsraildə səfirliyinin açılması faktından məmnunluğunu ifadə edib, amma İran parlamenti bundan narahatdır”, – deyə keçmiş nazir bildirib.
“Yerevan və Bakı bilmir, amma Tehran bilir”
Azərbaycanın keçmiş xarici işlər naziri “Turan”a müsahibəsində İranın əsəbi reaksiyasına səbəb olan başqa bir məsələyə də toxunub:
“İttihamlardan daha biri kimi Zəngəzur dəhlizinin yolverilməzliyi göstərilir. Burada maraqlı bir detal var.
Bilirsiniz ki, Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Naxçıvana yolun çəkilməsi barədə razılıq var. Azərbaycan tərəfi bu layihə ilə əlaqədar iki körpü inşa edəcək. Yaxşı, İranın öz ərazisindən Naxçıvana getmək mümkündürsə, Ermənistandan niyə mümkün olmasın?
İkincisi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda bildirilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz yaradılır və bu yola Rusiya nəzarət edəcək. Ermənistan bu sənədə imza atıb. Yəni dəhliz Azərbaycanın nəzarətinə keçmir. İndi bəs iradlar kimədir?
İran tərəfi həm də bildirir ki, regionda sərhədlər dəyişə bilməz. Amma sərhədlər dəyişməlidir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər hələ delimitasiya və demarkasiya olunmayıb. Bakı və Yerevan hələlik bir-birinin sərhədlərini tanımır.
Bunun da səbəbi odur ki, Ermənistan tərəfi sərhədlərlə bağlı müxtəlif fikirlər səsləndirir. Gah deyirlər ki, biz Dağlıq Qarabağı Ermənistana birləşdirmişik. Gah deyirlər ki, sovet dövrünün xəritələri əsas götürülməlidir. Sonra deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Dağlıq Qarabağın məsələsi həll olunmamış qalır.
Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanımır və deməli, Yerevan üçün Azərbaycanın sərhədi yoxdur. Yaxud da yalnız onların ağlında olan bir sərhəd mövcuddur.
Eyni məntiqlə Azərbaycan da hazırda Ermənistan sərhədlərini tanımır. Amma necəsə olur ki, Tehranda oturanlar bu sərhədlərin haradan keçdiyini bilirlər. Biz hələ öz aramızda bu məsələni dəqiqləşdirməmişik.
Sözün açığı, İranın Azərbaycana qarşı irəli sürdüyü ittihamların heç birinin ciddi əsası yoxdur”.