İran Azərbaycanda nəyə nail olmaq istəyir? Bakıdan şərh
Azərbaycan 4 iranlı diplomatı ölkədən çıxarıb
Azərbaycan və cənub qonşusu arasında gərginlik səngimir. İki ölkənin xarici işlər nazirliklərinin qarşılıqlı notalarından sonra Azərbaycan 4 iranlı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. CSSC analitiklərinin fikrincə, Azərbaycanın İrana qarşı hərəkətləri reaktiv xarakter daşıyır.
- Şəraitdən şikayət edən uşaq evi sakini ətrafında hadisələr ciddiləşir
- Tbilisidə etiraz aksiyaları nəticəsində həbs olunan Lazar Qriqoriadisin hüquqları pozulub – müstəqil vəkillər
- Aİ Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəkmi? Bakıdan görünüş
Son zamanlar elə bir gün keçmir ki, Azərbaycanla İran arasında gərginlik artmasın və yeni vüsət almasın.
Bu həftənin əvvəlində qonşu ölkələr diplomatik nota mübadiləsi aparıblar. İran Xarici İşlər Nazirliyi Azərbaycan mediasını bu ölkəyə qarşı təhqiramiz materiallar yaymaqda ittiham edib. Az sonra İranın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona İran mətbuatında şimal qonşusuna qarşı təhqir və təhdidlər dərc edən materialların siyahısı ilə cavab notası verilib.
Azərbaycan 4 iranlı diplomatı ölkədən çıxarıb
Aprelin 6-da səhər saatlarında Azərbaycanın hüquq-mühafizə orqanları İranın radikal dini dairələri ilə əməkdaşlıq edən 18 ölkə vətəndaşının saxlanılması barədə məlumat yayıb. Bir neçə saat sonra Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşının “persona non qrata” elan edilməsi ilə bağlı məlumat yayıb.
“İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə səfir son vaxtlar İranın Azərbaycana qarşı həyata keçirdiyi təxribat xarakterli fəaliyyətlərdən kəskin narazılığını bildirib.
Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb ki, İran səfirliyinin dörd əməkdaşı diplomatik statusa uyğun gəlməyən və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən persona non qrata (arzuolunmaz şəxslər) elan edilib. Həmin şəxslər 48 saat ərzində Azərbaycan ərazisini tərk etməlidirlər”, – XİN-dən bildirilib.
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) ekspertləri hesab edirlər ki, Qafqaz respublikalarının 30 illik müstəqilliyi dövründə Rusiya və Türkiyədən fərqli olaraq İran bu ölkələrin heç biri ilə strateji münasibətlər qura bilməyib:
“Əvəzində Ermənistana yardım göstərməklə Azərbaycan ilə münasibətləri korladı. İşğal dövründə İran dəfələrlə vasitəçilik təklifləri ilə çıxış etsə də, Yerevanı sülhə məcbur etmək istiqamətində heç bir addım atmadı”.
Ekspertlər qeyd edirlər ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni geosiyasi reallıq formalaşdırdı. 9 ay sonra İranda yeni hakimiyyət formalaşdı. Sələfi Ruhanidən fərqli olaraq Rəisinin hakimiyyəti dövründə İran-Azərbaycan münasibətləri geriyə addımladı:
“Buna baxmayaraq, Bakı İranın mövqe/maraqlarını nəzərə alaraq “3+3” və Rusiya-Azərbaycan-İran əməkdaşlıq formatları ilə çıxış etdi. Azərbaycan prezidenti İlham Əliyev Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırdı, 2022-ci ilin martında isə tərəflər İran ərazisi boyunca Azərbaycanı eksklavı Naxçıvanla birləşdirməli olan yeni nəqliyyat dəhlizinin çəkilməsi haqqında anlaşma memorandumu imzaladılar”.
İranın narahatlıqları
CSSC ekspertləri vurğulayırlar ki, İranın bölgədəki narahatlığına aşağıdakı məsələlər səbəb olur:
Sərhədlərin dəyişdirilməsi. “İran regionda sərhədlərin dəyişdirilməsini qırmızı xətt adlandırır. Lakin, regionda sərhədləri güc yolu ilə dəyişdirməyə cəhd edən 2 ölkə İranın regional (Ermənistan) və qlobal (Rusiya) müttəfiqləridir. Ermənistan Qarabağı “xilas naminə ayrılma” prinsipi ilə Azərbaycandan, Rusiya isə Abxaziya/Cənubi Osetiyanı “dərinləşdirilmiş inteqrasiya” adı altında Gürcüstandan qoparmaq istəyir. Maraqlıdır: İran Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyırmı?!
Qalib gəlməsinə baxmayaraq, məhz Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Yerevana sülh təklif etdi, rəsmi Yerevan isə 5 prinsipi qəbul etdiyini bəyan etdi. Bəs İran, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dair rəsmi və səmimi mövqe sərgiləyibmi?!
Münhen təhlükəsizlik konfransında Azərbaycanın Laçın və Zəngəzurda Nəzarət Buraxılış Məntəqələrinin quraşdırılmasına dair təklifi Ermənistanın ərazi bütövlüyünün tanınmasına dair açıq mesaj idi. Bu 2 fakt Bakının regionda sərhədləri güc yolu ilə dəyişdirmək istəmədiyini sübut edir”.
Zəngəzur dəhlizi. “10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Ermənistan Naxçıvana nəqliyyat kommunikasiyallarına təhlükəsizlik zəmanəti verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. İranı narahat edən eksterritoriallığı Ermənistandan hazırda Bakı yox, Moskva tələb edir. Belə çıxır ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı Rusiyanın eksterritorial təklifi ilə əlaqəlidir.
1992-ci ildən İran-Ermənistan sərhədinə Rusiya sərhədçiləri nəzarət edir. Rusiyanın nəzarət etdiyi Zəngəzur dəhlizini Azərbaycanın necə işğal edəcəyi, İranla əlaqəni necə kəsəcəyi, necə “Böyük Turan” quracağı − cavab tələb etməyən ritorik suallardır”.
İsrail-Azərbaycan hərbi əməkdaşlığı. “Bu iddialar aşağıdakı səbəblərdən əsassızdır:
- Ölkə rəsmiləri dəfələrlə Azərbaycan ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməyəcəyini bəyan ediblər;
- Hərbi doktrina ölkə ərazisində xarici hərbi bazaların yaradılmasını qadağan edir;
- Xəzərin hüquqi statusuna dair Konvensiyaya əsasən, üzv ölkələr öz ərazisini tərəflərdən hər hansı birinə qarşı “təcavüz və ya digər hərbi addım atmaq üçün başqa dövlətlərə” verməməlidir. Azərbaycan İrandan fərqli olaraq Konvensiyanı 2019-cu ildə ratifikasiya edib;
- Azərbaycan Fələstin ilə bağlı bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir;
- Əgər İsrail Fələstini işğal edibsə, Ermənistan da Azərbaycan ərazilərini işğal etmişdi. İran Ermənistanla münasibətlərini normal saxlamasını vasitəçi potensialının qalması ilə əlaqələndirirdi, indi də Azərbaycan İran-İsrail arasında vasitəçi olması üçün hər iki dövlətlə normal münasibət saxlamalıdır”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəsinin ekspertləri qeyd ediblər ki, Azərbaycanla bağlı İranın gözləntiləri əsaslı olmalı və reallığı nəzərə almalıdır:
“Daxili işlərə qarışmama prinsipini rəhbər tutaraq İran Azərbaycana münasibətdə konstruktiv addımlar atmalıdır. İran istiqamətində Azərbaycan daim reaktiv münasibət sərgiləyib və münasibətlərin müsbət olması və ya korlanması İranın addımlarından asılı olub”.