Ticarət mərkəzlərindəki şübhəli yanğınlar və nəticəsi açıqlanmayan istintaqlar
Ticarət Mərkəzlərindəki şübhəli yanğınlar
Azərbaycanda ticarət mərkəzlərində baş verən yanğınlar uzun illərdir ki, həm ictimaiyyətdə, həm də mediada suallar doğurur. Bu hadisələrin istintaq nəticələrinin ya açıqlanmaması, ya da qeyri-müəyyən qalması da ənənəvi tendensiyadır.
Bu hadisələrdən sonuncusu Sumqayıt şəhərində yerləşən məşhur Karvan Ticarət Mərkəzindəki yanğındır. “Jalə 94” ticarət obyektində başladığı deyilən hadisə səhər saatlarından etibarən, tez bir zamanda mərkəzin böyük bir hissəsini bürüyüb.
İstintaqın nəticəsi açıqlanmasa da ənənəvi olaraq, elektrik naqillərində yaranan nasazlığın yanğının başlanmasına səbəb olduğu deyilir.
Xüsusilə, 2019-cu ildə Bakının 8-ci kilometr ərazisində baş verən və “Diqlas” Ticarət Mərkəzinin külə dönməsi ilə nəticələnən yanğın da bu baxımdan xüsusi diqqətə layiqdir. Hadisə baş verən zaman ticarət mərkəzinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğu barədə mediada məlumatlar yayılmışdı.
Sabiq nazirin ailə üzvünə aid mülkiyyət və ictimai şübhələr

Diqlas Ticarət Mərkəzi, təkcə ticarət baxımından deyil, həm də siyasi əlaqələri ilə diqqət çəkirdi. “Axar.az” və “Musavat.com” kimi yerli mənbələr hadisədən sonra bildirirdi ki, bu obyekt Eldar Mahmudovun ailəsinə məxsusdur.
Hətta iddialara görə, bu ticarət mərkəzinin yaxınlığında yerləşən “8-ci km bazarı” da illər öncə Mahmudovun rəhbərlik etdiyi MTN tərəfindən ələ keçirilmişdi.
Bu məlumatları o dövrdə sahibkarlardan biri – Salman Səfərov və MTN-in məhkum edilmiş yüksək rütbəli şəxsləri, o cümlədən Akif Çovdarov məhkəmədə verdikləri ifadələrdə təsdiqləmişdi.
Yanğın hadisəsi baş verdikdən dərhal sonra Baş nazirin sərəncamı ilə istintaq komissiyası yaradılmışdı. Amma bu komissiyanın nəticələri barədə bu günədək heç bir ictimai hesabat yayımlanmayıb. Yüzlərlə sahibkarın mallarının məhv olduğu, ciddi iqtisadi itkilərin yaşandığı bu hadisənin səbəbləri, məsul şəxslərin müəyyən edilib-edilmədiyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Hazırda “Diqlas”ın yerləşdiyi ərazidə yeni tikinti başladığı deyilir.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Siyasi fon və Eldar Mahmudovun süqutu
Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifədən azad edilmişdi. Onun işdən çıxarılması Azərbaycan siyasi səhnəsində səs-küylü bir hadisəyə çevrilmiş, bu prosesin arxasında bir neçə illik münaqişələr, korrupsiya qalmaqalları və dövlət içində formalaşan “MTN çetesi” kimi tanınan strukturların zərərsizləşdirilməsi dayanmışdı.
Həmin dövrdə bank sektoru ilə bağlı yayılan məlumatlarda Mahmudovun qudası – o vaxt Beynəlxalq Bankın rəhbəri olan Cahangir Hacıyev və onun ailə üzvlərinin dövlət vəsaitlərini mənimsədiyi iddiaları gündəmdə idi.
Prezident İlham Əliyev birbaşa ad çəkməsə də, o dövrdə keçirdiyi müşavirələrdə dövlət məmurlarının ailə üzvlərinin cinayət törətməsi, vəzifəli şəxslərin onları himayə etməsi ilə bağlı sərt çıxışlar etmişdi. Bu, mediada Eldar Mahmudova ünvanlanan dolaylı ittiham kimi şərh olunmuşdu. Yalnız bir neçə gün sonra Mahmudov və onun komandasına qarşı həbslər başladı.
Diqlas yanğını və sistemli təsadüflər
İctimai rəydə formalaşan versiyalardan biri də budur ki, “Diqlas” yanğını sadəcə təsadüfi texniki qəza deyil, sabiq nazir ailəsinin təsir dairəsinə daxil olan iqtisadi strukturların zəiflədilməsi prosesinin bir mərhələsi ola bilərdi. Rəsmi orqanlar bu iddiaları nə təsdiqləyib, nə də təkzib edib.
Amma yanğından sonra ərazidə yeni ticarət mərkəzinin tikintisi planlaşdırılsa da, ictimaiyyətə açıqlanan heç bir istintaq nəticəsi olmayıb. Həmçinin, nə Eldar Mahmudovun, nə də onun oğlunun bu obyektlə əlaqəsi rəsmi olaraq təkzib edilməyib.
Digər yanğınlar: Səbəblərin bilinmədiyi hadisələr
Bu hadisələrin istintaq nəticələrinin qaranlıq qalması, bəzi hallarda isə mülkiyyət və yenidənqurma proseslərinin hakim ailənin maraqlarına uyğun şəkildə aparılması ehtimalı əlavə suallar doğurur. Şəffaflıq olmadığı üçün bu ehtimallar nə rəsmi olaraq təsdiqlənir, nə də inkar edilir. Amma müşahidələr göstərir ki, yanğından sonra həmin ərazilərdə həyata keçirilən iqtisadi fəaliyyətlər ictimai maraqlar yox, daha çox xüsusi iqtisadi dairələrin maraqları ilə uyğunlaşır.

“Sədərək” Ticarət Mərkəzində son illərdə çoxsaylı yanğın hadisələri qeydə alınıb. Təkcə 2016-2020-ci illər arasında altı ayrı-ayrı yanğın hadisəsi baş verib. Bu yanğınların çoxu elektrik qısaqapanması, anbarda malların alışması və ya texniki nasazlıqlarla əlaqələndirilsə də, heç birinin istintaq nəticəsi ictimaiyyətə açıqlanmayıb.
2019-cu ilin fevralında, ardınca martda Diqlas, avqustda yenidən Sədərək, sonra Binə, Baksol, EuroHome və 3-cü mikrorayon bazarlarında baş verən ardıcıl yanğınlar xüsusilə diqqətçəkici olub.
Karvan Ticarət Mərkəzindəki genişmiqyaslı yanğının səbəbləri ilə bağlı da rəsmi açıqlama yoxdur, istintaqın nəticələri də hələ bəlli deyil.
“Karvan”la bağlı yayılan iddialar arasında onun hazırda ləğv edilmiş qurum olan Nəqliyyat Nazirliyinin keçmiş rəhbəri Ziya Məmmədova aid olması da yer alır.
Digər bir məsələ, Sülh küçəsində həm Karvan Ticarət Mərkəzi yerləşir, həm də “Bravo” supermarketi. Amma ötən illər ərzində mütəmadi şəkildə və demək olar ard-arda “Karvan”da yanğınla bağlı xəbərlər yayılır, “Bravo” isə olduğu kimi qalır. Burada bir neçə faktoru nəzərə almaq olar:
- Təhlükəsizlik sistemlərində problemlər var,
- Nəzarət mexanizmində axsaqlıqlar var,
- Ya da səhlənkarlıqdan.

Hər bir halda aidiyyəti qurumlar bu kimi hadisələri nəzarətə götürməli, şəffaf araşdırmalar aparılmalı və ictimaiyyətə qaranlıq qalan məqamlara aydınlıq gətirilməlidir. Amma sadalananların heç biri bu ötən illərdə baş verməyib.
Bu cür ardıcıl hadisələrin istintaqsız qalması və eyni tipli ticarət məkanlarının hədəf seçilməsi şübhə doğurur ki, bu yanğınlar bəzi güc mərkəzlərinin həmin ərazilərdə yeni iqtisadi maraqlar formalaşdırması ilə əlaqələndirilə bilər. Hərçənd bu, rəsmi sənədlərlə sübut olunmayıb.
Bravo Supermarket və “PASHA Holding”
Sonrakı illərdə bir çox yanğın baş vermiş ticarət mərkəzinin yerində və ya yaxın ərazilərində Bravo Supermarketlər şəbəkəsinin filialları və “PASHA Holding”ə məxsus digər biznes obyektləri açılıb.
Bravo Supermarket, Azərbaycanda fəaliyyət göstərən böyük supermarket şəbəkəsidir və “PASHA Holding” tərəfindən idarə olunur. Bu holdinqin əsas səhmdarları prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva və birinci xanımın atası Arif Paşayevdir.
2018-ci ildə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva yeni Bravo hipermarketinin açılışında iştirak etmişdi.
Yanğınların arxasında duran iqtisadi və hüquqi boşluqlar
Ekspertlər ticarət obyektlərində yanğınların tez-tez baş verməsini həm texniki təhlükəsizlik tədbirlərinin zəifliyinə, həm də sığorta və mülkiyyət münasibətlərindəki qeyri-şəffaflığa bağlayırlar.
ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirir ki, bir çox hallarda ticarət obyektləri icarəyə verilir və bu proses rəsmiləşdirilmir. Rəsmiləşdirilməmiş müqavilələr səbəbilə nə obyekt, nə də içindəki mallar sığortalanır. Bu isə yanğın zamanı zərərin ölçülməsini və kompensasiya ödənilməsini mümkünsüz edir.
Prezident İlham Əliyev də bu problemi xüsusi olaraq vurğulamış və “Diqlas” yanğını zamanı sahibkarlara öz əmlaklarını sığortalamağı tövsiyə etmişdi. Amma sonrakı illərdə bu sahədə ciddi irəliləyiş baş verməyib.
Qanunvericilik var, amma şəffaflıq yox
Azərbaycanın 1997-ci il Yanğın Təhlükəsizliyi Qanununa görə, Dövlət Yanğın Nəzarəti Xidməti istintaq aparmalı və yanğının səbəblərini müəyyənləşdirməlidir. Amma bu cür istintaq hesabatlarının ictimaiyyətə təqdim olunması məcburi deyil. Bu isə böyük ictimai rezonans doğuran hadisələrin arxasında qaranlıq qalmağa davam edən faktların yaranmasına səbəb olur.
Yekunda
“Diqlas” hadisəsi təkcə iqtisadi yox, siyasi anlamda da Azərbaycanın yaxın tarixində iz qoymuş hadisələrdən biridir. Amma bu hadisə yeganə nümunə deyil. Sədərək, Karvan və digər ticarət mərkəzlərində baş verən yanğınların da istintaq nəticələrinin bilinməməsi, onların da daha geniş kontekstlərdə – iqtisadi maraqlar və siyasi güc balansı fonunda baş verdiyi ehtimalını artırır. Bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təkcə qanunvericiliyin sərtləşdirilməsi yox, ictimaiyyətə açıqlıq və hesabatlılıq mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var.
Ərzaq və ticarət biznesinə sahib olan hakim ailənin ölkəcə məşhur şirkətləri bu yanğınların fonunda daha da genişlənir və ölkə boyunca mağaza, dükanların sayını artırırlar. Rəqabət iqtisadi baxımdan yox, məhz yanğınların artması fonunda dərinləşir. İndiyə qədər hakim ailəyə məxsus super marketlərdə hər hansısa yanğının baş verməməsi də maraqlı tendensiyadır. Hərçənd bunlar mülahizələrdir, amma düşündürücü məqamlardır.
Ticarət Mərkəzlərindəki şübhəli yanğınlar