Çeçenistanda terrorçu olduğu ehtimal edilən daha üç nəfər saxlanılıb
Çeçenistanın güc strukturları İŞİD-lə əlaqəli olan xüsusi təhlükəli terrorçu İmran Datsayevin rəhbərlik etdiyi qeyri-qanuni silahlı qruplaşmanın üzvü olduğu ehtimal edilən daha üç nəfəri saxlayıb.
Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “RİA Novosti” xəbər verir.
Daha əvvəl Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov şənbə günü xüsusi təhlükəli terrorçu İmran Datsayevin həbs edildiyini bildirmişdi. Kadırovun verdiyi məlumata görə, həbs olunan şəxs Suriyada yerləşən İŞİD döyüşçüsünün koordinasiya etdiyi bandaya daxil olub.
Kadırov onu da bildirib ki, Datsayevin rəhbərlik etdiyi və yanvarın 11-də Çeçenistanın Kurçaloyevsk rayonunda zərərsizləşdirilən qrupun məqsədi tank hissəsinin ələ keçirilməsi və Xankala qəsəbəsinə hücum etmək olub. Xüsusi əməliyyat nəticəsində 4 nəfər ehtimal olunan döyüşçü məhv edilib və Rusiya Qvardiyasının üç nəfər hərbçisi həlak olub.