Müğənni Saba Samuşiya Tbilisinin “Aqa” restoranında dava zamanı dörd nəfəri yaralayıb, Gürcüstanın Baş Prokurorluğunun saytındakı məlumatda belə deyilir.
İstintaq müəyyən edib ki, yanvarın 18-də Samuşiya Tbilisinin mərkəzində, Qəhrəmanlar Meydanında yerləşən restoranın qonaqları ilə sözlü mübahisə yaşayıb. Münaqişə zəminində o, bıçaqla qonaqlardan birini sağ ayağından yaralayıb, daha sonra yaralı əməliyyat olunub. Samuşiya digər qonağı sol ayağından yaralayıb. Müğənni daha iki nəfərə bıçaqla xəsarət yetirib. Onlardan birinin vəziyyəti ağırdır.
“Samuşiya 117-ci maddənin birinci hissəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək), 118-ci maddənin üçüncü hissəsi (sağlamlığa qəsdən az ağır zərər yetirmək) və 239-cu maddənin üçüncü hissəsi (silah tətbiq etməklə xuliqanlıq) ilə ittiham olunur, bütün bunlar da dörd ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – prokurorluğun məlumatında deyilir.
İlkin informasiyaya görə, qanlı münaqişənin səbəbi sözlü atışma olub. Samuşiya restorandan qaçmaq istərkən saxlanılıb. İnsident Samuşiyanın müğənni kimi dəvət olunduğu ad günü məclisində baş verib.
Tbilisi şəhər məhkəməsi Samuşiya haqqında istintaq müddətində həbs qətimkan qərarı verib.
Saba Samuşiya xalq mahnıları ifaçısı David Kençiaşvilinin qrupundakı musiqiçilərdən biridir. Prokurorluğun məlumatına görə, o, daha əvvəl narko-cinayətə görə məhkum olunub.