Tbilisidə məşhur “Dezertir bazarı”nı bağlamaq istəyirlər
Tbilisidə məşhur “Dezertir bazarı”
Bu gün, avqustun 15-də Tiflisdə “Dezertir bazarı” adlanan bazarın altı ay müddətinə bağlanması planlaşdırılır. Bu ərazidə ikimərtəbəli ticarət mərkəzinin tikilməsi nəzərdə tutulur. Minlərlə ticarətçi və bazar işçisi gəlir mənbəyindən məhrum olmaq təhlükəsi qarşısındadır.
“Dezertir bazarı” və ya “Dezertirka” Tbilisinin mərkəzində, dəmiryol vağzalının yaxınlığında yerləşir və təxminən iki hektar ərazini tutur. Bu, ən məşhur ərzaq bazarıdır və Gürcüstan paytaxtının qeyri-rəsmi görməli yerlərindən biridir.
Avqustun 14-də Sosial Ədalət Mərkəzi bəyanat yayaraq, Gürcüstan hökumətini çox sayda insanın asılı olduğu bu “tarixi” bazarı bağlamaq qərarından geri çəkilməyə çağırıb.
“Biz bazar işçilərinin əsas tələbinə qoşuluruq və Tbilisi meriyasını bələdiyyə bazarının inkişafı üçün strategiya və fəaliyyət planı hazırlamağa çağırırıq. Bu prosesə işçilərin və digər maraqlı peşə və vətəndaş birliklərinin cəlb edilməsi vacibdir”, – deyə Sosial Ədalət Mərkəzi yazıb.
Bəyanatda qeyd olunur ki, bazarda fermerlər, nəqliyyatçılar, fərdi sahibkarlar da daxil olmaqla minlərlə özünüməşğulluq işçisi çalışır. Onların əksəriyyətini qadınlar, o cümlədən əhalinin sosial cəhətdən həssas təbəqələrinin nümayəndələri: tək analar, məcburi köçkünlər, etnik azlıqların nümayəndələri və əmək miqrantları təşkil edir.
İyulun 30-da ticarətçilər bazarın bağlanması qərarına etiraz edərək Tbilisi meri Kaxa Kaladze ilə görüş tələb ediblər.