Tbilisi Marafonu artıq altıncı ildir ki, Gürcüstan paytaxtında keçirilir və həm turistlərin, həm də yerli sakinlərin diqqətini cəlb edir. “Xaydelberqsement”in təşkil etdiyi marafon oktyabrın 22-də 8.30-da Rustaveli prospektindən start götürüb.
Tbilisililərdən fərli olaraq, marafon iştirakçıları səhərdən yaxşı əhval-ruhiyyədə idilər. Şəhər sakinləri sosial şəbəkələrdə marafona görə paytaxtın mərkəzi küçələrinin bağlanması ilə bağlı narazılıqlarını ifadə ediblər.
“Tbilisi Marafonunun” marşrutu paytaxtın mərkəzi məhəllələrindən keçir. Marafonun baş tutması üçün Tbilisinin qədim hissəsində avtomobillərin hərəkətini dayandırmalı olublar. İctimai asayişin qorunması üçün patrul polisi cəlb edilib.
“Tbilisi Marafonu” ilk dəfə 2012-ci ildə keçirilib. Ötən il marafona yenilik gətirilib – təşkilatçılar komanda estafetini əlavə ediblər.
“Tbilisi Marafonunda” iştirak ödənişlidir – qaçışda iştirak etmək istəyən hər kəs qeydiyyatdan keçməli və 10 kilometrlik distansiya üçün 15 lari, 21 kilometrlik distansiya üçün isə 20 lari iştirak haqqı ödəməlidir.
6 yaşdan 11 yaşa qədər uşaqlara 50 metrlik distansiyanı, 11 yaşdan 15 yaşa qədər uşaqlara isə 1 kilometrlik distansiyanı qət etmək təklif olunur. Uşaqlar ödənişdən azaddırlar.
Marafonun təşkilatçısı “Xaqdelbersement” ənənəvi olaraq marafon iştirakçılarının ödənişlərindən toplanan məbləği iki qatına yüksəldərək xeyriyyə məqsədli tədbirlərə xərcləyəcək.
Məsələn, 2016-cı ildə iştirakçılar hesabına 23 min lari toplanmışdı, bu məbləğ 46 minə çatdırılaraq uşaq hospisinə xərclənmişdi.
2015-ci ildən “Tbilisi Marafonu” Marafonçuların və Uzaq Məsafə Qaçışçılarının Beynəlxalq Assosiasiyasının (AIMS) reyestrinə daxil edilib. Müvafiq olaraq, tədbir beynəlxalq standartlara uyğun keçirilir, sağlam həyat tərzinin, xeyriyyəçiliyin təbliğinə və Gürcüstan paytaxtında turizmin inkişafına xidmət edir.