Azərbaycanda tanınmış psixoloq intihar edib – istintaq gedir
Yanvarın 25-də axşam saatlarında tanınmış psixoloq Dəyanət Rzayevin öz mənzilində özünü kəmərindən asaraq öldürdüyü məlum olub. Doğmaları bildiriblər ki, məhrum depressiyada olub və son bir neçə gündə işə də getməyib. İntihardan öncə yazdığı məktubda o, ölümündə heç kimi günahlandırmamağı xahiş edib. Onun 45 yaşı vardı.
Bununla belə Yasamal rayon Prokurorluğunda APA agentliyinə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsilə cinayət işi qaldırılıb.
Burda – Azadlıq Radiosuna verdiyi şərhdə Dəyanət Rzayev Azərbaycanda intiharların artmasının səbəbləri, risk qrupları, bu kimi halların statistikasının aparılmasının və səbəblərin araşdırılmasının vacibliyi haqda danışır, çünki Azərbaycanda bütün bunlara lazımi diqqət yetirilmir..
“İntihar edənlərin 90 faizi psixi sağlam insanlardır. Qadınlardansa daha çox kişilər intihar edir, halbuki qadınlar intihar haqda daha çox danışırlar. ”
Psixoloq bildirir ki, çox vaxt sosial ədalətsizlik və insanın həlli üçün müraciət edə biləcəyi kimsənin olmadığı problemlər intihara səbəb olur.
Dəyanət Rzayev mediaya məmnuniyyətlə müsahibə və şərhlər verirdi. Buna görə də KİV onun ölümünə dərhal reaksiya verdi. Minval.az saytı “Kimsənin inanmadığı intihar” başlıqlı məqalə dərc edib.
• Report.az saytının sorğusuna cavab verən Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib ki, 2016-cı ilin ancaq 9 ayı ərzində “intihar həddinə çatdırma” maddəsilə 500 cinayət işi qaldırılıb.
• Səhiyyə Nazirliyi yanında Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji Yardım şöbəsinin rəhbəri, psixiatr Kəmalə Talıbova APA agentliyinə bildirib ki, 2016-cı il ərzində Azərbaycanda 327 nəfər intihar edib.
Dərc olunub 26.01.2017