Şərh. Müharibə olmasaydı
Mənim balaca və həssas olan vaxtlarımda televizorda qadın “Müharibə olmasaydı” adlı kədərli mahnı oxuyurdu. Hətta indi, həssaslığımın xeyli korşaldığı zaman da bu mahnı mənə əvvəlki qədər kədərli gəlir. Bu mahnı İkinci Dünya Müharibəsi olmasaydı, qızın və onun (çox güman ki həlak olmuş) sevgilisinin həyatının necə ola biləcəyi haqdadır.
Bəs Qarabağ müharibəsi olmasaydı, necə olardı? Nə birinci, nə də ikinci. İndi Azərbaycanda və bütün Cənubi Qafqazda həyat necə davam edərdi?
Təsəvvür edək ki, SSRİ dağılandan sonra Ermənistan və Azərbaycan öz daxili işləri ilə məşğul olmağa başlayıb, yüz illik qərəzlər ortaya çıxmayıb, Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət olaraq qalıb, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığı alıb.
Aydın olsun deyə fantazıyalarımı ciddilərdən sadələrə doğru sıralayacağam.
Beləliklə, əgər Qarabağ münaqişəsi olmasaydı:
1. Azərbaycanda siyasi rejimin necə ola biləcəyi məlum deyil. Axı müstəqillik əldə ediləndən sonra ölkənin siyasi taleyi 90% məhz Qarabağ münaqişəsinin təsiri ilə formalaşıb. Məhz Qarabağ məsələsi hakimiyyətə gəlmək istəyənlərin əlində kozır olub, siyasətçilərin karyerasına da məhz bu məsələ son qoyub.
Nağılda olduğu kimi, əjdahanı öldürmək, yuxuya vermək, onunla razılığa gəlmək, bir sözlə, elə eləmək lazımdır ki, o, kəndləri oda verməsin və yerli sakinləri yeməsin. Kim buna nail olsa, padşahlıq ona qalır.
Bir də aydın deyil ki, indiyə qədər rolunu Qarabağın azad edilməsi məsələsinin oynadığı əsas milli ideya və əsas rəsmi istəklər obyekti nə olacaqdı. Ağıla ancaq bir variant gəlir, Azərbaycan da Gürcüstan kimi Aİ və NATO-a daxil olmağa can atacaqdı. Bəlkə də, məsələn, Qazaxıstan kimi qlobal məqsədsiz də keçinə bilərdik.
2. Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin ittifaq yaratdığını ehtimal etmək olar. Türkiyə ilə quru əlaqəsi Ermənistana, Naxçıvana qısa yol Azərbaycana, regionda pul qazanmaq isə Türkiyəyə sərf edərdi. Qısası, istənilən halda hamı qazanardı. Bu ittifaq Ermənistan və Azərbaycana təsir rıçaqından məhrum qalmış Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarardı. Müdafiəsinə və dəstəyinə ehtiyac qalmasaydı, elə Türkiyənin də Azərbaycana təsiri çox güman ki, bu qədər böyük olmazdı.
3. 50 minə qədər insan sağ qalardı. Bu rəqəm çox təqribidir – bütün münaqişə dövründə hər iki tərəfin itkilərinin dəqiq sayını hesablamaq mümkün deyil. Qoy olsun 50. Lap elə 40. Bu, yenə də Lixtenşteyn və ya Monakonun əhalisindən daha çoxdur. Əlbəttə, onların hamısı bu günə qədər gəlib çıxmayacaqdılar – xəstəliklər, bədbəxt hadisələr səbəbilə, ya da sadəcə yaşlanıb öləcəkdilər. Amma aralarında heç vaxt şəxsi ədavətləri olmamış tanımadıqları insanlar tərəfindən güllələnməyəcək, partladılmayacaqdılar. Yeri gəlmişkən, minlərlə insan da heç kimi öldürməmiş olacaqdı.
4. Daha bir neçə milyon insan (o cümlədən də bu vaxt ərzində onların doğulan övladları və nəvələri) öz təbii mühitlərindən, sosial və mədəni köklərindən qopmayacaqdı, onlar Bakıda və digər şəhərlərdə həyatlarına sıfırdan başlamaq məcburiyyətində qalmayacaqdılar. Söhbət sadəcə onların öz evlərini qoruyub saxlamasından və psixoloji travma almamasından (hərçənd, bu çox vacibdir) getmir. Belə deyək: məcburi köçkünlərin ikinci nəsli öz ənənəvi mühitində doğulub, böyüsəydi, böyük ehtimalla tamam başqa insanlar olardılar.
5. Azərbaycan bütün bu 30 ildə silahlanmaya və məcburi köçkünlərin rifahının yaxşılaşdırılmasına xərclənən pulları kənara qoya bilərdi. Bu pulların bütünlüklə faydalı məqsədlərə sərf ediləcəyi fakt deyil, amma yenə də iqtisadi mənzərə daha nikbin ola bilərdi. Ən azından iqtisadi (və digər) problemləri “müharibə şəraitində yaşamağımızla” izah edə bilməyəcəkdilər.
6. Bir çox insanlar işsiz qalacaqdı. Mənim özüm daxil. Üç onillik ərzində “dar ixtisaslar” üzrə mütəxəssislər ordusu formalaşıb – jurnalistlər, sülhməramlılar, ekspertlər – onların fəaliyyəti bu və ya digər dərəcədə Qarabağ müharibəsi ilə əlaqədardır. Onlardan bəziləri ümumiyyətlə heç vaxt başqa heç nə ilə məşğul olmayıb. Odur ki, münaqişə olmasaydı, onlar (biz) başqa bir sahəni mənimsəməli olacaqdılar(q).
7. Qənaətli turizmin bir istiqaməti də yaranacaqdı. İndi “qənaətli turizm” anlayışının özü bakılılar üçün “çamadan-vağzal-Tbilisi” formulu ilə məhdudlaşır. Amma “çamadan-vağzal-Yerevan” alternativ seçimi də ola bilərdi. İstirahət günlərində Sergey Paracanovun muzeyinə getmək, məmnun simalarımızın Müqəddəs Yakov kilsəsini arxa plana atdığı üç yüz selfi çəkdirə, dolma yeyə və bizim dolmanın daha dadlı olduğu, amma bununla da yola vermək olar qənaətinə gələ, qayıdanbaş isə özümüzlə bir-iki şüşə “Ararat” konyakı gətirə bilərdik.
8. Əgər sizin oğlunuz varsa, böyük ehtimalla erməni kirvəniz də olardı. Bilirsiz kirvə kimdir? Xaç atası kimi bir şey. Bilmirəm hansı məntiqlə müsəlman ayininin yerinə yetirilməsi üçün kirvə olaraq xristian-erməni dəvət edirmişlər. Amma bu ənənə vardı və kirvə az qala qohum sayılırdı.
Əlbəttə ki, siyahı kifayət qədər subyektiv və natamamdır. Tam siyahı tutmaq qeyri-realdır. Çünki ümumiyyətlə hər şey tam fərqli olardı, əgər müharibə olmasaydı.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.