Azərbaycan Qarabağda Şuşanın azad edilməsini bayram edir, Türkiyə XİN və MN rəhbərləri Bakıdadır
Noyabrın 8-də prezident İlham Əliyev Qarabağda Şuşanın azad edilməsini elan edəndən sonra Azərbaycanın hər yanında küçələr Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran insanların piyada və avtomobillə bayram yürüşləri ilə canlanıb.
Ermənistanın Müdadiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan İlham Əliyevin bəyanatını təkzib edib. Facebook səhifəsində o, yazıb ki, “Şuşada hələ də gərgin döyüşlər gedir”.
- Qarabağ: Qala şəhər Şuşa haqda
- Azərbaycanda burgerlər, pizza və şampunlar boykot edilir: hər şey nədən başlayıb?
Əliyevin müraciəti
Son günlərdə qeyri-rəsmi mənbələr Azərbaycan ordusunun Şuşa istiqamətində hücumu haqda yazırdı və noyabrın 8-də səhər saatlarından prezidentin tezliklə xalqa müraciət edəcəyi haqda informasiya yayıldı.
Əliyev müraciət üçün rəmzi yer seçib – Bakıda Şəhidlər Xiyabanında çıxış edib. Burada 20 yanvar 1990-cı ildə sovet qoşunlarının Azərbaycan paytaxtına yeridilməsi zamanı həlak olanlar və birinci Qarabağ müharibəsində (1988-1994) həlak olanlar dəfn edilib.
Azərbaycan prezidenti İlham Əliyev öz müraciətində Şuşa şəhərinin azad edildiyi haqda bildirib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!”.
“Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz”, – Əliyev deyib.
Bakı bayram edir
Prezidentin çıxışından demək olar ki, dərhal sonra Bakı və ölkənin digər şəhərlərinin sakinləri Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə küçələrə çıxıblar.
Bakı buxtasında lövbər salan gəmilər Şuşanın azad edilməsinin şərəfinə fit veriblər.
Türkiyə nazirləri Azərbaycan paytaxtında
Elə bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli təhlükəsizlik naziri Hulusi Akarı qəbul edib.