Surkov “qərbyönlü iblisdir” və Cənubi Ocetiyada korrupsiyanı dəstəkləyir
Rusiyanın populyar online verilişi “Ças Sivkova” (Sivkovun saatı) Cənubi Osetiya mövzusuna toxunub.
Verilişin adı səs-küylüdür – “Cənubi Osetiyanın naməlum sirləri”. Verilişdə qaldırılan mövzular daha səs-küylüdür, məsələn, niyə respublikada korrupsiya problemi belə kəskindir və Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun (onu verilişdə “Cənubi Osetiya və Abxaziyanın kuratoru” adlandırırlar) yerli siyasətə mənfi təsiri nədən ibarətdir?
Bu və digər sualları Cənubi Osetiyanın ikinci (indi artıq keçmiş) prezidenti, hazırda əsas müxalif siyasətçi Eduard Kokoytı cavablandırıb.
Verilişin aparıcısı özünü hərb elmləri doktoru kimi tıəqdim edən Konstantin Sivkovdur.
JAMnews söhbətdə toxunulmuş əsas mövzular üzrə xülası təqdim edir.
Cənubi Osetiyada qərbyönlü qüvvələr
Konstantin Sivkov:
“Mən Cənubi Osetiyanın ən nüfuzlu siyasi partiyaları və hərəkatları tərəfindən Rusiya Federasiyasının prezidentinə ünvünlanmış məktubu [14 imzaçı – JAMnews] oxudum. Orada bildirilir ki, Rusiya Federasiyasının Cənubi Osetiya və Abxaziya regionları üzrə məsuliyyətli olan cənab Surkov öz əməlləri ilə ölkədəki stabilliyi pozur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Rusiyanın vətənpərvər qüvvələrinin də cənab Surkova qarşı onun 1990-cı və 2000-ci illərdə törətdikləri ilə bağlı iddiaları var”.
Eduard Kokoytı:
Eduard Kokoytı suala cavab verərkən, Vladislav Surkovu və onun komandasını “qərbyönlü qüvvələrə” aid edib və deyib ki, bunu “yaxşıca araşdırmaq” lazımdır.
“Biz, bütün vətənpərvər qüvvələr ayıq-sayıq olmalıyıq… Biz hər birimiz Rusiyaya göpstərdiyi yardım və dəstək üçün minnətdarıq…, hər bir osetin minnətdardır.
Amma biz çox gözəl bilirik bu kuratorlar nədə belə çox maraqlıdırlar… Onların Cənubi Osetiyaya gətirdiyi podratçı təşkilatların hesabatlarında xeyli əskik var. Bu, çoxmənzilli kompleksin, teatrın və digər obyektlərin inşaatında belədir. Pul ayrılıb, amma inşaat ya tamamlanmayıb, ya da böyük texnoloji qüsurlarla tikilib. Bəzi binalar praktiki olaraq hələ inşa edilməyib, amma artıq qəzalı hesab olunur, Qəhrəmanlar küçəsindəki kompleks də həmçinin.
Kuratorların gətirdiyi podratçı təşkilatlar “qaymaqları toplayıb”, gediblər. 2011-ci ildə də eyni şey olmuşdu. Belə baş verir:
- İşi batırandan sonra podratçı təşkilat tələsik obyekti osetin podratçılarına təhvil verir.
- Osetin podratçıları hər şeyin maliyyələşdiriləcəyi zəmanəti ilə obyekti təhvil alır.
- Öz işlərini görürlər və itkiləri ilə baş-başa qalırlar.
Bir çox opponentlərim məni qınayırlar ki, sizin çıxışlarınız Rusiyaya qarşıdır. Mən isə onlara deyirəm ki, yəqin sizin kuratorlarını bunu sizə yeridib. Mən sizin kuratorlarınızı tənqid edirəm, çünki onlar bu böhran vəziyyətinə səbəb olublar. Əgər bu, RF İstintaq Komitəsi və Baş Prokurorluğuna maraqlıdırsa.
Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edildiyi bu mürəkkəb zamanda bizi narahat edən RF-nin nüfuzudur, bütün qalan dünya tərəfindən [ölkə üçün] dözülməz şərait yaradılır.
Bu gün vahid qütblü dünya dağılır – Putin və Rusiya sayəsində. Bu, bir çoxlarına rahatlıq vermir və təbii ki, burada qərbyönlü qüvvələr Putini sıxışdırmaq üçün əllərindən gələni edirlər.
Gəlin, Cənubi Osetiya xalqından soruşaq – qərbyönlü ipro-gürcü qüvvələr burada özlərini nə dərəcədə azad hiss etməyə başlayıblar? Bu da Cənubi Osetiyanı idarə edən həmin kuratorların sayəsindədir”.
Kokoytı həmçinin deyib ki, “yeni informasiya texnologiyaları əsrində beyinlər zəhərlənir, ona görə də, çox ayıq-sayıq olmaq, əllərini sallayıb oturmamaq və kənardan baxmamaq lazımdır”.
Cənubi Osetiyada bugünkü vəziyyətin inkişafı
Eduard Kokoytı:
“Bizdə Cənubi Osetiyada yeni prezident olaraq Cənubi Osetiya uğrunda döyüşən, kimlərinsə arxasında gizlənməyən bir adamı – Bibilovu seçiblər. Biz [Kokoytının tərəfdarları – JAMnews] onu rəsmən dəstəkləyəndən sonra bizi bir-birimizlə dalaşdırmaq istəyən çox adam ortaya çıxdı. O cümlədən də həmin qərbyönlü qüvvələr, [prezidentə] təsir edərək, ona Cənubi Osetiyanın vətənpərvər qüvvələri ilə məhsuldar ünsiyyətdən çəkindirmək istəyən həmin kuratorlar.
Biz kənar mövqedə qalmaq və adamın ayağının büdrəyəcəyini gözləmək niyyətində deyilik. Biz əksinə, ona kömək etməyə hazırıq, biz onun necə mürəkkəb vəziyyətdə olduğunu anlayırıq, çünki bilirik ki, ona çox güclü təsir göstəriləcək, o cümlədən də maliyyənin kəsilməsi təhdidi ilə, bu cür təhdidlər artıq bəzi siyasətçilər tərəfindən dilə gətirilib.
Demək istəyirəm ki, seçkiqabağı kampaniya zamanı dəyərləndirmələr açıqlayan və məni tənqid edən politoloqların sevimli tribunası Tbilisidir. Bu politoloqlar Cənubi Osetiyada seçkiqabağı kampaniya zamanı əsas skripkanı çalırdılar, kimin seçkiyə buraxılacağını, kimin buraxılmayacağını qərarlaşdırırdılar. Mən məhkəmə orqanlarımızdan seçkiyə buraxılmamağım haqda qərar gözləmirdim. Bizim buna qarşı çıxmaq üçün çoxlu imkanımız var idi, amma biz stabilliyi qoruduq, çünki Cənubi Osetiyanın nüfuzu bizim üçün dəyərlidir”.
Qərb, Gürcüstan və Cənubi Osetiya
Konstantin Sivkov:
“Qərbə və Tbilisiyə yönəlmiş qüvvələrin mənfi təsirini azaltmaq üçün imkanlar varmı?”
Edusrad Kokoytı:
“Məni qorxudan odur ki, 2011-ci ilə qədər Cənubi Osetiyada gürcüstanyönlü qüvvələr praktiki olaraq yox idi. İndi bu qüvvələr mövcuddur və biz nə edə bildik – bu insanların hakimiyyətdə qalmamasına nail olduq. Yeni komandada onlar praktiki olaraq yoxdur.
Rusiyadan ezam olunan güc strukturlarını təmsil edən şəxslərin [bəziləri] heç də Rusiya qarşısında vətənpərvərlik borcunun fərqində deyil. Onlar… bu gün inşaat məsələləri və vəsaitlərin “dağıdılması” ilə məşğul olanların şərtlərini qəbul ediblər”.
Cənubi Osetiyada vəsaitlərin mənimsənilməsi ilə bağlı araşdırma aparılması təklifi ilə RF Baş Prokurorluğuna müraciət
Verilişin aparıcısı Konstantin Sivkov RF Baş Prokurorluğuna Cənubi Osetiyada vəsaitlərin məqsədindən kənar xərclənməsi və birbaşa korrupsiya faktlarını təsdiq edən sənədlərin təqdim olunması təklifi ilə müraciət edib.
Bu zaman o bəyan edib ki, bu, “[Rusiya] və Cənubi Osetiyaya təzyiq göstərən qərbyönlü iblislərlə mübarizə” üzrə qanuni tədbirlər olacaq.
Eduard Kokoytı cavab verib ki, Cənubi Osetiya və bəzi Rusiya podratçıları artıq sorğu ilə Rusiya prezidentinə müraciət edib və almalı olduqları vəsaiti ala bilmədikləri ilə bağlı şikayət ediblər.
“Gəlin, onların məktubuna və müraciətlərinə nə reaksiya gələcəyini gözləyək, mən isə böyük məmnuniyyətlə yardım etməyə hazıram”, – Eduard Kokoytı bildirib.