Suriyalı və əfqan qaçqınlar Türkiyədə: dava və etirazlar
Suriyalı və əfqan qaçqınlar Türkiyədə
Türkiyədə milyonlarla suriyalı qaçqın və son həftələrdə Taliban (bir çox ölkələrdə terrorçu təşkilat kimi tanınır) hakimiyyətə gələndən sonra Əfqanıstandan qaçaraq onların sırasına qoşulan insanlar ətrafında gərginlik artır.
Türkiyənin müxtəlif regionlarında yerli sakinlərlə qaçqınlar arasında toqquşmalar baş verir, Türkiyə əyalətlərinin sakinləri küçələrdə etiraz edirlər.
Dükan sahibi türkdürsə, onu dağıtmayacaqlar
Avqustun ortalarında Türkiyənin paytaxtı Ankaranın Altındağ rayonunda parkda sözləri çəp gələn iki türk və iki suriyalı gənc arasında dava düşüb. Suriyalı gənclər türk gəncləri bıçaqlayıblar, onlardan biri həyatını itirib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hər iki suriyalı gənc həbs edilib.
Ankaranın Altındağ rayonu Suriya qaçqınlarının kompakt yaşadığı və iş yerlərinin olduğu ərazilərdən biridir. Bu səbəbdən də bura el arasında “Kiçik Hələb” adı verilib. Ümumi əhalisi 60 mindən çox olan rayonda 18 mindən çox qaçqının məskunlaşdığı ehtimal olunur.
Türkiyədə sığınacaq tapan suriyalıların ümumi sayı isə 4 milyonu aşır.
- Əfqanıstanın süqutu. Bu, niyə baş verdi və yeni İslam xilafəti necə olacaq? Analiz və foto
- Türkiyə hökumətini narkotik və silah alverində günahlandıran mafiya başçısı haqda
- Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
Məlum hadisədən sonra “Kiçik Hələb”də iğtişaşlar yaşanıb. Yerli sakinlər Altındağdakı suriyalılara aid iş yerlərinə (dükan, kafe və sairə), həmçinin yaşadıqları evlərə hücum edib, pəncərələri daşlayıb, maşınları parçalayıb, tərs çeviriblər, önlərinə keçən hər şeyi dağıdıblar.
İştişaşlar ümumilikdə 27 saat davam edib. Onlarla insan xəsarət alıb, iştişaşlarda iştirak edən 150 nəfərə qədər saxlanılıb.
İğtişaşlar sakitləşəndən sonra ictimai təşkilatların yardımı ilə suriyalıların çoxu Altındağdan təhlükəsiz yerlərə köçürülüb, qalanlar isə evlərinə qapanıb, pəncərələrindəki pərdələri də bağlayıblar.
Şəxsi məkanını suriyalılara iş yeri olaraq kirayə verən yerli sakinlərdən biri jurnalistlərə bunları deyib:
“Mülk onların deyil ki, bizimdir, milli sərvətdir, heyif deyilmi?”
İğtişaşlar zamanı yerli sakinlər yanlışlıqla türk iş adamlarının müəssisələrinə də ziyan vurublar. Bunu nəzərə alaraq türk sahibkarlar özlərini növbəti hücumlardan sığortalamaq üçün dükanlarının qarşısına Türkiyə bayrağı asıb və “Türk dükanı” sözlərini yazıblar.
“Yuxarıda Allah var, hamısının pis olduğunu deyə bilmərik, çox yaxşı insanlar da var aralarında. Hətta bəzi qonşularımızı hadisələrdən sonra buradan aparanda birlikdə ağladıq. Amma aralarında çox narahatlıq verənlər də var. Hərçənd elə bizimkilər arasında da belələri var…
Bunlarla əvəllər də bir çox problemlər yaşanıb. Sürtüşmələr oldu, hətta bıçaqlama hadisələri də yaşandı. Amma son ölüm hadisəsi onsuz da yığılmış qəzəbi partlatdı. Dövlətin bu işə bir əl atması lazımdır”, – yerli sakinlərdən biri jurnalistlərə deyib.
“Suriyalılara xərclənən pullar türklərə sərf oluna bilərdi”
Bu miqyasda olmasa da, Türkiyədə suriyalılarla yerli əhali arasında müxtəlif səbəblərdən yaşanan toqquşmalar yeni bir şey deyil. Suriyada 2011-ci ildə müharibə başlayandan vətənlərindən qaçan suriyalılar Türkiyəyə sığınıb. Onlara burada yaradılmış şərait Türkiyə cəmiyyətinin parçalanmasına səbəb olub.
Onlar Türkiyədə bir sıra üstünlüklərə sahibdirlər. Bura aylıq müavinət, pulsuz tibbi xidmət və təhsil, iş yeri kvotası, kommunal xərclərdə və vergi sistemində bir sıra güzəştlər daxildir.
Amma Suriya qaçqınları üçün bu güzəştlər Türkiyə dövləti hesabına həyata keçirilmir. Avropa İttifaqının 2015-ci ildən 2024-cü ilə qədər həyata keçirməli olduğu proqrama əsasən, Aİ bu məqsədlə Türkiyəyə ümumilikdə 6 milyard avro maliyyə ayırıb.
Proqramın əsas məqsədi Suriya qaçqınlarının Türkiyədə qalmasını təmin etmək və bununla da onların Avropa ölkələrinə axınının qarşısını almaqdır.
Amma yerli əhalinin böyük hissəsi üçün bu böyük məqsədlər maraqlı deyil. Onlar bunu özlərinə qarşı diskriminasiya hesab edir və buna etiraz edirlər.
“Qoy suriyalılar üçün qiymət 10 qat artıq olsun”
“Türkiyə Cümhuriyyəti vətəndaşları ilə əcnəbilər bu ölkədə eyni haqlara sahib ola bilməzlər. Mən sizi Boluya dəvət etməmişəm. Dövlət də sizi Boluya zorla göndərməyib. Öz iradənizlə Boluya gəlmisiz. Bodrumda bahalı çimərlikdə 1 lirəlik suyu 10 lirəyə içmək necə bir seçimdirsə, Boluda qalmaq da bir seçimdir. Qalırsınızsa, bu cür qaydalara riayət etməlisiniz”.
Avqustun əvvəlində Türkiyənin Qaradəniz sahilindəki Bolu əyalətinin bələdiyyə sədri Tanju Özcanın əcnəbilərin faydalandığı bəzi xidmətlərə görə qiymət artımı təklifi irəli sürüb.
Tanju Özcan ana müxalifət partiyası CHP-ni təmsil edir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyədə təmsil olunan üzvləri sədrin təklifinə etiraz etsələr də, səs çoxluğu ilə təklif Bələdiyyə Məclisində qəbul olunub.
Yeni dəyişikliklərə əsasən, Bolu əyalətində əcnəbilər bələdiyyə xidmətlərinə görə əvvəlkindən təxminən on qat artıq ödəniş etməli olacaqlar.
Əfqanıstandan qaçqın axınının qarşısını almaq üçün 300 km-lik divar
Surilayı qaçqınlarla problemlərin kəskinləşməsi fonunda Türkiyəyə Əfqanıstandan da qaçqın axını başlayıb. Hazırda Türkiyə-İran sərhədində qaçqın axınının qarşısını almaq üçün 300 km uzunluqda divarın inşası davam edir, bununla belə İran vasitəsilə Türkiyəyə gələn əfqanların sayı getdikcə artır.
Türkiyənin Van əyalətinə gələn 16 yaşlı əfqan qaçqın İranın da onları istəmədiyini deyir: “Əgər ora (İrana) getsək, bizi ölkədən çıxmağa məcbur edəcəklər. Buraya (Türkiyəyə) gəlsək, saxlayıb geri göndərəcəklər. Tehrandan bura 11 günə piyada gəldim. Dostumla birlikdə 11 gün piyada gələrək bura çıxdıq”.
17 yaşlı digər qaçqın isə Əfqanıstana qayıtmaqdan başqa hər şeyə hazır olduqlarını deyir. “Bizi ölkəmizə geri göndərmək istəyirlər. Mən buraya zorla gəlmişəm. Ölkəmdə müharibə gedir. Mən orada nə edə bilərəm? Müharibə olmasa, bura gəlməzdim”.
Çoxları Bolu bələdiyyə sədri Tanju Özcanla bu mövzuda həmfikirdir:
“Suriyalılar bizdən 30 il geridə idi, amma əfqanlar 100 il geridədir. Bizim 9-12 yaşında “Balam, cocuğum” deyə sevdiyimiz uşaqlara onlar arvadı ola biləcək gözlə baxırlar. Siz bunları cəmiyyətə necə inteqrasiya edəcəksiniz? Adamlar savaşmaqdan başqa heç bir iş görməyiblər”, – Özcan deyib.
Amma cəmiyyətin bir hissəsi qaçqınların sadəcə asan hədəf olduğunu düşünür.
“Ölkədə qəribə bir vəziyyət var. Sel olur, SES-lər günahkardır. İşsizlik var, suriyalılar günahkardır, yanlış şəhərsalmada beton günahkardır. Başımız xarab olmasın. Ölkəni beton mikserləri və ya suriyalılarmı idarə edir? Seçdiyimiz iqtidar taleyimizdir”, – başqa bir sosial şəbəkə istifadəçisi Emin Çapa yazıb.