Sülhməramlıların yük maşınlarında Laçın yolu ilə nə daşınır? Bakıdan şərhlər
Sülhməramlıların yük maşınları nə daşıyır?
33-cü gündür ki, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyası davam edir. Son günlər aksiyanın keçirildiyi yerdən hər gün Rusiya sülhməramlı kontingentinin onlarla yük dolu təchizat maşını keçir. “Rusiya sülhməramlılarının yük maşınlarında Laçın yolu ilə nə daşınır? Azərbaycanın bu yük maşınlarının içindəkiləri yoxlamaq imkanı varmı?” – Bakıda ekspertlər sual edirlər. “Laçın yolunda sərhəd-gömrük məntəqələri yaratmaq lazımdır” – politoloq Elxan Şahinoğlu deyir.
- 44 günlük müharibə və Laçın yolundakı vəziyyət arasında paralellər. Bakıdan təhlil
- Əliyev rejimini tənqid edən azərbaycanlı jurnalistin Gürcüstana girişi qadağan edilib
- Gürcüstanda səs-küylü intihar işi üzrə hökm çıxarılıb
Hər gün Rusiya sülhməramlı kontingentinin onlarla yük maşını Laçın yolu ilə Xankəndi və Ermənistan istiqamətində hərəkət edir. Bir aydan artıqdır ki, bu yolda etiraz aksiyası keçirən azərbaycanlı fəalların bu maşınların içindəkiləri yoxlamaq imkanı yoxdur.
Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara verdiyi son müsahibəsində deyib ki, sülhməralıların təchizat maşınları Xankəndiyə ərzaq və dərman aparır, Bakı da bundan xəbərdardır və Qarabağın erməni əhalisinin təchizatı prosesinə mane olmur. Bununla o, Azərbaycan tərəfindən blokadanın olmamasını əsaslandırıb.
Xankəndiyə humanitar yardımın sülhməramlıların maşınlarında daşınması faktı ilə bağlı Azərbaycanın ekspert cameəsinin sualları yaranıb.
Rusiya sülhməramlılarının yük maşınlarında Laçın yolu ilə nə daşınır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, sülhməramlıların maşınlarında qeyri-humanitar yüklərin daşınıb daşınmadığına dair suala birmənalı cavab vermək mümkün deyil:
“Həmin nəqliyyat vasitələrində nələrin daşındığı barədə dəqiq məlumat yoxdur.
Rusiya hərbi kontingentinin komandanlığı yalandan deyə bilər ki, nəqliyyat vasitələrində yalnız onlar üçün lazımi vasitələr daşınır. Ancaq o nə yükdür ki, bir gün ərzində Ermənistandan Qarabağa 25 nəqliyyat vasitəsi keçib?
Həmin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşındığını vurğulamaq çətindir, ancaq tərsini söyləmək də mümkün deyil.
Məsələ burasındadır ki, Rusiya hərbi kontingentinin yolda postlarının mövcud olduğu iki il müddətində Ermənistandan Qarabağa silah, sursat və mina daşınıb. Rusiyalı hərbçilər bunun qarşısını almayıblar. Əksinə, Xankəndidə separatçılarla əl-ələ verərək əməkdaşlıq ediblər. Belə olan halda Rusiya hərbi kontingentinin erməni separatçılarından üz döndərdiyi inandırıcı deyil”.
Şahinoğlunun qənaətincə, ermənilər rusiyalı hərbçilərin psixologiyasını yaxşı mənimsəyiblər:
“Ermənilərin separatçılığa başladıqları 1988-ci ildən bu yana rusiyalı hərbçiləri pulla ələ almaq təcrübələri var.
Tutaq ki, Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov nəqliyyat vasitələrində erməni separatçılarına silah daşınmasının əleyhinədir. Ermənilər Rusiya hərbi kontingentinin aşağı rütbəli hərbçilərinə hər ay bir neçə min dollar ödəməklə nəqliyyat vasitələrinin içərisində silah daşıya bilərlər”.
Politoloq bu problemin tək çıxış yolu olduğunu deyir:
“Şübhələrə son qoymaq üçün etirazın davamı kimi Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılmasına keçid edilməsi zərurəti yaranıb. Bundan sonra istənilən yük yoxlanılacaq və separatçılara silah və sursat daşınması imkanı ortadan qaldırılacaq”.
“Bu aksiyanın mənası nədir?”
Siyasi icmalçı Hacı Namazovun fikrincə, son həftələrdə azərbaycanlı fəalların etiraz aksiyası “praktiki olaraq mənasını itirib”:
“Aydındır ki, sülhməramlılar Xankəndiyə ərzaq və digər zəruri mallar gətirirlər. Prezident Əliyev də buna işarə etdi.
Başqa bir şey maraqlıdır: sülhməramlıların özləri bunu təsdiq etmirlər. Bütün xəbərlərdə belə bir cümlə keçir ki, bunlar sülhməramlı kontingentintəchizat maşınlarıdır. Amma mümkün deyil ki, 1600 hərbçini təmin etmək üçün hər gün 25-40 yük maşını Xankəndiyə doğru hərəkət etsin.
Bu cür çox gediş-gəlişin səbəbi nədir? Doğrudanmı sülhməramlılara Xankəndinin blokadası ilə bağlı əfsanəni dəstəkləmək, eyni zamanda Qarabağın erməni əhalisini lazım olan hər şeylə təmin etmək tapşırılıb?”
Ekspert belə bir şəraitdə etiraz aksiyasının məqsədəuyğunluğuna dair şübhələrini də dilə gətirib:
“Əgər Azərbaycan tərəfinin yük maşınlarında olan yüklərin tərkibini yoxlamaq imkanı yoxdursa, o zaman bu aksiyanın nə mənası var?
Bəli, orada böyük həcmdə nəsə daşımaq mümkün deyil. Buna görə də qızıl və mis yataqlarında iş dayanıb. Xaricilər də Xankəndiyə getmir, çünki hətta sülhməramlıların maşınları ilə ora gedə bilsələr belə, onların ancaq Qarabağın o hissəsində olduqları ilə bağlı açıqlamaları böyük qalmaqala səbəb olacaq.
Etirazçıların Laçın yolunda belə özbaşınalıqlara mane olmaları Azərbaycanın maraqları üçün müsbət haldır. Amma bütün digər məsələlərdə tək bir aksiya ilə o yolu tam humanitar dəhlizə çevirmək mümkün olmayacaq. Burada başqa tədbirlərə ehtiyac var”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube