“Siz dialoqdan imtina edə bilməzsiniz, bu, gələcəkdən imtina etmək kimidir” - Ermənistanlı gənc fəal Azərbaycan haqqında
Ermənistan və Azərbaycan arasında dialoq mümkündürmü?
Gümri sakini 26 yaşlı Gevorq Qukasyan Ermənistanın Şirak Dövlət Universitetinin tələbəsi və onun tələbə şurasının sədridir. Psixologiyanı öyrənir, sevimli fənni klinik psixologiyadır.
Gevorq gənclərin potensialına – o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması kontekstində – inamını itirməyən fəaldır.
Biz zoomda əlaqə saxlayırıq. Gevorq Gümridəndir, mən yerevanlıyam. Deyir ki, regionda sülh onun üçün çox ağrılı və həsas mövzudur.
“Mənim nəslim bunun nəticələri ilə yaşayacaq”
“Belə uzun sürən münaqişələrdə barışıq yolunu iki tərəfdən yalnız biri keçə bilməz. Əgər sülh prosesi uğursuz olarsa, o zaman bizim nəsil bunun nəticələrini həm Ermənistanda, həm də Azərbaycanda yaşamalı olacaq.
Sülhə nail olmaq üçün isə, ilk növbədə, bir-birinizlə danışmağa başlamalıyıq.
Bu gün dialoqa hazır olmasaq belə, yenə də buna cəhd etməliyik. Çünki dialoqdan imtina bizim gələcəyimizdən imtinamız deməkdir. Ermənistan və Azərbaycan üçün dinc, demokratik, təhlükəsiz və azad gələcəkdən”, – Gevorq əminliklə deyir.
“Mənşəyi bəlli olmayan bir nifrət yaşayırıq”
Gevorq 11 il əvvəl Yerevanın mərkəzindəki Maştots parkında keçirilən etiraz aksiyalarında gənc aktivist kimi iştirak edib. Daha sonra bir qrup gənc meriyanı orada ticarət köşkləri tikmək niyyətindən əl çəkməyə məcbur edə bilib.
Sonra 2015-ci ildə növbə “Elektrik Yerevan” hərəkatına çatıb. Daha sonra dinc nümayişlər və etiraz aksiyaları nəticəsində gənclər hakimiyyəti elektrik enerjisi tariflərinin artırılması qərarını ləğv etməyə məcbur ediblər.
Daha sonra Gevorq “Restart Gümri” təşəbbüs mərkəzini yaradıb. Təşəbbüs iştirakçıları orada təhsil, gənclər, mülki və digər sahələrdə islahat proqramları hazırlayır və həyata keçirilməsinə çalışırlar. Gevorq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə inamını itirməyib.
“Cəmiyyətlərimiz arasında sülhə və dialoqa yanaşmam 2020-ci il 44 günlük müharibədən əvvəl də eyni idi”, – o deyir. – “Yalnız o zaman ehtimal daha yüksək idi”.
Müharibədən çox az əvvəl Gevorqun ilk kitabı nəşr olunub – “Nəfəs al” adlı nəsr şəklində şeirlər toplusu. Müharibə başladığı üçün kitabın təqdimatını ləğv etməli olub.
Kitabda region gənclərinin problemlərindən bəhs edilir.
Gevorq deyir: “Biz mənşəyi bəlli olmayan nifrət duyğusu ilə Sovet İttifaqının xarabalıqlarının, diktaturaların əhatəsində qalmışıq. Kitabımda siyasi təqiblərə görə ölkəsini tərk etmək məcburiyyətində qalan azərbaycanlı gənc fəallar və dissidentlərlə həmrəylikdən də bəhs etmişəm. Bəziləri ermənilərlə sülhdən danışır”.
Laçın dəhlizinin blokadası haqda
2022-ci il dekabrın 12-dən etibarən özünü ekoloji fəal kimi təqdim edən bir qrup azərbaycanlı rəsmi Bakının dəstəyi və Rusiya sülhməramlılarının hərəkətsizliyi ilə Qarabağın ermənilər yaşayan hissəsini Ermənistanla birləşdirən yeganə yolu bağlayıb.
Piket iştirakçıları azərbaycanlı mütəxəssislərin tanınmamış DQR ərazisindəki qızıl və mis mədənlərinə daxil olmağa imkan verilməsini tələb edirlər. Azərbaycan hakimiyyəti blokadanın olmadığını deyir, çünki aksiya başlayandan minlərlə humanitar yardım maşını və Qırmızı Xaç Cəmiyyətinin təcili yardım maşınları Laçın yolu ilə hər iki istiqamətdə hərəkət edir.
Bu vəziyyətdə, Gevorq deyir ki, sülh haqqında çox danışmaq və bunun üçün mübarizə aparan hər kəsi ruhlandırmaq xüsusilə vacibdir. O, sosial şəbəkədəki səhifəsində Bakı Dövlət Universitetində tələbələrə Laçın dəhlizində keçirilən aksiyada iştiraka görə “imtiyazlar” vəd edildiyini deyən azərbaycanlı tələbə Fərid İmanova dəstək verib.
“Dünya üçün edə biləcəyimiz şey budur: danışmaqdan qorxmamalıyıq. Mən özüm də bu məsələdə qorxmaz və dürüstəm və tək deyiləm” – o deyir.
“Münaqişələrin həlli yalnız demokratik ölkədə mümkündür”
“Hərbi ritorika fonunda hər iki tərəfdən sülh çağırışları demək olar ki, eşidilmir. İnsanlar tez-tez fikirlərinə görə tənqid və ya təqiblərə məruz qalırlar. Amma heç nə müharibəyə haqq qazandıra bilməz.
Biz uzlaşmanın mümkünlüyü ilə bağlı yeni dialoqa başlaya bilərik və başlamalıyıq. Bunun üçün hər iki tərəfin gəncləri təşəbbüs və məsuliyyətlə çıxış etməlidirlər. 30 ildir ki, sözün əsl mənasında bizi öldürürlər, biz də öldürürük. Bu qarşılıqlı mənasız qırğın, bu bədbəxtlik öldürmək əvəzinə danışmağı seçək nəsil yetişənə qədər davam edəcək”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.