Siyasət erməni futbolçuya Avropa Liqasının Bakıda keçiriləcək finalında oynamağa mane ola bilər
Ermənistan milli yığmasının kapitanı Henri Mxitaryanın da oynadığı Londonun “Arsenal” komandası Avropa Liqasının yarımfinalında İspaniyanın “Valensiya” komandasını məğlub edib (2-4). Müvafiq olaraq, klub finala çıxıb, final isə Bakıda keçiriləcək. Amma Ermənistanla Azərbaycan arasındakı münasibətlər üzündən Mxitaryan bu oyunda iştirak etməyə bilər.
Siyasət idmana necə müdaxilə edir?
Henri Mxitaryan peşəkar karyerası boyunca iki dəfə Bakıya səfərdən imtina etməli olub. Üç il əvvəl Dortmundun “Borussiya” klubunun yarımmüdafiəçisi ikən Avropa Liqası çərçivəsində Azərbaycanın “Qəbələ” qlubu ilə oyunda iştirak edə bilməmişdi. O zaman UEFA rəhbəri Canni İnfantino bəyan etmişdi ki, istənilən futbolçu vətəndaşlığından və viza almaq məcburiyyətindən asılı olmayaraq, turnirlərdə iştirak haqqı qazana bilər.
Amma bəzi millətçilər Mxitaryanı Azərbaycan ərazisinə ayaq basarsa, həbs olunacağı ilə təhdid etmişdi.
Bakıda keçirilən ikinci oyuna isə Mxitaryan artıq “Arsenal”ın oyunçusu olduğu zaman qatıla bilməmişdi.
Hazırkı vəziyyət Avropa turnirinin finalı yalnız klub üçün deyil, oyunçu üçün də önəmli olması ilə seçilir. Mxitaryan üçün final Avropa Liqasında ikinci kuboku qazanmaq imkanı ola bilər. Birinci dəfə o, “Mançester Yunayted” komandasının tərkibində kubok sahibi olub.
Azərbaycan niyə Mxitaryanı həbs etmək istəyir?
Yaranmış vəziyyətin səbəbi Qarabağ münaqişəsidir. Yerevan və Bakı arasında diplomatik münasibətlər yoxdur. Erməni soyadlı şəxsləri Azərbaycana çox zaman buraxmırlar, hətta onlar Ermənistan vətəndaşları olmasalar da.
Azərbaycan XİN-i Qarabağa Azərbaycandan yan ötərək Ermənistan ərazisindən keçən şəxsləri də “qara siyahıya” daxil edir. Henri Mxitaryan isə tanınmamış respublikaya tez-tez gedir.
UEFA-nın açıqlaması
Ermənistan mediası UEFA-nın məlumatını yayıb, orada deyilir ki, Henri Mxitaryanın Azərbaycan səfəri ilə bağlı heç bir problem olmayacaq:
“UEFA çərçivəsində başqa ölkələrdə oyunlarda iştirak etməkdən ötrü oyunçuların viza alması üçün futbol assosiasiyalarına, klublara və səfirliklərə göndərilən məktublar təşkilat üçün standart prosedurdur. Bu baxımdan UEFA və “Arsenal” təsdiq üçün sorğu göndərib, Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası isə bu oyunçunun ölkəyə gəlişi və qalması ilə bağlı heç bir problemin olmayacağını və lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini təsdiqləyib”.
Azarkeşlər nə düşünür?
Mxitaryanın Bakıya mümkün səfəri və Avropa Liqasının finalında iştirakı ilə bağlı mövzu Ermənistanda futbovsevərlərin və sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzinə gəlib.
Çoxları hesab edir ki, əgər Azərbaycan Mxitaryanın təhlükəsizliyinə zəmanət verməsə, final başqa şəhərə keçirilməlidir:
“Əgər lazımi səviyyədə təşkil edə bilmirlərsə, ümumiyyətlə finaldan məhrum etmək lazımdır”.
Azarkeşlərdən bir qismi hesab edir ki, Mxitaryan mütləq getməli və finalda iştirak etməlidir:
“Bu, böyük titul qazanmaq və stadionda Ermənistan bayrağı dalğalandırmaq imkanıdır. Getmək lazımdır”.
Azarkeşlərin digər qismi isə Mxitaryana bu oyunda iştirakdan imtina etməyi məsləhət görür:
“Mxitaryanla risk etməyə dəyməz”.