Saleh Rüstəmov aclığı dayandırıb, azad ediləcəyi bildirilir
41 gündür aclq aksiyası keçirən siyasi məhbus Saleh Rüstəmov bu gün aksiyanı dayandırdığını bildirib. Verilən məlumatlara görə, onun mülki xəstəxanaya köçürülməsi və sonradan azad ediləcəyi qərara alınıb. Hələlik bununla bağlı rəsmi məlumat yoxdur.
- “Xatirədə qalanlar”. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra
- Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb
- Azərbaycanda 19 yaşlı tələbə təhsil hüququndan məhrum ola bilər
Üç gün əvvəl, 13 dekabr tarixində siyasi məhbus, sağlamlıq vəziyyətinə görə Penitensiar Xidmətin Müalicə Mərkəzində saxlanılan Saleh Rüstəmov “quru aclığ”a başladığını elan etmişdi. Buna qədər isə o, 38 gün ərzində aclıq aksiyası keçirmişdi və son dərəcə zəifləmişdi. Tibb işçiləri S.Rüstəmovun hər an komaya düşə biləcəyini bildirirdilər.
Dekabrın 16-da səhər saatlarında siyasi məhbusun oğlu Sezgin Rüstəmov özünün “Twitter” hesabında atasının komaya düşdüyünü və həkimlərin müdaxiləsindən sonra özünə gəldiyini bildirdi.
Bundan bir qədər sonra hüquq müdafiəçisi Rüfət Səfərov siyasi məhbusun aclığı dayandırdığını xəbər verdi. “Saleh Rüstəmov aclığı dayandırdı. Tezliklə xoş xəbər olar. Ümid edirik ki, azadlığa çıxar…” R.Səfərov özünün “Facebook” səhifəsində belə bir informasiya yerləşdirib.
“Atama dövlət adından bu gün və ya sabah mülki xəstəxanaya köçürüləcəyi və daha sonra azad olunacağı söz verilib. Ümid edirəm, sözlərinin üstündə durarlar”, – daha sonra Sezgin Rüstəmov belə bir məlumatla çıxış edib.
Nə baş verir?
Bu həftənin əvvəlində Rüfət Səfərov və daha iki hüquq müdafiəçisi daxili İşlər Nazirliyində nazir Vilayət Eyvazov və qurumun başqa səlahiyyətliləri ilə üç saat boyunca görüş keçirmişdilər.
Sosial şəbəkələrə sızan məlumatlara görə, həmin görüşdə hüquq müdafiəçiləri Saleh Rüstəmovun və daha bir neçə ictimai fəalın həbsdən azad edilmələrinin vacibliyini vurğulayıblar.
Dekabrın 15-də ikinci apelyasiya məhkəməsindən sonra gənc fəal Rüstəm İsmayılbəylinin azad edilməsi də bu görüşün nəticələrindən biri kimi qiymətləndirilir.
Şərh
“Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı. Bu xəbəri sosial şəbəkədə ilk dəfə Rüfət Səfərov paylaşdı. Təfərrüatsız.
Təfərrüatı bundan ibarətdir: Saleh Rüstəmliyə dövlət adından təminat verilib ki, ona qarşı ədalətsizliyə son veriləcək, haqq etdiyi azadlığa qovuşacaq. Bu təminat verildikdən sonra Saleh bəy aclığı dayandırıb.
41 gün ərzində ictimai diqqətin mərkəzində yalnız Saleh Rüstəmli deyildi, həm də onun azadlıq haqqı idi. Bu haqq uğrunda dirəniş sayəsində ictimai diqqətin mərkəzində idi Saleh bəy.
Mən inanıram ki, yaxın günlərdə onun bu haqqı da rəsmən tanınacaq. Hələlik, yəqin ki, uzun sürən bir bərpa prosesindən keçməlidir.
41 gün aclıq etmək orqanizmdə ciddi fəsadlar yaradır. Bu fəsadları aradan qaldırmadan azadlığa qovuşmaq olar, amma həyata geri dönmək mümkünsüz də ola bilər.
Saleh Rüstəmli dövlət adından verilən təminatı ciddi qəbul edərək aclığı dayandırıb. Növbəti addımın məsuliyyəti isə bu təminatı verən dövlətin üzərindədir”, – bunu özünün “Facebook” səhifəsində azərbaycanlı jurnalist, hazırda Fransada mühacirətdə olan Qənimət Zahid yazıb.
Saleh Rüstəmov kimdir?
Saleh Rüstəmov 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanın Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. Birinci Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan və hazırda həmin ölkənin vətəndaşı olan Rüstəmov orada ticarət sahəsində fəaliyyət göstərib. Vaxtaşırı üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının ayrı-ayrı üzvlərinə dəstək məqsədilə pul yardımları göndərib.
2018-ci il mayın 8-də qohumunun dəfnində iştirak etmək üçün Azərbaycana gələn Rüstəmov həbs edilib və narkotik dövriyyəsində, qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib.
2019-cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
2021-ci il noyabrın əvvəlində Azərbaycan parlamenti amnistiya haqda qanun layihəsini qəbul edib, akt birinci və ikinci Qarabağ müharibələrində iştirak edənlərə də şamil edilib. Amma Rüstəmov amnistiyadan yararlana bilməyib.