Şərh: Gürcüstan – “demokratiya mayakına” hücum
LGBT-pride əleyhdarları tərəfindən zorakılıq Gürcüstan cəmiyyətindəki təhlükəli parçalanmanı göstərdi
Gürcüstanda iğtişaşlar – LGBT-pride əleyhinə çıxışlar və jurnalistlərə qarşı kütləvi zorakılıq bir daha göstərdi ki, Gürcüstan cəmiyyətində, xüsusən də gənclər arasında müxtəlif qrupların dünyagörüşünün nə qədər fərqlidir. Həm də LGBT hüquqlarına, liberallaşmaya və Qərb həyat tərzinə qarşı çıxan qruplaşmaların daha mütəşəkkil və təhlükəli olduğunu nümayiş etdirdi.
İyulun 5-də din xadimlərinin və mühafizəkar, bu və ya digər dərəcədə Rusiyayönlü təşkilatların nümayəndələrinin yönləndirdiyi radikal gənclərdən ibarət qruplar Tbilisinin mərkəzində əsl qırğın törətdilər.
Nəticədə baş tutmayan LGBT-pride təqibinə çıxan talançılar 50 nəfərdən çox jurnalisti, əllərinin altına düşən “yanlış” görünüşlü cütlüyü döyüblər. Hətta polşalı turisti bıçaqlayıblar, xoşbəxtlikdən o həyatda qalıb. Kulminasiya olaraq da parlament binası qarşısındakı Avropa İttifaqının bayrağını endirib və yandırıblar.
Bütün bunlar Avropa İttifaqının müttəfiqi kimi assosiasiya olunan, Aİ və NATO üzvlüyünə can atan və bir zamanlar bu mürəkkəb postsovet məkanında “demokratiya mayakı” elan olunan bir ölkədə necə baş verib?
Həm də ölkə əhalisinin 70-80 faizinin NATO və Aİ inteqrasiyasını dəstəklədiyi bir şəraitdə.
2018-ci ildə Tbilisini ağuşuna alan “klub” gənclərinin etirazları zamanı mən bu hadisələrin Gürcüstanda eyni nəsl arasında yaranan uçurumun miqyasını üzə çıxardığı haqda yazmışdım.
O zaman güc strukturlarının əsassız güc tətbiqi ilə müşayiət olunan reydlərindən qəzəblənən klub ziyarətçiləri parlament qarşısında küçələrə çıxmışdı.
Bu etiraza qarşı isə yüzlərlə mühafizəkar gənc də küçələrə çıxmış və parlament qarşısındakı aksiya iştirakçılarını ölümlə hədələmişdi. Niyə? Ona görə ki, onlar “əsl gürcülərə” layiq görünmür və davranmırdılar. Aqressiya üçün səbəb deyilmi?
Məhz o zaman bu iki gənclər qrupunun timsalında Gürcüstanın nə dərəcədə fərqli dünyagörüşünün və fərqli gələcək versiyasının bir-biri ilə toqquşduğu aydın oldu.
Kimin uşaqlıqda bəxti gətirib və yaxşı təhsil alıb, başqa ölkələri görüb, proqressiv çevrəyə düşüb – onlar müasir təkmil, müxtəlif ölkələrdən olan yaşıdları ilə tam rəqabət apara biləcək insanlar kimi yetişiblər.
Eyni zamanda müasir demokratik ölkədə yaşamaq bacarıqları, azlıqlara qarşı tolerantlıq, onların hüquqlarına qarşı hörmət əldə ediblər.
Normal təhsil ala bilməyən, bir valideynlə və ya valideynsiz böyüyən (Gürcüstanda bir çox ailələr belə yaşayır – valideynlər qazanc dalınca xaricə getməli olur), onlara ətraf dünya haqda yanlıq təsəvvürlər aşılayan hədsiz mühafizəkar əhvallı keşişlərin təsirinə düşən uşaqlar nəticədə küçələrdə qaçaraq fərqli görünən hər kəsi məhv etmək istəyən bu cür zombilərə çevrilirlər.
Bəli, qaragüruhçu kütlə iyulun 5-də mütəşəkkil idi – onları ratsiya ilə koordinasiya edirdilər, aydın görünürdü ki, çoxlarını mütəşəkkil şəkildə digər regionlardan paytaxta gətirmişdilər.
Amma onların böyük hissəsinin həqiqətən də öz əməlləri ilə vətəni qorxunc bir şeydən xilas edəcəklərinə inandığı bəlli idi. Məhz Avropa və Amerikadan Gürcüstana gələn və gürcü kimliyini təhdid edən əxlaqsızlıqdan.
Bu cür nifrət birdən-birə və boş yerdə yaranmır. Onu illərlə bəsləyirlər. “Klub etirazlarından” üç il keçdi və o vaxtdan ideoloji mənsubluqları mübahisəli olsa da, ultra-sağ və ya milliyyətçi adlandırılan qruplar daha mütəşəkkil və təhlükəli olub.
“Gürcü arzusu” partiyası 2012-ci ildə hakimiyyətə gəlib. Və həmin vaxtdan Gürcüstanda Rusiya təbliğatı, birbaşa və ya dolayısı ilə işğalçı dövlətin maraqlarını təmsil edən təşkilatlar qarşısında faktiki “yaşıl işıq” yandırılıb.
O vaxtdan Dövlət Təhlükəsizlik Xidməti qonşu dövlətin təsir agentlərini üzə çıxarmaqla yox, əsasən siyasi müxalifətin izlənməsi və təqibi ilə məşğul olur.
Nüfuzlu kilsə xadimlərinin güclü dəstəyi və formal Qərbyönlü hakimiyyətin gözyumması nəticəsində anti-Qərb, anti-liberal və açıq Rusiyayönlü qüvvələr illərlə öz fəaliyyətini davam etdirib.
O cümlədən də gənclər auditoriyasında. Saytların, sosial şəbəkələrin, videobloqların və sairə köməyi ilə. Ən əsası isə bu gənclər qrupunun anladığı dildə.
Bütün bunlar “meynstrim” mediasına düşmürdü, buna görə də cəmiyyətin Qərbyönlü hissəsi bütün bu təbliğatı sadəcə görmürdü və diqqət yetirmirdi. Qərbyönlü ictimaiyyət sadəcə təhlükəli, mütəşəkkil və motivasiyalı düşməni nəzərdən qaçırıb. Bu sürpriz oldu – barbarların gözlənilməz hücumu kimi.
Gürcü gənclər isə bir-biri ilə demək olar ki təmas etməyən iki müxtəlif dünyaya parçalanıb. Bir qism klublara, digər qism isə kilsələrə getməyib. Sosial şəbəkələr hər birinə öz informasiya “köpüyündə” qapanmaq imkanı verir. Dostlar, tanışlar, təhsil və iş həmkarları isə əsasən eyni dünyagörüşünün daşıyıcılarıdır.
İyuıun 5-də bu iki müxtəlif dünyanın toqquşması faciəyə gətirib çıxardı. Və bu faciə çətin ki, sonuncu olsun.