Şəhid ailələri və hakimiyyət arasındakı münaqişə yaxın zamanda çözülə bilər
Şəhid ailələrinə ödənməli olan pul kompensasiyası ətrafında uzun sürən münaqişə çözümə yaxınlaşıb. Qarabağ müharibəsində həlak olan və itkin düşən 100-ə yaxın hərbçi və polis ailəsi ötən ilin oktyabr ayından etibarən mitinq keçirərək kompensasiya tələb edir, hökumət isə bu tələbi rədd edirdi.
• Şəhid ailələrinə ödənməli olan kompensasiya ətrafında yaranan münaqişə haqda təfərrüatlar
Yanvarın 28-də İlham Əliyev mitinqçilərin nümayəndələri ilə görüşüb və onlara kompensasiyanın ödənməsilə bağlı sərəncam verib. Bu haqda Turan informasiya agentliyi görüş iştirakçılarından birinə istinadən yazıb.
Münaqişənin mahiyyəti
2018-ci ilin aprelində İlham Əliyev Qarabağ müharibəsində həlak olan və ya itkin düşənlərin ailəsinə 11 min manat [6470 dollara yaxın] həcmində birdəfəlik kompensasiyanın ödənməsi ilə bağlı sərəncam verib. Oktyabrda ödəmələr başlayıb və məlum olub ki, 100-ə yaxın ailə bu kompensasiyanı ala bilməyəcək, çünki hakimiyyətin versiyasına görə90-cı illərin əvvəllərində onlar bu kompensasiyanı artıq alıblar. Şəhid ailələri isə kompensasiya almadıqlarını bildirir. Haqlarını qorumaq üçün onlar hər həftə prezident aparatı və digər dövlət strukturlarının binaları önündə mitinq keçirməyə başlayıblar. Amma indiyə qədər bu mitinqlər heç bir nəticə verməmişdi.
Prezidentin yeni sərəncamı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.