“Sədərək” bazarında güclü yanğın: 10 nəfər xəsarət alıb, ölən yoxdur
Paylaşmaq
Paylaşmaq
Bakının ən böyük əşya bazarı “Sədərəkdə” baş verən yanğın zamanı 10 nəfər xəsarət alıb. Onlardan doqquzuna yerindəcə tibbi yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıb.
Ticarət mərkəzində təxminən min kvadratmetr ərazilik 60 mağaza yanıb – “Turan” informasiya agentliyi xəbər verib. Bazarın ümumi ərazisi 100 hektardır.
Yanğın fevralın 18-də səhərin erkən saatlarında baş verib. Alovu yalnız iki saat sonra ram etmək mümkün olub.
Yanğının səbəbi hələlik bəlli deyil, amma ticarətçilər hesab edirlər ki, səbəb qısa qapanma ola bilər.
Bakının kənarında yerləşən “Sədərək” bazarında mütəmadi olaraq yanğın baş verir. Bazarda ən son böyük yanğın 2019-cu ilin avqustunda olub.