Rusiya XİN-nin başçısı Abxaziyada yeni səfirlik açacaq və yeni səfiri təqdim edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Abxaziyaya ikigünlük səfər edəcək. Rəsmi olaraq onun səfəri Suxumda Rusiyanın Abxaziyadakı səfirliyinin yeni bina kompleksinin təntənəli açılış mərasimində iştirakla bağlıdır. Plana əsasən, açılış mərasimi bu gün, aprelin 18-də günün ikinci yarasında baş tutacaq.
Səfərin proqramına Lavrovun Abxaziya prezidenti Raul Xadjimba və xarici işlər naziri Daur Kove ilə görüşlər daxildir.
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, əsas müzakirə mövzusu Abxaziyanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və Rusiya-Abxaziya xarici siyasi münasibətlərinin əlaqələndirilməsi məsələləri olacaq.
“Rusiya XİN başçısının Abxaziya Respublikasına səfəri müttəfiqlik və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Abxaziya münasibətlərinin inkişafına əlavə impuls verməlidir”, – deyə Mariya Zaxarova bildirib.
Ehtimal olunur ki, səfər zamanı qeyri-rəsmi şəraitdə Rusiyanın Abxaziyada yeni səfiri təqdim olunacaq. Hazırda Abxaziyada fəaliyyətdə olan, bu vəzifəni 2008-ci ildən, Abxaziyada Rusiya səfirliyi açılan gündən bu vəzifəni tutan səfir Semyon Qriqoryev başqa işə keçir – RF-nin Azərbaycanda səfiri olacaq.
Rusiya Federasiyasının səfirliyi Abxaziyada 2008-ci ilin ikinci yarısında, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra açılıb. Son zamanlara qədər səfirlik icarə olunan mehmanxananın binasında yerləşirdi.
Rəsmi Tbilisi Rusiya XİN başçısının Abxaziyaya səfəri ilə bağlı etirazını bildirib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili dünya ictimaiyyətini Rusiyanın Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazilərində hərəkətlərini pisləməyə çağırıb.
“Xarici dövlət nümayəndəsinin Gürcüstan ərazisinə səfəri və burada istənilən nümayəndəliyin açılışı ancaq Gürcüstan rəhbərliyinin razılığı ilə mümkündür. Əks halda bu cür əməllər təkcə Gürcüstanın deyil, həm də beynəlxalq qanunvericiliyi pozur”, – deyə Giorgi Marqvelaşvili bildirib.