İyulun 28-də Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın əməllərinə qarşı görülmüş cavab tədbirləri haqqında bəyanat dərc edib. Bu, iyulun 27-də ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə kəskinləşdirməyin lehinə səs verəndən və Konqresin razılığı olmadan bu sanksiyaları yumşaltmağı prezidentə qadağan edəndən sonra baş verdi.
Rusiya XİN-in bəyanatında deyilir:
“Sanksiyalar haqda yeni qanunun qəbul edilməsi Rusiya ilə münasibətlərin ABŞ-ın daxili siyasi mübarizəsinin girovuna çevrildiyindən xəbər verir. Yeni qanun qarşısına siyasi metodlardan istifadə edərək qlobal iqtisadiyyatda ABŞ üçün ədalətsiz rəqabət üstünlüyü yaratmaq məqsədi qoyur”.
Rusiyanın cavab tədbirləri aşağıdakılardan ibarətdir:
– Amerikanın Moskvadakı səfirliyinin əməkdaşlarına Moskva kənarındakı bağ evlərindən istifadə etmək qadağan olunur
– ABŞ-ın Moskvadakı səfirliyi anbar kimi istifadə etdiyi məkandan məhrum edilir
– ABŞ-ın Rusiyadakı diplomatik missiyalarındakı əməkdaşların sayı 455 nəfərə çatdırılmalıdır
“Ekspertlərin fikrincə, ABŞ və Aİ-nin Krımın ilhaqından, Donbasda müharibə başladandan və Malayziya “boinqinin” qəzaya uğramasından sonra tətbiq etdikləri sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Qərbdəki Rusiya şirkətlərinin kreditləşmə qaydalarının sərtləşdirilməsi səbəbindən yaranan kredit vəsaitlərinin qıtlığı artıq təxminən 200 milyard dollar təşkil edir”.
ABŞ-ın sanksiyalarının sərtləşdirilməsi haqda yeni qanun prezident Tramp imzalayandan sonra qüvvəyə minəcək.