Ramazan – müsəlmanların mütləq oruc tutduğu ay başlayıb, Azərbaycandakı inanclılar da bu qaydalara əməl edirlər.
Bu ay ərzində inanclı müsəlmanlar səhərdən axşama qədər yeməkdən, sudan və siqaretdən kənar dururlar.
Bu il Ramazan ayının COVID-19 pandemiyası və bununla əlaqədar karantin rejiminin elan olunması ilə üst-üstə düşdüyünə görə hazırkı vəziyyət oruc qaydalarına da təsir edəcək.
Orucun mahiyyəti haqda
Ramazan ayı boyu yalnız sübh tezdən gün işığı özünü göstərmədən və axşam qaranlıq düşəndən sonra yemək-içmək olar.
Orucun məqsədi nəfsinə cihad etmək, inancının gücünü göstərmək və Allahın rəhmini qazanmaqdır.
Hamı oruc tuta bilər – qadınlar da kişilər də, hətta müəyyən yaşdan sonra uşaqlar da.
Orucluq ayının tarixi Qəməri təqvimdən asılıdır və hər il bir neçə gün fərqlə başlayır.
Orucluq eyni adlı bayram şənliyi ilə bitir. 1993-cü ildən Azərbaycanda bu bayram dövlət səviyyəsində qeyd edilir.
Ramazan ayı axşamlar yeyilən yemək “iftar” adlanır və iftarı su və xurma ilə açmaq lazımdır. Adətən orucluq zamanı restoranlar xüsusi iftar menüsü təklif edirlər. Həmçinin iftara qonaq çağırmaq adəti var. Amma bu il restoranlar bağlıdır, Qafqaz Müsəlmanları İdarəsi isə inanclıları qələbəlik süfrələrdən uzaq olmağı və iftarı sadəcə ailə arasında keçirməyi tövsiyə edib.
Hazırda bütün məscidlər də bağlıdır, odur ki, kütləvi namazlar da mümkün deyil.
Oruc özlüyündə orqanizm üçün kifayət qədər ciddi sınaq olduğu, bu zaman immunitet zəiflədiyi üçün sosial şəbəkələrdə bu il ümumiyyətlə oruc tutmağa lüzum varmı sualı ətrafında mübahisələr gedir. Amma dini liderlər orucluğu “təxirə salmayıb”, sadəcə bu zaman sağlamlığı da unutmaq lazım olmadığı haqda xəbərdarlıq ediblər. Quranda da yalnız sağlamlıq imkan verdiyi zaman, insan özünə ziyan vurmadan oruc tutmalı olduğu haqda deyilib. Xəstələrə və orqanizmi zəif olanlara, həmçinin hamilə qadınlara və süd verən analara oruc tutmaq məsləhət deyil. Qədim zamanlarda səfərə çıxan insanlar da orucdan azad edilirdi, indi isə bütün günü sükan arxasında olan sürücülərə də bu şamil edilir.
Azərbaycanda karantin rejimi mayın 4-ü sona çatmalıdır.