Radikallar iki kişinin sevgisindən bəhs edən gürcü filminin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər
8-10 noyabrda Tbilisi kinoteatrlarında “Sonra isə biz rəqs edirdik” (And Then We Danced) LGBT münasibətlər haqda ilk gürcü filmi göstəriləcək. Amma ultrasağçı millətçilər, o cümlədən də kilsə nümayəndələri artıq premyeranın baş tutmayacağını anans ediblər – onlar etiraz aksiyası keçirməyi və kinoteatrların girişlərini qapatmağı planlaşdırırlar.
•Nifrətlə çevrələnmiş həyat. LGBT və onların valideynləri Gürcüstanda
•“Heç vaxt evə sağ qayıdacağına əmin deyilsən”
Səbəb filmin iki kişinin sevgisindən bəhs etməsidir, Gürcüstan cəmiyyətində isə bu, yolverilməz hesab edilir.
Sözügedən filmin müəllifi gürcü əsilli İsveç rejissoru Levan Akindir. Filmdə iki rəqqasın sevgisindən söz açılır.
Film İsveç tərəfindən “Oskar” dəyərləndirilməsinə təqdim olunub.
“Gürcü rəqsində zəifliyin yeri yoxdur”
Filmin süjeti Tbilisidə, gürcü milli rəqslərinin ifa olunduğu Gürcüstanın Milli Ansambl Studiyasında cərəyan edir.
Merab uşaqlıqdan tərəf müqabili Mari ilə rəqs edir.
İrakli adlı gənc studiyanın kandarından içəri addım atandan sonra onun həyatında hər şey dəyişir. Merab ona qarşı meyl hiss edir.
– Bilirsən hara gəlmisən?
– Gürcü milli ansamblına.
– Onda bu sırğanı çıxar da!
Filmin treylerində belə dialoq səslənir. Orada belə bir ifadə də var – “Gürcü rəqsləri igidliyə əsaslanır. Burada zəifliyə yer yoxdur”.
Nümayişdən bir neçə gün əvvəl həm Tbilisidə, həm də Batumidə filmin bütün biletləri satılıb.
Maxatma Qandi kimi
Bu dəqiqə yarımlıq treyler gürcü millətçilərinin Akinin filminə qarşı səfərbər olmasına yetib.
“Yayda biz gey-parada imkan vermədik, indi də bu film nümayişinə imkan verməyəcəyik”, – “Gürcü marşı” millətçi hərəkatının lideri Sandro Breqadze bildirib. O, bir neçə il əvvəl “Gürcü arzusu” iqtidar partiyasının hökumətində diaspora məsələləri üzrə nazir müavini işləyib.
Amma Breqadze onun və həmfikirlərinin “dinc yolla, heç bir zorakılıq olmadan konstitusiya və özünüifadə azadlığı çərçivəsində” film nümayişinin qarşısını alacaqlar.
“Maxatma Qandinin dinc etirazları ruhunda biz gey təbliğatınınyayılmasına mane olacağıq”, – Breqadze “Azadlıq Radiosuna” bildirib.
Gürcüstanın “Gürcü marşı” ultramillətçi təşkilatına Breqadze rəhbərlik edir, üç il əvvəl yaradılıb və səs-küylü aksiyaları və bir sıra insidentlərlə məşhurlaşıb. Məsələn, “Gürcü marşının” qarışdığı insidentlərdən biri Tbilisi küçələrində patrulluq eləmək və miqrantların aşkarlanmasından ibarətdir.
Breqadze ilə birlikdə digər gürcü millətçisi, biznesmen Levan Vasadze də filmə qarşı öz tərəfdarlarını səfərbər edir.
Facebook-da yaydığı video-çağırışda Vasadze öz tərəfdarlarını Tbilisinin mərkəzində, Vera parkında tioplaşmağa və “yalın əllə, aqressiyasız kinoteatr binalarına girib, seanslara mane olmağa” çağırıb.
O, həmçinin kinoteatrların sahibi Qiya Bazqadzeyə də müraciət edib:
“Qiya, mən səni əsl kişi hüsab edirəm və bu filmin sənin kinoteatrlarında göstəriləcəyini biləndə təəcübləndim. Əgər səni kimsə qorxudubsa və ya bunu etməyə məcbur edibsə, de və bütün Gürcüstan səni müdafiə edəcək”, – Vasadze Akinin filminin nümayiş etdiriləcəyi kinoteatrların sahibinə müraciət edib.
Kreml ideoloqu Aleksandr Duqinə yaxın olan gürcü biznesmen Levan Vasadze Gürcüstanda Rusiya maraqlarının daşıyıcısı hesab olunur və özünü artıq çoxdan qatı homofob kimi göstərib. Bu yaxınlarda o, LGBT birliyi nümayəndələrinin cəzalandırılması üçün dəyənəklə silahlanmış dəstələrin yaradılacağını anons edib.
Kilsə də filmə qarşı çıxır. Baxmayaraq ki, kilsə nümayəndələri özləri bu yaxınlarda nüfuzlu din xadimi yepiskom Petre və digər din xadimləri tərəfindən səsləndirilən “pedofiliya və uşaqbazlıq” ittihamlarının yer aldığı qalmaqalın içində yer almışdı.
Gürcüstan Patriarxlığının mətbuat katibi Andria Caqmaidze “TV Pirveli” telekanalına müsahibəsində bildirib ki, “Bu film geylərin məhəbbəti haqdadı və yolverilməzdir. Kilsənin cavabı ciddi olacaq”.
Gürüstan DİN-dən “Azadlıq Radiosu”na bildiriblər ki, qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanları ictimai asayişi qorumaq və film nümayişinə gələn publikanın təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəklər.
___________
Rejissor Levan Akin Gürcüstan mediası ilə söhbətində deyib ki, bu filmin yaradılmasına onu Gürcüstanda LGBT birliyi nümayəndələrinə münasibətdə yaranan bu ağır vəziyyət təhrik edib.
Akin 2013-cü il mayın 17-i xatırlayır.
Beynəlxalq təqvimdə Homofobiya və Transfobiya ilə Mübarizə Günü kimi qeyd olunan həmin gün Tbilisidə kilcə nümayəndələri və radikallar vətəndaşları fərqli seksual oriyentasiyalı insanlara qarşı tolerantlığa və dözümlülüyə səsləyənn aksiyaya mane olublar.
O zaman polis aksiyaya çıxan homofobiyaya qarşı mübarizə aparan yüzlərlə fəalı onları məhv etməyə hazır olan dini fanatilərin və neonasist qrupların əlindən çətinliklə xilas edib. Polisin LGBT fəallarını hadisə yerindən uzaqlaşdırdığı avtobuslar daşqalaq edilib.
Akin deyir ki, o, izdihamın aqressivliyindən heyrətə gəlib və məhz o zaman bu mövzuda film çəkmək qərarına gəlib.
Gürü radikalları son bir neçə ildə xüsusilə fəallaşıbıar.
Müxalifət, qeyri-hökumət təşkilatları və cəmiyyətin bir hissəsi Gürcüstan rəhbərliyini radikalların əməllərini “ört-basdır etməkdə” və onları öz siyasi maraqları üçün istifadə etməkdə, o cümlədən də hökumətə qarşı keçirilən nümayişlərə əks aksiyaların təşkil olunmasında onlardan yararlanmaqda günahlandırir.
“Sonra biz rəqs edirdik” filminin premyerası 2019-cu ilin mayında Kann festivalında, Director’s Fortnight müstəqil seksiyası çərçivəsində baş tutub və bundan sonra filmin nümayişi üçün qırxa yaxın ölkə lisenziya əldə edib.
Film artıq on beş beynəlxalq mükafata layiq görülüb. Baş rolun ifaçısı Levan Qelbaxiani Kann kinofestivalının “ən cəzbedici istedadlar” siyahısına daxil olub – 2019-cu ildə o, həmçinin İspaniyanın Valyadolide şəhərində keçirilən 64-cu Beynəlxalq Kinofestivalda (Valladolid International Film Festival) “Ən yaxşı kişi rolu” nominasiyasında qələbə qazanıb.
Film Gürcüstanın Takes Film və İsveçin French Quarter Film şirkətlərinin müştərək məhsuludur