Gölməçəyə çevrilmiş buz meydançası
N
ərgiz konkilərinin iplərini bağlamağa çalışır, lakin onlar hər dəfə qırılırlar. Bu təkrarlanan yuxunu o uzun illərdir ki, görür.
Onun 42 yaşı var, İstanbulda yaşayır və Latın Amerikası rəqsləri üzrə dərs deyir. Yaşadığı evdən bir az kənarda həvəskarlar üçün buz meydançası var, lakin Nərgiz özünü ora getməyə məcbur edə bilmir. Fiqurlu konkisürmə onun üçün hələ də ağrılı mövzudur.
• Qadın-fotoqraflar özlərindən və öz peşələrindən danışır
1990-cı ildə Bakıda yeni idman-sərgi kompleksi açıldı. Orada buz meydança və fiqurlu konkisürmə bölməsi vardı. Havanın hərarətinin, demək olar ki, heç vaxt 0 dərəcədən aşağı düşmədiyi cənub şəhərinin miqyasına görə, bu əsl görünməmiş möcüzə idi.
Nərgiz 12 yaşında bu bölməyə yazıldı. Maraqlandığı üçün və rəfiqələri ilə birlikdə həvəsə düşüb gəlmişdi. Və dərhal buza aşiq olmuşdu.
“Mən məşqdən məşqə yaşayırdım. Belə başa düşürəm ki, bu, heç də xoşbəxt zamanlar deyildi. Lakin o vaxtlar buz mənim üçün mütləq mənada xoşbəxtliyin mənbəyi idi”.
Bir sinifdə oxuduğu oğlanlar onu ələ salırdılar: “Gəl biz sənə buzlu su tası gətirək, bacarığını göstərərsən”. Lakin Nərgiz fikir vermirdi – qoy ələ salsınlar. Əsas odur ki, günorta saat 11-ə kimi tab gətirsin.
Düz saat 11-də o, avtobus dayanacağına tələsəcəkdi.
Nərgiz SSRİ-nin dağıldığını və ölkədə özbaşınalığın hökm sürdüyünü anlamaq üçün hələ çox gəncdir. Lakin o bilir ki, nəqliyyat pis işləyir və avtobuslar az qala həmişə ağzınadək adamla dolu olur. Lap bədəninin yarısını olsa belə avtobusa salıb, elə qapıdan asılı vəziyyətdə getsə də artıq yaxşıdır. Bir çiynində məktəb çantası, digərində konkilərin və məşq geyiminin olduğu çanta ilə.
Cırıldayıb guruldayaraq avtobus Tbilisi prospekti ilə hərəkət edir və budur, nəhayət, qarşıda nəhəng boz təbilə bənzəyən idman kompleksinin binası görünür.
Məşqlər axşam saat beşə-altıya qədər davam edirdi. Əvvəlcə zalda isinmə hərəkətləri, dartınma, balet dərsləri. Sonra qızlar buz meydançaya çıxırdılar ki, burada onları məşqçi Əmir Qasımoviç elə də şadyanalıqla qarşılamırdı. Çox gənc oğlan, məşhur fiqurlu konkisürmə ustası Zaytsevin tələbəsi hələ heç özü də doyunca konki üstündə dayanmadan zədə üzündən idman karyerasından vaz keçməli olmuşdu.
“O zaman mən ilk dəfə başa düşdüm ki, idmanda əsas istedad, yaxud da əməksevərlilik deyil, əsas olan bəxtdir. Bəxt Əmir Qasımoviçin üzünə gülümsəməyib və bu, onun bizə olan münasibətində özünü göstərirdi. O, tez-tez bizə qarşı kəskin və hətta kobud olurdu. Lakin buna baxmayaraq, biz onu sevirdik, çünki o, bizi öyrədirdi. Həm də ona görə ki, daha sonralar gəlmiş ikinci məşqçi ondan da pis idi – heç nə izah etmirdi, yalnız üstümüzə qışqırır və arıqlamağımızı tələb edirdi”.
Onların üstünə, ümumiyyətlə, daim qışqırır, təhqir edir, olmazın sözlərlə söyür və yaşlarına görə heç bir güzəşt etmirdilər. Lakin dünyada heç bir şey Nərgizi məcbur edə bilməzdi ki, öz xoşuna məşq buraxsın.
F
iqurlu konkisürmə üçün qəşəng paltarları almağa pul yox idi, əslində, almaq üçün elə bir yer də yox idi. Kostyumlar köhnə paltarlardan, ya da az-çox uyğun gələn parçalardan tikilirdi.
“Mənim hətta paraşütdən tikilmiş paltarım vardı. Hərbi həkim olmuş babamın qardaşı bir dəfə parlaq narıncı rəngdə silinmiş paraşüt gətirmişdi və mənə ondan paltar tikdilər. Soyunub-geyinmə otağından buz meydançaya qədər çatmaq üçün konkiyə geydirilən xüsusi çexollar isə ələ düşən, hamının ala biləcəyi şey deyildi. Onların əvəzinə mən rezin parçalarından istifadə edirdim – konkilərə rezinləri iplə bağlayırdım. Rəiqələrimdən birinin atası fikirləşib tapmışdı bunu”.
N
ərgizin 14 yaşı vardı. Qısa yay tətilindən sonra fiqurlu konkisürən qızlar bölməyə qayıtdılar və gördülər ki, buz meydança artıq yoxdur.
“Mən sona kimi gözlədim ki, buz meydança yenidən düzələcək. Hətta özüm direktorla danışmağa getmişdim. İnanmırdım ki, belə bir şey mümkündür, tələb edirdim ki, məşq zalını mənə göstərsinlər. Mənim üçün onu açdılar və buz meydançamızın yerində iri gölməçə gördüm. Bu dəhşətli idi. Həmin an özümü itirdim”.
Bəs nə baş vermişdi?
Buz meydançasının soyutma sistemi keyfiyyətsiz olub və sıradan çıxıb. Əvvəllər dövlətin balansında olan idman kompleksi özünümaliyyələşdirməyə keçib. Buz meydançanı saxlamaq əlverişsiz olub.
Bütün bunları bir vaxtlar kabinetinə 14 yaşlı Nərgiz tərəfindən “hücum edilmiş” Rafiq Behbudov – həmin o direktor deyir. O, indiyə qədər də artıq “Heydər Əliyev adına idman-konsert kompleksi” adlanan həmin idman kompleksinə rəhbərlik edir. 2015-ci ildə buranı əsaslı təmir ediblər və burada hazırda idmanın müxtəlif növləri üzrə yarışlar və iri sənaye sərgiləri keçirilir.
Buz meydançanın bərpasından da danışırdılar. Lakin bu baş vermədi. Çünki peşəkar buz meydançasını saxlamaq əziyyətli və bahalı işdir, fiqurlu konkisürmə isə Azərbaycana çox qeyri-xas idman növüdür ki, buna görə bu qədər əziyyət çəkəsən.
Nəticə etibarilə, hazırda Azərbaycanın öz fiqurlu konkisürənləri yoxdur. Beynəlxalq yarışlarda isə ölkəmizi legionerlər təmsil edirlər. Hərçənd, Nərgizin fikrincə, hər şey başqa cür ola bilərdi:
“Bölməmizdə çox istedadlı qızlar var idi. Ola bilsin ki, biz ulduz olmaya bilərdik. Lakin yaxşı məşqçilər olub özümüzün yeni nəsil fiqurlu konkisürənlərini yetişdirə bilərdik. Legioner heç vaxt öz ölkəsini təmsil edən idmançı qədər motivasiyalı ola bilməz”.
Bəzən – çox nadir hallarda – Nərgiz yuxularında buzun üzərinə çıxdığını, yüngül və əmin hərəkətlərlə sürüşdüyünü, mürəkkəb tullanışlar etdiyini görür. Sevinir ki, bu qədər il keçdikdən sonra buzda sürüşməyi unutmayıb.