Qasım Süleymani kim idi? Onun ölümü nələrə səbəb ola bilər?
Bağdad aeroportu ərazisində avtomobil kolonuna raket zərbəsi nəticəsində İran generalı Qasım Süleymani həlak olub. Hücum əmrini ABŞ prezidenti Tramp verib.
The Guardian İranın ən nüfuzlu liderlərindən birinin hekayəsini danışıb və onun məhvinin mümkün nəticələrini analiz edib.
• İran üsyanı – nəyə və kimə qarşı?

62 yaşlı general Qasım Süleymani nisbətən yaxın keçmişdə ictimai fiqura çevrilib. Baxmayaraq ki, son 20 ildə çox az adam İran, İraq, Suriya və Livandakı hadisələrə onun qədər təsir edə bilib.
“O, prezidentdən daha nüfuzlu idi, İranın ali dini liderinə birbaşa çıxışı vardı və ən müxtəlif qruplaşmalarla əlaqə saxlayırdı. Onu prezident kürsüsünə namizəd kimi nəzərdən keçirirdilər”, – politoloq Dina İsfəndiari bildirir.
Süleymani İranın İslam İnqilabı Keşikçiləri Korpusuna daxil olan “Qüds” qüvvələrinə komandanlıq edirdi. “Qüdsün” vəzifəsi İranın təsirini digər ölkələrdə yaymaqdan ibarətdir.
Süleyman bu vəzifədə aşağıdakılarla məşğul olub:
• Livandakı ən güclü silahlı qruplaşma olan “Hizbullahın” möhkəmləndirilməsi;
• Yəməndə qiyamçı husitlərdən ibarət hərbi dəstələrin yaradılması;
• Suriya diktatoru Bəşər Əsədin dəstəklənməsi;
• İraqda şiyə silahlı qruplaşmalarının təşkil olunması.
Avtobioqrafiyasında Süleymani Rabor şəhərində sadə ailədə doğulduğu, ailəsinin şah hökumətinə borclarını ödəməsi üçün kömək etmək məqsədilə 13 yaşındaykən qazanc dalınca getdiyi haqda yazıb. 1979-cu ildə şah devriləndən sonra əks-inqilabın qarşısını almaq məqsədilə yaradılan İran İslam İnqilabı Keşikçiləri Korpusu sıralarına daxil olub.
18981-ci ildə İraqla müharibə zamanı Süleymani cəbhəyə göndərilib və orada yaralanıb. Orada o, ilk dəfə başqa ölkələrin ərazisində şiə silahlı dəstələrinin yaradılması təcrübəsinə yiyələnib. Növbəti 20 il ərzində o, regionun praktiki olaraq bütün ölkələrində bu təcrübəni tətbiq edib.
2003-cü ildə Amerikanın İraqa müdaxiləsi başladığı zaman Süleymani artıq “Qüds” xüsusi qüvvələrinə komandanlıq edirdi. Məhz onun dəstəklədiyi şiə dəstələri amerikalılara qarşı ən sərt müqavimət göstərmiş və minlərlə sünni iraqlını öldürmüşdü.
Onun Amerikanın İraqdakı qüvvələrinin komandanı general Petreusa yazdığı birbaşa, açıq təhdid məktubu məşhur olub. Həmin məktub bu sözlərlə başlayır:
“Mən Qasım Süleymani İranın Livanda, İraqda, Qəzza bölgəsində və Əfqanıstandakı siyasətinə cavabdehəm…”
General Qasım Süleymani yalnız Suriya, Livan, İraq kimi xarici ölkələrdə yox, həm də İranın özündə 2009-cu ildə və 2019-cu ilin payızında vətəndaş etirazlarının yatırılmasına görə şəxsən məsuliyyət daşıyır.
Onun rəhbərlik etdiyi şiə qruplaşmaları ilə toqquşmalar zamanı həlak olanların sayı on minlərlə ölçülür.
İl yarım əvvəl Süleymani prezident Trampa ünvanlı video-müraciət yaymışdı. Bu müraciətdə kamuflyaj geyinmiş general deyir:
“Siz qumarbazsız. Amma mən xəbərdarlıq edirəm: biz sizə gözləmədiyiniz yerdə zərbə endirəcəyik. Siz müharibə başladacaqsız, amma biz onu bitirəcəyik”.
Qasım Süleymani öz təhdidini həyata keçirməyə macal tapmayıb.
İranın ali lideri Ayətullah Xamenei bəyan edib ki, “Birləşmiş Ştatlar Süleymaninin ölümünə görə çox sərt şəkildə cavab verməli olacaq”.