Qarabağın statusu – hansı perspektivlər və variantlar mövcuddur? Bakıdan baxış
“Status cəhənnəmə getdi”, – Azərbaycan prezidenti İlham Əliyev deyir.
“Qarabağın statusu dəyişməz qalmalıdır və gələcəkdə həllini tapmalıdır”, – Rusiya prezidenti Vladimir Putin deyir.
“Dağlıq Qarabağın statusu nizamlanmamış məsələlərdən biri olaraq qalır”, – Ermənistanın baş naziri Nikol Paşinyan deyir.
Bu “status” 1992-ci ildən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə bütün danışıqların təməl daşıdır. Münaqişə tərəfləri üçün hər şeydən vacib olan atəşkəs deyil, qoşunların geri çəkilməsi deyil, qaçqınların qayıtması deyil, cəbhə xətti boyunca ərazilərin qarşılıqlı minalardan təmizlənməsi deyil, məhz bu “status” məsələsidir.
“İnsanlar sözlərin mənası ilə bağlı razılığa gələ bilsəydilər, problemlərinin yarısından qurtulmuş olardılar”, – bu, Rene Dekartın aforizmidir. Məlum olur ki, Ermənistan, Azərbaycan və Rusiyada “status” sözünün mənası fərqli anlaşılır.
Azərbaycanda çoxları hesab edir ki, Ermənistan “status” sözü altında “Miatsum” nəzərdə tutur. Yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tam şəkildə Ermənistana birləşməsini. Bununla yanaşı formal olaraq Dağlıq Qarabağ müstəqil dövlət elan oluna da bilər.
Azərbaycanda isə çoxları “status” sözünü Qarabağ ermənilərinin tam inteqrasiyası, onlara Azərbaycan pasportlarının verilməsi kimi anlayırlar. Yəni “Xankəndi (Stepanakert) rayonu” Bakıdan təyin olunmuş icra hakimiyyəti başçısı ilə. Bununla yanaşı “böyük səxavətlə” “mədəni muxtariyyətə” və erməni dilində məktəblərə razılaşırlar.
Putinin və Lavrovun sözlərindən nəticə çıxarsaq, belə görünür ki, Rusiyada “status” deyərkən Rusiya qoşunlarının Xankəndi (Stepanakert), Laçın və Xocalıda daima qalması nəzərdə tutulur. Kazarma və poliqon inşaatının miqyası dolayısı ilə RF-nin dörd ildən sonra Qarabağdan getmək niyyətində olmadığını göstərir.
Mənə məlum olduğu qədərincə, qarabağlı ermənilərin böyük əksəriyyəti Azərbaycan tərkibində hər hansı “status” haqda düşünmək belə istəmir. Hərçənd, Azərbaycan Milli Məclisinin Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev bildirir ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan qarabağlı ermənilər ona müraciət edir və Azərbaycan vətəndaşlığı almaq istəyirlər. Ən azından belə cəhdləri təsdiqləyən bir fakt var. Sentyabrın əvvəlində Şuşa qaçqını erməni İzaura Balasanyan uşaqları ilə birlikdə Şuşa şəhərinə, öz evinə gəlmək, Azərbaycan tərəfinin himayəsi altına keçmək istəyib, amma Rusiya sülhməramlıları tərəfindən saxlanılıb və yerli de-fakto hakimiyyətə təhvil verilib. O, bu addımını ağır maddi vəziyyəti ilə izah edib. İstənlən halda, belə faktlar tək-tükdür və onları hesaba almamaq da olar.
Bir neçə il əvvəl mən “Əgər Qarabağ qayıdarsa” başlıqlı məqalə yazmışdım və qarabağlı ermənilərə “ən yüksək muxtariyyət statusu” verilərsə, hansı çətinliklərlə üzləşəcəyimizi təsvir etmişdim.
O zaman muxtariyyətin müxtəlif modelləri haqda danışılırdı: Aland adaları, Cənubi Tirol, Şimali İrlandiya və sairə. Rəsmi Yerevan və qarabağlı ermənilər bütün bu modelləri rədd edirdilər.
İndi ikinci Qarabağ müharibəsinin nəticələrindən sonra isə mən anlayıram ki, heç bir “ən geniş muxtariyyət” ola bilməz. Hətta “ən dar” da. Çünki hər iki münaqişə tərəfində vətəndaşların böyük əksəriyyəti bu variantı qəbul etmir. Azərbaycanda hesab edirlər ki, “məğlubların canı cəhənnəmə”, Ermənistanda isə əmindirlər ki, Azərbaycanın tərkibində muxtariyyət qarabağlı ermənilərin öz müqəddaratını təyin etmək hüququnu pozur və Qarabağ tarixi erməni torpaqlarıdır.
Mən hesab edirəm ki, ərazi və statusla bağlı problemlərin iki, daha doğrusu üç həlli variantı var, amma üçüncü ən arzuolunmazdır.
- Birincisi, ərazilərin dəyişdirilməsi. Azərbaycan Xankəndi, Ağdərə, Xocavənd, Laçın dəhlizi və Gəncəsər rayonunu Araz çayı boyunca eyni sahədə ərazi – yəni “Zəngəzur dəhlizi” (Azərbaycanın eksklavı Naxçıvanla əlaqəsi üçün) müqabilində Ermənistana verir. Laçın dəhlizinin statusu (Qarabağın Ermənistanla əlaqəsi) ayrıca razılaşdırıla bilər. Təklif yeni deyil, “Qobl planı” adlanan bu təklif Amerikanın Ki-Vest şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda fəal müzakirə edilib. Heydər Əliyev tərəfindən rədd olunub.
- İkincisi, hərbi əməliyyatların növbəti mərhələsi və əksəriyyətinin Azərbaycan vətəndaşlığı qəbul etmək istəməyəcəyi erməni əhalinin Qarabağdan deportasiyası. Bu, çox qəddarca səslənir, amma düşünsək, bu da stabilliyə doğru yoldur. Axı Ermənistanda azərbaycanlı əhali qalmayıb. Əlbəttə, Azərbaycan bu halda güclü beynəlxalq təzyiqlə, çox güman ki, sanksiyalarla qarşılaşacaq. Buna görə də bu variantı istisna etmək yaxşı olardı.
- Nəhayət, düşünmək belə istəmədiyim üçüncü variant: hazırkı status-kvonun sonsuzluğa qədər uzadılması. Rusiya qoşunlarının ərazidə qalması, onların iştirakının Ermənistan-Azərbaycan sərhədi boyu genişlənməsi (bəhanələr tapılacaq) mümkündür.
Putin deyir ki, əvvəlcə Qarabağda dinc həyatı yoluna qoymaq lazımdır. Amma necə? 2020-ci il 10 noyabr bəyanatının yeddinci maddəsində UNHCR iştirakı ilə qaçqınların evlərinə qaytarılmasını nəzərdə tutulub. Bir il keçib, amma UNHCR hələ heç qaçqınların “inventarlaşdırılmasına” da başlamayıb. Mən bilirəm ki, Azərbaycanda bir çox qaçqınlar, xüsusən də yaşlı nəsl öz torpaqlarına qayıtmaq arzusu ilə alışıb-yanırlar. Amma sülh sazişi imzalanmadan və ərazilər minalardan təmizlənmədən onları ora göndərmək, yumşaq desək, məsuliyyətsizlikdir.
İndi bir az fantaziyamıza güc verək.
Tutaq ki, qarabağlı ermənilər “yüksək status”a və Azərbaycanın tərkibində yaşamağa razılaşdılar. Bir məsələ məni düşündürür: onların uşaqları hansı dərsliklərlə təhsil alacaqlar? Əlbəttə, dəqiq elmlərlə bağlı problem yoxdur, bəs tarix necə olacaq?
Yeri gəlmişkən, bu, münaqişənin tranformasiyasının istiqamətlərindən biridir. İndidən artıq əhalinin bu qrupları, xüsusən də qaçqın uşaqları üçün “neytral, qərəzsiz” dərsliklərin hazırlanması üzərində işə başlamaq lazımdır.
İkinci mühüm istiqamət. Mənə tez-tez sual verirlər ki, “sən Qarabağ ermənilərinə xüsusi status təklif edirsən, onların tatlardan, ləzgilərdən, talışlardan və Azərbaycandakı digər etnik azlıqlardan nələri artıqdır?” Mən həqiqətən hesab edirəm ki, bütün qarabağlılara – həm ermənilərə, həm də azərbaycanlılara xüsusi müvəqqəti status lazımdır. Səbəb sadədir – bura postmünaqişə ərazisidir. Gələcəkdə isə, əlbəttə, mən istəyərdim ki, bələdiyyələrin real səlahiyyətləri olsun, demokratik mer və qubernator seçkiləri keçirilsin, bütün etnik azlıqların dillərinin və mədəniyyətlərinin qorunması üçün dövlət proqramı reallaşdırılsın.
“Status” sözü Azərbaycanda nifrət oyada bilər, axı Əliyevin dediyinə görə, o, “cəhənnəmə gedib”. Nə olsun ki? Adını başqa cür də qoymaq mümkündür, məsələn, “azad iqtisadi zona”. 10 il müddətinə vergidən azad etmək olar. Səlahiyyətlər isə danışıqlar predmetidir.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.